Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Makron Ukraynaya Fransa qoşunlarının göndərilməsini istisna etmədiyini yenə deyib


Fransa prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində Ukraynaya Qərb hərbçilərinin göndərilməsinə dair bu yaxınlarda səsləndirdiyi təklifi izah etməyə çalışıb:

"Bizim məqsədimiz var: Rusiya bu müharibədə qalib gələ bilməz və qalib gəlməməlidir. Biz iki ildir ki, Ukraynaya kömək edirik. Əgər işlər bundan sonra da pisləşsə, bunun məsuliyyəti Rusiyanın üzərinə düşəcək”.

Makron daha sonra deyib:

“Ukraynada bizim Avropamız və Fransamız üçün ölüm-dirim müharibəsi gedir. Biz Rusiya ilə vuruşmuruq. Amma biz aydın şəkildə bəyan etməliyik: "İmkan vermək olmaz ki, Rusiya qalib gəlsin”.

Fransa prezidentinin sözlərinə görə Rusiya bu müharibədə qalib gələrsə, fransızların da həyatı dəyişəcək və Avropada təhlükəsizlik olmayacaq.

Fransa hərbçiləri bütün hallarda ön cəbhədə olmayacaqlar

Makron bəyan edib ki, “2024-cü ilin başlanğıcı bizim üçün yeni başlanğıc olmalıdır".

Onun sözlərinə görə Ukraynaya yardımları davam etdirmək lazımdır.

Makron qeyd edib ki, Ukraynaya raket və sursatların çatdırılması üçün koalisiya yaradılmalıdır.

Fransa prezidenti fevralın 26-da Ukraynaya yardıma dair beynəlxalq konfransdan çıxardığı nəticələrdən danışıb.

Makron bir daha vurğulayıb ki, o Ukraynaya Fransa hərbçilərinin göndərilməsini istisna etmir, amma hazırda bundan söhbət getmir.

Makron əlavə edib ki, Fransa hərbçiləri bütün hallarda hücum əməliyyatlarında iştirak etməyəcəklər.

O gün gələcək

Prezident daha sonra xatırladıb ki, Fransa qaz, neft və taxıl qiymətlərinin dəyişilməsindən, iqtisadi zəncirlərin qırılmasından əzab çəkir.

Onun sözlərinə görə əgər Rusiya müharibədə qalib gəlsə, Avropaya etimad “sıfra” enəcək.

Rusiya prezidenti Vladimir Putinin nüvə hədələrindən bəhs edən Makron deyib ki, nüvə silahı hədə yox, təhlükəsizlik vasitəsi olmalıdır.

Makron əlavə edib ki, Fransanın nüvə potensialı ölkənin təhlükəsizliyini təmin edir.

Fransa prezidenti Putinlə dialoqun davam etdirilməsinin mümkünlüyü barədə suala cavab verərkən ümid etdiyini deyib ki, kimin prezident olmasından asılı olmayaraq iki ölkənin ikitərəfli münasibətlərini müzakirə edəcəkləri gün yenidən gələcək.

XS
SM
MD
LG