Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:33

Trump-ın keçmiş kampaniya rəhbəri təqsirini etiraf edir


Paul Manafort
Paul Manafort

Prezident Donald Trump-ın keçmiş kampaniya başçısı və uzun illərdir lobbiçilik biznesi ilə məşğul olan Paul Manafort cinayətə qəsd və şahidlərə təsirə görə ona qarşı sürülmüş ittihamlar üzrə təqsirini etiraf edib. Prokurorluq bildirir ki, o habelə ABŞ seçkisinə Rusiyanın iddia olunan müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-lə əməkdaşlığa razılıq verib.

Manafort etiraf ifadəsini Vaşinqton Dairə Məhkəməsində sentyabrın 14-də, özünün ikinci federal mühakiməsinə bir neçə gün qalmış verib.

Prokuror Andrew Weismann məhkəməyə deyib ki, ittiham tərəfi ilə əldə olunmuş razılaşmaya habelə “əməkdaşlıq sazişi” daxildir. Təhlilçilər bildirirlər ki, bu hadisə prezident Trump üçün böyük hüquqi “başağrısına” çevrilə bilər.

Lakin nə Weismann-ın şərhlərindən, nə də məhkəmə sənədlərindən bu əməkdaşlığın təbiəti məlum olmur.

Buna baxmayaraq təqsirin etirafı və əməkdaşlıq söhbəti Manafort-un işində kəskin dönüş sayıla bilər. O ötən ay Virciniya federal məhkəməsində bank və vergi fırıldağında ittiham olunub.

Virciniya işində olduğu kimi Vaşinqtonda keçirilməli olan məhkəmədə də Manafort-a qarşı onun Trump-la seçki əməkdaşlığından əvvəlki dövrdəki fəaliyyəti ilə bağlı ittihamlara baxılmalıdır.

Ağ Evin sözçüsü Sarah Sanders bu hadisə ilə bağlı bəyanatında məhz bu məqamı qabardıb:

"Bunun prezident və ya onun 2016-cı ildəki müzəffər kampaniyası ilə heç bir bağlılığı yoxdur. Bunlar tamamilə əlaqəsizdir”.

Mueller Manafort-u şahidlərə təsir göstərməkdə ittiham edərkən həm də Ukraynada Manafort-un işgörəni sayılan Konstantin Kilimnikə qarşı ittihamlar irəli sürmüşdü. Mueller iddia edirdi ki, Kilimnikin Rusiyanın kəşfiyyat orqanları ilə bağları var.

Manafort-un təqsirini etiraf etməyə razılaşması onu Vaşinqton məhkəməsi tərəfindən əlavə olaraq azadlıqdan məhrum edilməkdən qurtara bilər.

Lakin 14 sentyabrda açıqlanmış məhkəmə sənədlərində deyilir ki, Manafort-un dörd mülkü federal hökumətin nəfinə müsadirə edilə bilər.

Virciniya mühakiməsi Mueller-in ittihamları ilə məhkəməyə çatmış ilk işdir və jürinin Manfort-a qarşı 18 ittihamdan 8-ni tanıması xüsusi prokuror üçün böyük uğur sayılır.

Mueller-in təhqiqatı indiyədək, Trump-ın ilk milli təhlükəsizlik müşaviri Michael Flynn də daxil 32 nəfərə qarşı cinayət işləri ilə nəticələnib.

Bu təhqiqatın gedişində Trump-ın şəxsi vəkili Michael Cohen təqsirini etiraf edib.

***

ABŞ mediasının verdiyi xəbərə görə prezidenti Donald Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort xüsusi prokuror Robert Mueller-lə təqsirin etirafına dair ilkin sazişə daxil olub. Bu onu ikinci məhkəmə prosesindən azad edə bilər.

ABC News sentyabrın 13-də bildirib ki, əgər belə bir razılaşma təsdiqlənərsə, bu barədə sentyabrın 14-də rəsmən elan olunacaq.

Xəbərdə deyilir ki, Manafort-un prokurorlarla əməkdaşlığa razılıq verdiyi, yoxsa müəyyən və ya bütün ittihamlar üzrə təqsirin etirafı sazişinə girdiyi hələlik bilinmir.

Reuters xəbər verir ki, razılaşma “çox yaxındır, lakin hələlik yekunlaşdırılmayıb”.

Manafort-un Vaşinqtonda keçiriləcək məhkəməsi üçün jüri heyətinin seçkisi sentyabrın 17-də başlanmalı idi.

Uzun müddət lobbiçiliklə məşğul olmuş Manafort Ukraynadakı rusiyayönlü siyasətçilər üçün xidmətlərinə görə xarici agent kimi qeydiyyatdan yayınmaqda ittiaham olunur.

Əgər ikinci mühakimə keçirilərsə, onun vaxtı Virciniya məhkəməsinin Manafort barədə hökmündən bir ay sonraya təsadüf edəcək. O bu mühakimədə bank fırıldaqçılığı və başqa maliyyə cinayətlərində ittiham edilir. Jüri digər 10 ittiham barədə konkret nəticəyə gələ bilməyib.

Mueller-in təhqiqatı Trump-ın ilk milli təhlükəsizlik müşaviri Michael Flynn də daxil 32 nəfərə qarşı cinayət ittihamlarının irəli sürülməsi ilə nəticələnib. Bu təhqiqat üzrə işdə habelə Trump-ın uzun illər vəkili olmuş Michael Cohen də təqsirin etirafı barədə sazişə girib.

Trump-ın kiçik rütbəli müşavirlərindən George Papadopoulos federal müstəntiqlərə yalan danışdığına görə sentyabrın 7-də 14 gün müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG