Macarıstan qərbi Ukraynadakı etnik macar mədəniyyət evinə bir ayda ikinci hücumdan sonra Ukraynanın Budapeştdəki səfirini Xarici İşlər Nazirlyinə dəvət edərək Kiyevə “yüksəlişdə olan ekstemizmlə” əlaqədar xəbərdarlığını bildirib.
Macarıstanın MTI xəbər agentliyinin məlumatına görə Transkarpatiyanın mərkəzi şəhəri olan Ujqoroddakı macar mədəniyyət assosiasiyasının binaslına od vurulub.
MTI-nin xəbərində deyilir ki, binaya atılmış yandırıcı bomba birinci mərtəbənin çox hissəsini yandırıb. Xəsarət alanlar barədə məlumat verilmir.
Binaya bundan əvvəl fevralın 4-də edilmiş hücum nəticəsində də ziyan dəyib. O vaxt naməlum şəxs binaya “Molotov kokteyli” atmışdı.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto fevralın 27-də M1 ictimai kanalına deyib ki, Ukraynada “ekstremist siyasi baxışlar” və etnik macarlara qarşı hədələr artmaqdadır.
Szijjarto qeyd edib ki, o Ukraynanın Budapeştdəki səfirinə “bütün bunların qeyri-məqbul olduğunu” bildirib.
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin fevralın 27-də Twitter-də yazıb: “Mən Ujqorodda macar azlığının ofisinə qarşı daha bir təxribatı qətiyyətlə pisləyirəm”.
Hazırda Transkarpatiyada 100 minədək macar əsasən Macarıstanla həmsərhəd şəhər və kəndlərdə yaşayır.
Bu hücumlar Budapeşt və Kiyev arasında ötən sentyabrda Ukraynada qəbul olunmuş təhsil qanuna görə münasibətlərin pozulduğu vaxta təsadüf edir. Macarıstan, habelə Ukraynanın daha bir qonşusu olan Rumıniya bu qanunun etnik macar və rumınların ana dili hüquqlarını pozduğunu bildirirlər.
Kiyev əmindir ki, yeni qanun bütün Ukrayna vətəndaşlarının dövlət dilində danışa bilməsini təmin edəcək. Ukrayna qanunun diskriminativ olduğuna dair ittihamları rədd edir və bildirir ki, o ilk növbədə rus dilinin hegemonluğunu cilovlamaq məqsədi güdür.
Ukrayna eyni zamanda Macarıstanın Kiyevin Avropa İttifaqı və NATO ilə əməkdaşlığını bloklayan siyasətini tənqid edir.
Szijjarto fevralın 27-də deyib ki, Ukrayna Aİ və NATO ilə daha yaxın əməkdaşlıq istəyirsə, “ekstremistləri dəf etməyə qabil olduğunu sübut etməlidir”.
Ukraynada bəziləri Macarıstanı Rusiyanın maraqlarına xidmət göstərməkdə ittiham edirlər. Onlar diqqəti Macarıstan baş naziri Viktor Orbanın Putini tez-tez Budapeştdə qonaqlamasına çəkirlər.