Macarıstanın hakim partiyası həssas gender və seksual mövzularda materialları yasaqlayacaq qanunvericilik təqdim edib. Bu, Rusiyada “gey propaqandası”na illərdir davam edən təzyiqləri yada salır.
Fidezs iyunun 10-da parlamentə pedofiliya ilə mübarizə qanunvericiliyinə dəyişiklik təklif edib. Layihəyə görə, məktəblərdə gender dəyişikliyi və homoseksuallığın təbliği ilə bağlı kontentin yayılması qadağan olunur.
Yasaqlanan kontent
Millətçi populist Baş nazir Viktor Orban və onun Fidesz partiyası parlamentdə super çoxluğa malikdir, bu isə prioritet qanunvericiliyin qəbulunu təmin edir.
Orban hökuməti mühafizəkar sosial gündəmi dəstəkləyir, koronavirus pandemiyası dönəmində LGBT-yə qarşı addımları gücləndirib.
Hökumət nikahın yalnız qadınla kişi arasında bağlanmasını konstitusiyaya salıb, eynicinsli nikahlar qadağan olunub.
Bundan başqa hökumət transgender şəxslərin hüquqi statusunu ləğv eləsə də, ölkənin konstitusiya məhkəməsi bu addımı qeyri-konstitusion sayıb.
Anti-pedofiliya qanununa təklif olunan dəyişikliyə görə, gender dəyişikliyi, yaxud homoseksuallığı təşviq edən kontent uşaqlara göstərilə bilməz.
Bu qadağa reklama da aiddir.
LGBT qrupunun reaksiyası
Bundan başqa məktəblərdə cinsi təhsil aparmağa icazə veriləcək qrupların siyahısının hazırlanması təklif olunur.
Yerli LGBT qrupu olan “Hatter Society” dəyişiklik layihəsini “ifadə azadlığı və uşaqların hüquqlarını ciddi şəkildə pozmaq” cəhdi adlandırıb. Qrup bu adımın gənc LGBTQI üzvlərinin zehni sağlamlığına təhlükə yaratdığını vurğulayıb.
“Hatter Society” layihəni 2013-cü ildə Rusiyada qüvvəyə minmiş qanunvericiliklə müqayisə edib. Həmin qanun vasitəsilə LGBT mesajları üzrə müzakirə, sözügedən icmayla bağlı maarifləndirmə aparmaq, yaxud ona qarşı ayrıseçkiliyi önləmək cəhdləri cəzalandırılıb.
Rusiyanın sözügedən qanunvericiliyi “qeyri-ənənəvi seksual münasibətlər üzrə propaqanda”nı hədəfə alır. Yerli və beynəlxalq insan haqları qrupları sənədi pisləyiblər.