Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:37

Ekspert: Məmur biznesi qaldıqca maaş artımının xeyri olmayacaq


Prezidentin vəd etdiyi sosial paketdə nələr var?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Prezidentin vəd etdiyi sosial paketdə nələr var?

Prezident İlham Əliyev deyir ki, hökumət bir neçə aydır ciddi sosial paket üzərində işləyir. 2 milyondan çox insan bu sosial təşəbbüslərdən faydalanacaq. Bəs, sosial paket nədir? Bura nələr daxildir? Ondan konkret kimlər faydalanacaq?

Prezident İlham Əliyevin fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında bu sualların bəzisinə cavablar var. O bildirib ki, son qərarlar bu sosial paketin ilk təzahürləridir:

“Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Yəni, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək”.

İlham Əliyev vurğulayıb ki, problemli kreditlər də həllini tapanda bütövlükdə bu paketdən faydalananların sayı 2 milyon nəfərdən çox olacaq. O bildirib ki, əldə olunan gəlirlərdən yaranan əlavə maliyyə məhz vətəndaşların rifahının yaxşılaşmasına yönələcək.

Maaş-pensiyaların artması ideyası qəfil yaranıb?

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, iqtisadçı ekspert Nemət Əliyev sual edir ki, bəs, belə bir böyük sosial paket varsa, niyə ictimaiyyətə bu haqda məlumat verilməyib? Onun fikrincə, ən azından bu paket 2019-cu ilin büdcə qanununda öz əksini tapmalı idi:

“Bu ilk növbədə parlamentdə müzakirədən keçməli, dövlətin büdcə qanununda öz əksini tapmalı idi. Amma büdcə qanununda bu haqda heç bir məlumat yoxdur. Heç 2019-cu ilin büdcə layihəsinin müzakirələri zamanı hökumət rəsmiləri böyük bir təqdimat layihəsində də bu ciddi sosial paketdən bir kəlmə də olsun danışılmır. Burdan da o nəticə çıxır ki, belə bir sosial paket son günlər gündəmə gəlib, ictimai fikrə hesablanmış bir ideyadır. Əslində belə bir fikir olmayıb”.

Nemət Əliyev məhz buna görə son qərarların insanların həyatına ciddi təsiri olmadığını düşünür.

Müxbirimizin həmsöhbəti olan vətəndaşlar maaş artımından çox, qiymətlərin bahalaşmasından giley edirlər. AzadlıqRadiosu onlardan bəziləri ilə sorğu keçirib:

Sizcə, maaş, pensiya, müavinət artımları qiymət artımı ilə nə dərəcədə ayaqlaşır?
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Müxalifətdə olan Real Partiyasının katibi, iqtisadçı Natiq Cəfərli düşünür ki, hökumət insanların sosial durumunu yaxşılaşdırmaq istəyirsə, daha ciddi islahatlara getməlidir. Bazarı açmalı, Dünya Ticarət Təşkilatına üzv olmalı, rəqabətli mühit yaratmalıdır ki, maaş və müavinət artımı inflyasiya basqısı yaratmasın:

“Normal sistem olsa, maaş və müavinətlarin artımı inflyasiyanı sürətləndirməz. Çünki cəmi 1 milyard manata yaxın əlavə pul kütləsi bazara girəcək, ticarət dövriyyəsi ildə 30 milyard manatdan çox olan məmləkətdə bu ciddi təsir yaratmamalıdır, amma inhisarçılıq və rəqabətsizlik qiymətləri yuxarı çəkir”.

Natiq Cəfərlinin fikrincə, məmur biznesinin kökü kəsilməsə, iri inhisarçıların arxasında duran məmurlar iqtisadiyyatdan qovulmasa islahat olmaz. O, düşünür ki, bütün bu islahatlara getməyə hökumətin siyasi iradəsi görünmür.

Prezident İlham Əliyev vurğulayır ki, sosial paketləri gerçəkləşdirmək üçün güclü iradə, güclü sosial siyasət var.

"Məmurlar haqqımızı yeyirlər"

1993-cü ildən Nərimanov rayonundakı yataqxanada məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Validə Rüstəmova köçkünlər arasında çörəkpulu kimi tanınan aylıq ödənişin 40 manatdan 60 manata qaldırılmasına görə prezidentə təşəkkür edir, amma həm də əlavə edir ki, bununla problem həll olunmur:

“Mənim yoldaşım fəhləlik edir, bir təhər zülmlə dolanırıq. Cənab prezident hər zaman bizə qayğı və diqqət göstərir. Amma yerdəki məmurlar bizim haqqımızı yeyir. 5 nəfərlik ailəmlə mənə deyirlər ki, heç sənə yarım mənzil də düşmür. Mən prezidentdən, birinci xanımdan kömək istəyirəm. Mən haqqımı tələb edirəm”.

Prezident İlham Əliyev sosial paketlərdən danışarkən həm də onu deyib ki, məcburi köçkün və döyüşlərdə həlak olanların yaxınları yeni mənzillərlə təmin ediləcək:

“Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir.

Şəhid ailələri üçün bu il 800 mənzil alınacaq. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər”.

İqtisadçı Nemət Əliyevin fikrincə isə, tez-tələsik icrasına başlanılan, paketin xeyirdən çox, ziyanı ola bilər. Deyir ki, hələ insanlar artan maaşları, müavinətləri almayıb, amma qiymət artımı artıq başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG