Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:13

Manatın 'üzməməsinin' xeyri və ziyanı...


E.Rüstəmov

Bu günlər Mərkəzi Bankın sədri Elman Rüstəmov bank sistemindəki vəziyyət, manatın məzənnəsinin sabit saxlanması və inflyasiyanın aşağı olması ilə bağlı açıqlamalar verib.

Milli Bankın rəhbəri qeyd edib ki, neft istehsalçısı ölkələrin çoxunda məzənnə sabitdir.

Ekspertlərə görə, həmin açıqlamaya əsasən düşünmək olar ki, manatın məzənnəsi hələ bir müddət sabit qalacaq.

«Əsasən neft istehsalçısı olan 30 ölkədə valyutalarının sabit rejimdə olması doğrudur. Amma söhbət hansı ölkələrdən gedir? O ölkələrdən ki, neft və qazdan başqa dünya bazarına elə bir əhəmiyyətli mal, xidmət çıxara bilmirlər».

Bunu AzadlıqRadiosuna bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. Ekspert hesab edir ki, bu, əslində ölkə iqtisadiyyatının neftdən asılı vəziyyətdə olması və qeyri-neft sektorunun lazımi tempdə inkişaf edə bilmədiyinin etirafıdır.

Ə.Həsənov əlavə edib ki, dövlət başçısı özü də bu il oktyabrın 15-də keçirdiyi son iqtisadi müşavirədə qeyri-neft sektorunun inkişaf tempindən narazılıq edib: «Bu o deməkdir ki,... manat da neftdən asılıdır. Manatı sərbəst buraxa bilmirlər ki, neftin qiyməti iqtisadi qanunlardan asılı deyil, daha çox geosiyasi amillərdən, münasibətlər sistemindən asılıdır».

Ə.Həsənov
Ə.Həsənov

«Təhlükəlidir...»

Ə.Həsənovun fikrincə 2015-ci ildə baş verən iki devalvasiyadan (manat dollar qarşısında iki dəfə dəyər itirdi ) sonra da ölkədə qeyri-neft sektoru lazımı səviyyədə inkişaf edə bilməyib. Onun təxminlərinə görə, bu da manatın sərbəstliyinə imkan vermir: ​«Bir tərəfdən, manatın «üzməsini» istəyirik, digər tərəfdən isə, məzənnə tamamilə neftin qiymətindən asılıdır. Bu halda manat daim kəskin şəkildə bahalaşıb-ucuzlaşır. Bundan başqa da dünya bazarına heç nə çıxara bilmirik. İndi qeyri-neft sektorundan, kənd təsərrüfatı mallarından nələrsə dünya bazarına çıxarılır, amma bu, elə də ciddi sayılmaz».

«Biz öz gələcəyimizi yalnız neftlə bağlaya bilmərik»

Ə.Həsənov hesab edir ki, manatın dollara nisbətdə uzun müddət 1.70 həddində saxlanması təhlükəlidir: «Çünki bu, insanlarda əminlik hissi yaradır. Bunun acı nəticəsini 2015-ci ildə görmüşük».

Ekspertə görə, hətta manatın dollara nisbətdə məzənnəsinin uzun müddət belə qalması özü iqtisadiyyatın ağır vəziyyətdə olmasının göstəricisidir: «Ölkənin iqtisadi gələcəyi ürəkaçan deyil, bu isə heç neftin qiymətiylə də bağlı deyil. Bizdə neftin ixracı da ilbəil azalır. Bu baxımdan biz öz gələcəyimizi yalnız neftlə bağlaya bilmərik».

Ə.Həsənov daha sonra mövcud vəziyyəti belə dəyərləndirib: «Sahibkarlığın inkişafı üçün mülkiyyət hüququnun qorunması, öhdəliklərin icrası, sağlam rəqabət və müstəqil məhkəmə sistemi kimi təməllər lazımdır...».

«İlin axırına kimi mən ciddi problem görmürəm»-deputat

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə E.Rüstəmovun fikirləriylə razı olduğunu bildirib:

V.Əhmədov
V.Əhmədov


«Birincisi, inflyasiyanın yüksək olmaması, gələn il üçün də inflyasiyanın 4.3 faiz həddində proqnozlaşdırılması – bu, yaxşı haldır. İkincisi də, manat sabit qaldıqca müəyyən qədər həm ixracda, həm idxalda, həm də daxili proseslərdə problem yaranmır, insanlar arxayın işləyirlər. Hər bir devalvasiyada, milli valyutanın dəyərdən düşməsiylə dövlət, elə əhali özü də çox ciddi problemlərlə üzləşir. Necə ki, bununla 2015-ci ildə iki devalvasiya ilə üzləşdik».

V.Əhmədovun fikrincə, Azərbaycanda manatı qorumağa imkan var: «İlin axırına kimi mən ciddi problem görmürəm».

Onun fikrincə, neftin qiyməti aşağı deyil, pul kütləsinə də Mərkəzi Bank nəzarət edir: «Amma gələcəkdə hesab edirəm ki, ümumiyyətlə, gec-tez biz «üzən məzənnə» rejiminə keçməliyik. Buna «üzən kurs» deyirlər. İndi, hələlik, tənzimləmə rejimi aparıcıdır. Bazara əlavə dollar buraxmaq yolu və digər yollarla manatın məzənnəsi tənzimlənir».

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki (fevral və dekabr aylarında) devalvasiya baş verib və manat dollar qarşısında iki dəfə dəyər itirib. Sonra rəsmilər manatın «üzən məzənnə» rejiminə keçdiyini açıqlayıb. Amma 2017-ci ilin ortalarından manatın məzənnəsi sabit qalmaqdadır. O vaxtdan 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG