Oktyabrın 12-də Macarıstandan olan azarkeşlər Londonun Uembli stadionunda polislə toqquşublar.
Polis nəfərləri iddia olunan irqçi təhqirlərin qarşısını almaq üçün macar azarkeşlərin oturduğu sektora müdaxilə etmişdilər.
Bu insident Dünya Kubokunun İngiltərə-Macarıstan matçının başlanğıcında baş verib.
Buna səbəb qonaq tərəfin azarkeşlərinin matçın əvvəlində antiirqçi jest olaraq diz çökən oyunçuları küyə və fitə basması olub.
London bələdiyyə polisi bildirir ki, polis zabitləri “irqi zəmində qanun pozuntusunun qarşısını almaq üçün” Macarıstan azarkeşlərinin olduğu sektora gəliblər.
Məlumatda deyilir ki, polis azarkeşlərdən birini həbs etməyə cəhd göstərərkən həmin sektorda başqa azarkeşlərin iştirakı ilə daha bir qayda pozuntusu baş verib.
İngiltərə Futbol Assosiasiyası şikayət edəcək
Polis bildirir ki, asayiş tez bir zamanda bərpa olunub və daha sonra heç bir insident müşahidə olunmayıb.
İngiltərə Futbol Assosiasiyası bildirib ki, baş vermiş insidentlə bağlı FIFA-ya rəsmi məlumat verəcək.
Ötən ay İngiltərə və Macarıstan milli yığmalarının Budapeştdə keçirilən ilk matçında macar azarkeşlərin asayişi pozması ilə bağlı Macarıstan komandası oktyabrın 9-da Albaniyaya qarşı matçı tribunaları boş stadionda oynamalı olub.
Bu da xəbər verilir ki, FIFA həmin hadisədən sonra Macarıstanı sınaq kateqoriyasına daxil etmiş və komandanı azarkeşlərin bir də qarışıqlıq yaradacağı təqdirdə daha bir oyunun azarkeşsiz keçiriləcəyi ilə hədələmişdi.
İndiyədək keçirilmiş seçmə oyunlardan məğlubiyyətsiz çıxmış İngiltərə millisi oktyabrın 12-də keçirilən matçı 1-1 hesabı ilə başa çatdırıb.
Matçda ilk qolu Macarıstan komandası vurmuşdu. Qolların hər ikisi birinci taymda vurulub.