Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:10

‘Təcili tədbir görülməsə, Məmməd İbrahim dünya işığından məhrum olacaq’


Məmməd İbrahim
Məmməd İbrahim

“Məmməd İbrahimin bir gözü artıq görmə qabiliyyətini itirib. Əgər təcili tədbir görülməsə, o biri gözünü də itirəcək. Bu baxımdan, hər itirilən dəqiqə adamı dünya işığından məhrum olmağa daha da yaxınlaşdırır”, – AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin oğlu Turan İbrahim AzadlıqRadiosu-na belə deyib.

Məmməd İbrahim 2015-ci ilin sentyabrından həbsdədir və hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Oğlunun sözlərinə görə, onun təcili əməliyyata ehtiyacı var: “Vəziyyəti kritikdir, ancaq heç bir ciddi reaksiya göstərmirlər. Etdikləri tək şey, Zərifə Əliyeva adına göz institutundan həkim gətirib yoxlamaq olub. Öz gətirdikləri həkim deyir ki, təcili, hətta imkan varsa, günü bugün tibb mərkəzinə gətirilməli, əməliyyat olunmalıdır”.

Turan İbrahimin sözlərinə görə, Penitensiar Xidmət icazə vermədiyinə görə atasının gözü əməliyyat olunmur. Məmməd İbrahimin yaxınları və müdafiəçisi məsələ ilə əlaqədar Ombudsman Aparatına, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məktub göndəriblər. Ombudsman Aparatı müraciəti baxılması üçün Tibb Baş İdarəsinə göndərib.

“Bizim də marağımızdadır ki...”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib ki, ehtiyacı olan məhkumun müalicəsinə imkan verilməməsi mümkünsüzdür. Çünki məhkumların sağlam olması Peitensiar Xidmətin özünün də marağındadır:

“Həbs yerlərində saxlannılan şəxslərin müayinə və müalicəsi Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Hansısa məhkumun səhhətində problem varsa, mütəxəssislər bu barədə rəy verir, Penitensiar Xidmət olaraq, biz də aidiyyəti üzrə müalicə müəssisəsinə köçürürük. Hansısa məhkumun müalicəsinə əngəl yaradılmasından söhbət gedə bilməz. Yetər ki, həkimin təyinatı olsun”.

Xatırlatma

Məmməd İbrahim 2 il 10 aydır ki, həbsdədir. Onun cəzasının bitməsinə iki ay qalıb.

O, AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Quliyevə qarşı fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istəyərkən Məmməd İbrahim onları da vurub.

Bundan sonra Məmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim ittihamları qurama sayir və həbsini siyasi fəaliyyəti ilə izah edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG