Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:11

Azərbaycan və Ermənistan nazirlərinin görüşünə Lavrov da qatılacaq


Sergey Lavrov (solda) və Elmar Məmmədyarov
Sergey Lavrov (solda) və Elmar Məmmədyarov

Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla Moskvada ikitərəfli görüşündə Dağlıq Qarbağ münaqişəsindən də danışılıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu bugün, aprelin 5-də həmin görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə bildirib:

“Ən yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşü keçiriləcək. Düşünürəm ki, Sergey Lavrov da görüşdə iştirak edəcək. Ehtimal ki, görüş Moskvada keçiriləcək”.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesindən danışan nazir bildirib ki, ümumilikdə, Vyana görüşü (2019-cu il martın 29-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Pashinian arasında keçirilən görüşü nəzərdə tutur-red) çətinliklə olsa da təmas nöqtələrinin sezildiyini göstərdi:

“Təbii ki, heç kim münaqişənin tezliklə nizama salınacağını gözləmir. Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşündən üç saat sonra Ermənistanın müdafiə naziri “yeni müharibə, yeni ərazilər” barədə bir bəyanat verdi. Düşünürəm ki, bu, daxili auditoriya üçün nəzərdə tutulmuşdu. Mən erməni tərəfinə hər zaman sual verirəm ki, 30 illik münaqişə dövründə Ermənistan vətəndaşları nə əldə ediblər? Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdən çoxdur, demoqrafik vəziyyət çox kəskin səviyyəyə çatıb... Onlar, nə qədər gülməli olsa da, deyirlər ki, diaspora bizə kömək edəcək. Amerika vətəndaşlığından imtina edib arvadı və iki oğlu ilə 1990-cı illərdə Ermənistana gələn Vardan Oskanyandan (Ermənistanın keçmiş xarici işlər naziri-red) başqa diasporadan indiyədək Ermənistana kim köçüb? Deməli, etibar etmirlər”.

Nazir qeyd edib ki, nizamasalma mürəkkəb prosesdir:

“Əhalini sülhə hazırlamaq lazımdır. Onlar deyirlər ki, sülh əvəzinə ərazilərin qaytarılması Ermənistan üçün mümkün deyil. Yaxşı, qoy onda rifah əvəzinə sülh olsun. Ermənistan Azərbaycanla 30 illik müharibə dövründə nə əldə edib? Onlar bizdən soruşur: “Bəs siz nə əldə etmisiniz”. Mən cavab verirəm ki, iqtisadiyyatımız inkişaf edib, dəmir yolları, avtomobil yolları salınıb, neft kəmərləri çəkilib...”

Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan öz tərəfindən sülhə hazırlıq üçün tədbirlər görür:

“Biz Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri barədə danışıqlar aparırıq. Sergey Lavrov ilə görüşdə də bu barədə danışdıq. Bunu hansı formada edəcəyimiz barədə müzakirə apardıq”.

***

Bu gün, aprelin 5-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüş keçirib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:

“Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib. Qarşılıqlı maraq doğuran məsələlərə toxunulub”.

Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda qurum daxilində əməkdaşlığa və bəzi birgə təşəbbüsə aid məsələlərin müzakirə edildiyi bildirilir.

Orada "İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyi ilə əlaqədar MDB-nin iştirakçı dövlətlərinin rəhbərlərinin bəyanatının layihəsi haqqında" qərar nəzərdən keçirilib.

Habelə, quruma daxil olan ölkələrin xarici işlər nazirlərinin “1941-1945-ci illər Böyük Vətən müharibəsinin döyüşçülərinin məzarları və döyüşçülərin abidələrinin qorunması, onlara lazımi qayğı göstərilməsinin zərurəti haqqında" sənədə də diqqət yetirilib.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildəgerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.​

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.

Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG