ABŞ mediası xəbər verir ki, Rusiyanın prezident seçkisinə müdaxiləsinin təhqiqatı əsnasında, FTB prezident Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort-un Virciniyadakı evində axtarış aparıb.
Təhqiqatla tanış adamlardan alınmış məlumatlara istinad edən The Washington Post avqustun 9-da yazıb ki, FTB xəfiyyələri iyulun 26-da sübhün erkən saatlarında keçirdikləri axtarışda sənəd və başqa materialları müsadirıə ediblər.
Hadisədən xəbəri olan şəxs The New York Times qəzetinə deyib ki, xəfiyyələr evdən vergi sənədlərini və bank kağızlarını aparıblar.
Manafortun sözçüsü ABŞ mediasına təsdiq edib ki, federal xəfiyyələr “cənab Manafort-un evlərindən birində axtarış aparılması barədə orderi icra ediblər”.
Manafort Rusiya və Trump kampaniyası arasında mümkün əlaqələri araşdıran təhqiqatın subyektlərindən biridir.
O Trump-ın seçki kampaniyasının rəhbərliyindən 2016-cı ilin avqustunda, onun Ukraynanın keçmiş rusiyayönlü prezidenti ilə bağlı böyük məbləğlərdə ödənişlər aldğı məlum olanda istefa verib.