Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Qərb Lukaşenkanın nazirlərindən tutmuş gəlininə qədər sərt sanksiyalar elan edir


Alyaksandr Lukaşenka və oğulları (soldan sağa) Mikalay, Aleksandar, Viktar və Dzmitri iməcilikdə
Alyaksandr Lukaşenka və oğulları (soldan sağa) Mikalay, Aleksandar, Viktar və Dzmitri iməcilikdə

Belarusun əsas ixrac məhsulu olan potaşa, eləcə də tütün, neft və neft məhsullarına sanksiya təklifi ciddi addım sayılır,

ABŞ, Avropa İttifaqı, Britaniya və Kanada Alyaksandr Lukaşenka rejiminin siyasi müxalifət və azad media üzərinə repressiyalarına görə Belarusa yeni sanksiyalar elan edib.

ABŞ-ın dövlət katibi Entoni Blinken iyunun 21-də deyib ki, bu sanksiyalar Belarus xalqına sarsılmaz transatlantik dəstəyi nümayiş etdirir.

Vaşinqton Belarusun 16 fərdi və 5 vahidi üzərinə sanksiyalar qoyub.

ABŞ Maliyyıə Nazirliyi bəyan edib ki, Lukaşenkanı beynəlxalq normaları davamlı pozmasına, Ryanair şirkətinin təyyarəsini məcburi endirməsinə və jurnalist Raman Prataseviçi və onun yoldaşı Sofya Sapeqanı həbs etməsinə görə cəzalandıran bu tədbirlər Birləşmiş Ştatların müttəfiqləri ilə koordinasiya edilib.

Nazirliyin bəyanatında vurğulanır ki, “Belarus 2020-ci ilin avqust prezident seçkisini saxtalaşdırmaqla, jurnalistlərə, müxalifət nümayəndələrinə və vətəndaş cəmiyyətinə qəddar divan tutmaqla və başqa hərəkətlərlə Belarus xalqına ziyan vurub”.

ABŞ-ın yeni sanksiya siyahısına salınanlar arasında Belarus DTK-sı, daxili qoşunlar və GOBOPIK kimi tanınan mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə idarəsinin də adları var.

Bundan başqa prezidentliyə müxalifətin namizədi Svyatlana Tsixanovskayaya qarşı “siyasi motivli terrorizm ittihamları” irəli sürdüyünə və onun ekstradisiyasını tələb etdiyinə görə baş prokuror Andrey Şved və Belarus daxili işlər nazirinin müavini, daxili qoşunların komandanı Mikalay Karpyankov da qara siyahıya salınıb.

ABŞ-ın qara siyahısına Lukaşenkasnın mətbuat katibi, hazırda Belarus parlamenti yuxarı palatasının başçısı olan Natalya Eismant da daxil edilib.

Rejimdən mənfəətlənənlər

İyunun 21-də Lüksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Belarus iqtisadiyyatının əsas sektorlarına və Lukaşenka rejiminə xarici valyuta gətirən resurslara – potaş gübrəsinə, tütün və neft sənayesinə sanksiyalar elan ediblər.

Sanksiyalar habelə Belarusa izləmə avadanlığının ixracını qadağan edir və silah embarqosunu sərtləşdirir.

Avropa nazirləri sanksiya siyahısna Belarusdan olan 78 fərdi və 8 vahidi daxil ediblər.

Bunlardan müdafiə və nəqliyyat nazirləri də daxil 7 nəfəri Ryanair sərnişin təyyarəsinin məcburən Minskə endirilməsində iştirak ediblər.

Daha 71 nəfər, o cümlədən Rusiya maqnatı Mixail Qutseriyev, Lukaşenkanın oğlu Dzmitri və böyük oğlunun arvadı Liliya da “Lukaşenka rejimini dəstəklədiklərinə və ondan mənfəətləndiklərinə” görə sanskiya siyahısına daxil ediliblər.

Bu siyahıya habelə “insan haqlarını kobud pozan, qanunun aliliyini sarsıdan və vətəndaş cəmiyyətinə və demokratik müxalifətə qarşı repressiyada iştirak edən millət vəkilləri, hakimlər və başqa rəsmilər salınıb.

Britaniya və Kanada

Bu arada Britaniya Belarusun 11 yüksək vəzifəli rəsmisinə səfər qadağanları və aktivlərinin dondurulması kimi sanksiyalar elan edib.

Britaniyanın xarici işlər naziri Dominik Raab deyib:

“Lukaşenka rejimi Raman Prataseviçi ələ keçirmək hərisliyi ilə təyyarə sərnişinlərinin və ekipajın həyatını təhlükə altında qoyub. Buna görə də biz müttəfiqlərlə koordinasiyada rejimdən məsuliyyət tələb etməkdə davam edəcəyik”.

Kanadanın Xarici İşlər Nazirliyi Belarusdan olan 17 fərd və 5 vahid üzərinə sanksiyalar elan edib.

***

Bundan əvvək verilən xəbərlərdə deyilirdi ki, Avropa Birliyinin (AB) xarici işlər nazirləri Belarusun onlarla rəsmisi və qurumuna yeni sanksiyaları təsdiqləyib. Ölkənin avtoritar lideri Alyaksandr Lukaşenkanın ailə üzvləri də onların sırasındadır.

78 fərd və 8 qurumun salındığı siyahının iyunun 21-də AB-nin rəsmi jurnalında dərc olunacağı gözlənilir. Siyahıda deputatlar, prokurorlar, hakimlər və digər rəsmilərin adları var. AB onları ciddi insan haqları pozuntularında, hüququn aliliyinə ciddi ziyan vurmaqda ittiham edir.

Lukaşenkanın oğlu Dmitri, böyük oğlunun həyat yoldaşı Liliyanın adları da sanksiya siyahısına salınıb. Siyahıda olanların “Lukaşenka rejimindən faydalandığı və onu dəstəklədiyi” bildirilir.

Sanksiyalara aktivlərin dondurulması, viza qadağaları daxildir.

AB rəsmiləri Belarus iqtisadiyyatına zərbə vurmağı hədəfləyən daha geniş tədbirlərə də hazırlaşır. Blokun xarici siyasət rəhbəri Jozep Borel Luksemburqda görüş öncəsi jurnalistlərə deyib ki, “daha geniş, yeni sanksiyalar paketini təsdiqləyəcəyik”.

***

Almaniyanın Xarici işlər naziri Heyko Maas Belarusa irimiqyaslı iqtisadi sanksiyalara çağırıb. Bu çağırış Avropa Birliyi Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkaya qarşı cəza tədbirlərini müzakirə edəcəyi toplantı öncəsi səslənib.

“Məncə, Belarusa əlavə sanksiyalar qaçılmazdır”, – Maas iyunun 21-də “Die Welt” qəzetinə müsahibəsində deyib.

“Biz Belarus iqtisadiyyatının sektorlarına, potaş sənayesi, yaxud enerji sektoruna sanksiyaları genişləndirməliyik. Minsk hökumətini AB daxilində hökumət istiqrazları ilə vəsait yığmaqdan məhrum etməliyik”, – o vurğulayıb.

İyunun 21-də AB-nin xarici işlər nazirləri Luksemburqda ekspertlərin razılaşdırdığı yeni tədbirləri müzakirə edəcəklər. Ötən ay Ryanair təyyarəsi Minskə məcburi endiriləndən və təyyarədəki müxalifət fəalı ilə sevgilisi həbs olunandan sonra ekspertlərə Belarusa qarşı sanksiyalar hazırlamaq tapşırılıb.

Mümkün sanksiyalar

Həmin insidentdən öncə belə AB Belarusa yeni sanksiyaları nəzərdən keçirirdi. Ötən avqustdakı mübahisəli seçkidən sonra Lukaşenka rejiminin müxalifətə divan tutması beynəlxalq narazılığa səbəb olub.

Sanksiyaların öncəki raundları ayrı-ayrı qurumları və Lukaşenkanın yaxın ətrafını hədəfləyib.

AB hökumətləri razılıq əldə edərsə, sanksiyaların son raundu yeni istiqrazlara, AB investorlarının qiymətli kağızlar alverinə və qısamüddətli istiqrazlar almasına, AB banklarının investisiya xidmətlərinə, AB-nin ixrac kreditlərinə qadağaları əhatələyə bilər.

Diplomatların deməsinə görə, AB ekspertləri nümayişçilərə qarşı istifadə oluna biləcək silah və avadanlığın blok ərazisindən ixracına qadağaları sərtləşdirməyə də razılaşıblar.

Belarusun əsas ixrac məhsulu olan potaşa, eləcə də tütün, neft və neft məhsullarına sanksiya təklifi ciddi addım sayılır, rejimin maliyyə mənbələrinin sıxışdırılması deməkdir.

Təyyarəqaçırmadan sonra...

Mayın 23-də təyyarənin zorla Minskə endirilməsini bir çox ölkələr “dövlət səviyyəsində təyyarəqaçırma” adlandırıblar. Təyyarə endirilən kimi müxalifət blogeri Raman Prataseviç və rusiyalı sevgilisi Sofiya Sapeqa saxlanıblar.

AB buna Belarusun hava şirkətlərinə blokun hava məkanına və aeroportlarına buraxmamaqla cavab verib. Avropanın aviasiya tənzimləyicisi digər şirkətləri Belarusu hava məkanına girməməyə çağırıb.

Avropa Birliyi, Birləşmiş Ştatlar və digər ölkələr avqust seçkisinin nəticəsini tanımır, Lukaşenkanı ölkənin legitim lideri hesab etmirlər.

Müxalifət lideri Svetlana Tixanovskaya seçkini udduğunu deyir, Qərbi Belarus rejiminə sanksiyaları genişləndirməyə çağırıb.

XS
SM
MD
LG