Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Məmməd İbrahim yatağından kəsici alət tapılmasından danışıb


Məmməd İbrahim
Məmməd İbrahim

Üç illik cəza müddətinin bitməsinə bir gün qalmış – sentyabrın 28-də barəsində yeni həbs qərarı çıxarılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim yatağından tapıldığı iddia edilən kəsici alətin ona heç bir aidiyyəti olmadığını bildirib. Bunu AzadlıqRadiosu-na onun oğlu Turan İbrahim deyib.

Turan İbrahimin sözlərinə görə, atası haqqında yeni cinayət işi başlanandan sonra ilk dəfə oktyabrın 2-də vəkili Cavad Cavadovla görüşüb. Bunun ardından ailə üzvləriylə də telefonla əlaqə saxlayan AXCP funksioneri yatağından kəsici alət tapılması barədə də danışıb: “Dedi ki, namazdan çıxıb yemək yeməyə gedirdim, otağa çağırdılar. Otağa getdim, dedilər ki, axtarış aparılır. Əvvəldən qoyduqları bıçağı götürdülər. O bıçağın mənə heç bir aidiyyəti yoxdur”, oğlunun deməsinə görə, siyasətçi vurğulayıb.

Məmməd İbrahim Kürdəxanıda yerləşən 1 saylı Bakı istintaq təcridxanasında saxlanılır. Oğlu deyir ki, oktyabrın 4-də təcridxanaya gedib, atasıyla görüşməyə cəhd göstərəcək: “Əhvalı həmişəki kimi yaxşıdır. Sadəcə səhhətində və gözündə problem qalır. Ona görə həkim nəzarətində olmalıdır”.

Bu deyilənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Məmməd İbrahim bu yay həbsxanada gözündən əməliyyat olunub. Onun göz təzyiqindən əziyyət çəkdiyi bildirilirdi.

Xatırlatma

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 29-da həbs olunub.

Mikayıl Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

Bundan sonra Məmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Onun cəza müddəti sentyabrın 29-da başa çatırdı.

Azadlığa buraxılmasına iki gün qalmış - sentyabrın 27-də 16 saylı cəzaçəkmə müəssisəsində Məmməd İbrahimin döşəyinin içindən bıçaq tiyəsi tapıldığı iddia olunaraq, haqqında cinayət işi başlanıb, CM-in 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb.

Sentyabrın 29-da məhkəmə qərarıyla onun barəsində istintaq dövründə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məmməd İbrahimin yaxınları iddia edirlər ki, ittiham quramadır və məqsəd onun azadlığa çıxmasının qarşısını almaqdır.

Yeni ittihamla müxalif siyasətçiyə 6 ay həbs cəzası verilə bilər.

XS
SM
MD
LG