Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 22:17

Macarıstanda hökumət QHT-lərə hücuma keçir


Baş nazir Viktor Orbán

Macarıstan hökuməti ölkədə demokratiyanın və qanunun aliliyinin təbliğatıyla məşğul olan QHT-lərə zidd addım atmağa hazırlaşır. Bu haqda «Politico» saytı yazır.

«MÜXALİF FİKRƏ HÜCUM»

Saytın məlumatına görə, bu həftə Macarıstan parlamenti xaricdən maliyyələşən QHT-lər haqda yeni qanun layihəsini müzakirəyə çıxaracaq. Layihəyə əsasən, təşkilatlardan xaricdən aldıqları vəsaitin həcmini göstərmələri, vəsaiti qeydiyyatdan keçirmələri tələb olunacaq.

Hökumət bununla ölkə siyasətinə xarici müdaxilənin qarşısını almaq niyyətində olduğunu bildirir. Tənqidçilərin fikrincə, məqsəd ölkədə siyasi azadlığı məhdudlaşdırmaqdır. Müxalifətçilər hakim partiyanın məhkəmə sistemini və mətbuatı da nəzarətdə saxladığını vurğulayırlar.

«Bu layihə müxalif fikrə yeni hücumdur və bu, Avropa Birliyinə (AB) üzv olan ölkədə baş verir. Budapeştdə Avropa dəyərləri təhlükə altında qalıb... Macarıstanda qanunun aliliyinin, demokratik standartların, toplaşmaq azadlığının və QHT-lərin fəaliyyətinin müdafiəsi vacibdir». Bunu Açıq Cəmiyyət Təşəbbüsü təşkilatının Avropa üzrə direktoru Goran Buldioski deyib.

Budapeştdə hökumət əleyhinə yürüş. 2013
Budapeştdə hökumət əleyhinə yürüş. 2013

XARİCİ MARAQLAR?

Macarıstan hökumətinin sözçüsü Zoltán Kovács isə söyləyib ki, ölkədəki QHT-lərin çoxunun fəaliyyəti demokratik qanunlara uyğun deyil və onlar daha çox xarici maraqları güdürlər.

Əslində, Macarıstandakı QHT-lər maliyyə mənbələri haqda hesabat verirlər. Amma hökumət indiki standartların qənaətbəxş olmadığını bildirir. «O maliyyə hesabatları tam şəffaf deyil və əsas maliyyə mənbələri həmin hesabatlarda çox vaxt gizli qalır», – Z.Kovács belə deyib.

Macarıstanın baş naziri Viktor Orbán həmişə Açıq Cəmiyyət Fondunun və xaricdən maliyyələşən QHT-lərin əksinə olub, ancaq hökumətin belə qurumlara basqısı son zamanlar artıb. «Politico» saytı nazirin bu günlərdə radioda yayımlanan çıxışını xatırladır: «Macarıstan kölgədə çalışan, pulu haradan və nə məqsədlə aldıqlarını açıqlamayan təşkilatların fəaliyyətinə, onların miqrantların ölkə qanunlarını pozmasına şərait yaratmasına imkan verə bilməz», – deyən nazir özəlliklə filantrop George Soros-la bağlılığı olan beynəlxalq təşkilatların həddi aşdığını vurğulamışdı.

George Soros
George Soros

AZADLIQ ARZUSUNUN ARXASINCA

ABŞ milyarderi, Açıq Cəmiyyət Fondunun banisi G.Soros əslən Macarıstandandır. O, həmin fondu Soyuq müharibə dövrünün ən qızğın çağında yaradıb. «Mən 1980-ci illərdə kommunist rejimin nəzarəti altında olan ölkələrdə dissidentləri maliyyələşdirməyə başladım və beləliklə, keçmiş Sovet imperiyasında vətəndaş cəmiyyətlərinin toxumlarının səpilməsinə yardım etdim», – bunları G.Soros «Politico»ya müsahibəsində deyib. «Bu təşkilatların məqsədi hökumətləri xalq qarşısında məsuliyyətli etməkdir, onların çoxu eyni amalın – Berlin Divarının dağılmasına aparıb çıxaran şeyin – azadlıq arzusunun arxasınca gedir», – Soros vurğulayıb.

Birləşmiş Ştatlar əvvəllər belə cəhdlərin arxasında dayansa da, yeni prezident Donald Trump öz xarici siyasətində daha çox ABŞ-ın marağını güdəcəyini bildirib, bununla da Açıq Cəmiyyət Fondu kimi vətəndaş cəmiyyəti qruplarına dayaq durmaq niyyətinin olmadığına işarə edib. ABŞ Dövlət Departamentinin insan haqlarıyla bağlı son hesabatında isə Macarıstanda «vətəndaş cəmiyyətinə dövlət basqısı» olduğu qeyd edilsə də, yeni dövlət katibi Rex Tillerson bu haqda, hələ ki, danışmayıb.

SOROSA QARŞI ÇIXIŞLAR ÇOXALIR

Digər tərəfdən, ABŞ-da ifrat sağçıların «Soros»a qarşı çıxması, onu D.Trump-ın rəqiblərini maliyyələşdirməkdə günahlandırması Mərkəzi və Şərqi Avropada da bu təşkilatı arzulamayanlara qol-qanad verib.

Makedoniyadan tutmuş Polşa, Serbiya, Bolqarıstan və Slovakiyaya qədər, həmçinin Baltikyanı ölkələrdə siyasilər Soros Fondunu ziyanlı fəaliyyətdə günahlandırır, ona qarşı çıxışlarını çoxaldırlar.

Rusiya bu fondun fəaliyyətini hələ 2015-ci ildə dayandırıb. Rusiyanın Baş Prokurorluğu Açıq Cəmiyyət Fondunun Rusiya hökumətinə təhlükə olduğunu elan edərək, onun ölkədə fəaliyyətini yasaqlayıb.

Soros Fondu Azərbaycanda da fəaliyyətini 2012-ci ildən dayandırıb.

Müşahidəçilərin fikrincə, «Soros»a, eləcə də xaricdən maliyyələşən QHT-lərə hücum demokratik standartların məhvinin əlamətidir. Bəziləri siyasətçilərin öz populyarlıqlarını qorumaqdan ötrü «Soros»u hədəfə aldıqlarını, bu baxımdan təşkilatın «əla», gərəkli düşmənə çevrildiyini vurğulayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG