Malayziyanın islami hakimiyyət orqanları hicablanmağı dayandırmaq qərarlarının ictimai müzakirəsini keçirmiş üç qadın barəsində təhqiqata başlanması üçün göstəriş verib.
Guardian qəzeti yazır ki, sözü gedən qadınlar bu müzakirəni Petalinq Caya qəsəbəsindəki kitab mağazasında keçirmişdilər. Burada qadınlardan birinin - yazıçı və fəal Maryam Lee-nin “Hicabsızlaşmaq seçimi” kitabının təqdimatı keçirilirdi.
Malay Qadınları və Hicabsızlaşma adlanan tədbirdə 3 saat çəkən müzakirəni Maryam Lee ilə birlikdə malayziyalı qadınlar - Mohani Niza və Dian Sofia aparırdlar. Onların üçü də hicabdan imtina edib.
Lakin insidentsiz keçən bu tədbir barədə xəbər tutan dini işlər naziri Mujahid Yusof Rawa narahatlığını ifadə edib və bunun ardınca islami hakimiyyət orqanları təhqiqata başlayıb.
Aprelin 14-də hökumət nümayəndələri sözü gedən kitabı çap etmiş naşirə aid kitab mağazasına gəliblər.
Qadınlar bildirirlər ki, təhqiqat onlara heç bir xəbərdarlıq edilmədən başlanıb və onlar Malayziya qanunlarını pozan hərəkətlərə yol verməyiblər.
Malayziyada əhalinin 60 faizi müsəlmanlardır. Buna baxmayaraq ölkə cəmiyyəti kifayət qədər mötədil və mütərəqqidir.
Lakin son illərdə Malayziyada islami mühafizəkarlıq artıb. Bu ilk növbədə Malayziya İslam Partiyasının artan nüfuzu ilə bağlıdır.
Bu partiya ölkənin şimal-şərqindəki Kelantan ştatında şəriət qanunlarının tətbiqinə çağırır.
Ötən sentyabrda Terenqanu ştatının ali şəriət məhkəməsi bir-biri ilə cinsi əlaqədə ittiham edilən iki qadın basrəsində qamışla şallaqlama hökmü çıxarıb.