Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Məmməd İbrahimin əleyhinə ifadə verən məhkumlar azadlığa çıxıb


Məmməd İbrahim
Məmməd İbrahim

AXCP sədrinin müşaviri, cəza müddətinin başa çatmasına iki gün qalmış haqqında cinayət işi başlanan Məmməd İbrahimin yatağından kəsici alət tapıldığını iddia edən üç nəfər hal şahidi məhbusların heç biri artıq 16 saylı cəzaçəkmə müəssisəsində yoxdur. İkisi azadlığa buraxılıb, biri də məntəqə tipli müəssisəyə köçürülüb. Onlar hal şahidi qismində tanınsalar da, heç biri məhkəməyə gəlməmişdi. Lakin Məmməd İbrahimin vəkili onların məhkəmədə dindirilməsində israrlıdır.

Dekabrın 4-də Suraxanı rayon məhkəməsində Məmməd İbrahimin işi üzrə 16 saylı cəzaçəkmə müəssisəsinin baş nəzarətçisi Kamil Məmmədov, Mehman Əhmədov, dəstə rəisi Tacəddin Mənsimov, əməliyyat bölməsinin inspektoru Fərid Cəfərov və Ramin Xəlilov şahid qismində dindirilib.

Təxminən eyni məzmunlu ifadələr verən müəssisə əməkdaşları deyib ki, məhkumlar arasında Məmməd İbrahimdə qadağan olunmuş əşya olması barədə söhbət gəzirdi. Bu məlumat əsasında da müəssisənin rəisi onun yatağında axtarış aparılmasına göstəriş verib. Axtarış vaxtı döşəyin içindən bıçaq tiyəsi tapılıb.

Amma axtarışın nəticəsi barədə protokolun harada və nə vaxt yazılması və başqa məsələlər barədə şahidlərin ifadələri arasında ziddiyyətlər olub.

"Bu adamlarla biz üz-üzə gəlmişik. Mən də bilirəm, onları məcbur ediblər. Onlar da bilir, nə var, nə yox. İndi onlara burada nə sual verim? Onları utandırmaq istəmirəm", – Məmməd İbrahim belə deyib.

Məhkəmə dekabrın 25-də davam edəcək.

Xatırlatma

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Məmməd İbrahimin ittiham olunduğu 317-2.1 maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

Penitensiar Xidmət Məmməd İbrahimin yatağına kəsici alətin müəssisənin əməkdaşları tərəfindən atılması barədə söylədiklərini əsassız sayır.

XS
SM
MD
LG