Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Maliyyə Nazirliyi gələn ilin büdcə layihəsini bəyənib


Samir Şərifov
Samir Şərifov

Sentyabrın 9-da Maliyyə Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrinə də baxılıb.

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsi haqqında danışıb.

O deyib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb. Habelə büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, İqtisadiyyat Nazirliyinin orta müddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları diqqətdə saxlanıb.

Bundan başqa nazirin deməsinə görə, eyni zamanda dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışları də nəzərə alıblar:

“Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi. Bu zaman, yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən orta müddətli dövrə icmal büdcə xərclərinin yuxarı həddləri müəyyən edildi. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib”.

Bildirildiyinə görə, dövlət büdcəsinin parametrlərinin hesablanması zamanı neftin bir barrelinin orta illik qiyməti, bu qiymətin ortamüddətli dövrə şamil edilməsi, ortamüddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl sürətdə azaldılması ilə bağlı qərarlar qəbul edilib.

Nazirliyin açıqlamasında amma büdcə parametrləri açıqlanmayıb.

Sonda Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənərək Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Xatırlatma

Ötən ilin dekabrında dövlət başçısı "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanunu imzalamışdı.

2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard, xərcləri isə 25 milyard manat məbləğində təsdiq edilmişdi.

XS
SM
MD
LG