AXCP sədrinin müşaviri, üç illik cəzasını başa vurmağa iki gün qalmış barəsində yenidən cinayət işi başlanan Məmməd İbrahim haqqında cinayət işinin materiallarında yazılıb ki, o, dindardır, sələfi təriqətinə mənsubdur, özü də cəzaçəkmə müəssisəsində dövlətçilik, iqtidar əleyhinə təbliğat aparıb. Ona görə də M.İbrahimin vəkili Cavad Cavadov işi aparan müstəntiq Emin Şıxəliyevin məhkəməyə çağrılıb dindirilməsi barədə vəsatət qaldırıb.
«Əfqan Muxtarlı məhkəmədə dindirilsin»
16 Saylı Cəzaçəkmə Müəssisəsində yatağından bıçaq tiyəsi tapıldığı iddia olunan M.İbrahimin işinə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılır.
Noyabrın 28-də məhkəmədə M.İbrahimin vəkili C.Cavadov bir neçə vəsatət qaldırıb. AXCP funksionerinə Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsi ilə verilən ittihamın böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğunu deyən vəkil vəsatət qaldırıb ki, M.İbrahim barəsində həbs ya ev dustaqlığı, ya da girov qətimkan tədbiri ilə əvəzlənsin. Vəkil həm də məhkəmədə M.İbrahimin dəmir barmaqlıqlar arasından çıxarılıb yanında əyləşməsinə icazə istəyib. Daha bir vəsatət isə 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlının şahid qismində dindirilməsi olub.
Vəsatətlərin heç biri təmin olunmayıb.
«Yəqin bir az vicdanı qalıb. Mənimlə üzləşmək istəmir»
M.İbrahim isə ifadəsində deyib ki, onun yatağına bıçağı elə müəssisənin əməkdaşları qoyub. Məqsəd isə onun siyasi fəaliyyəti ilə əlaqədar azadlığa çıxmasının qarşısını almaq olub. AXCP funksioneri bildirir ki, müəssisədə saxlandığı müddətdə oranın əməkdaşlarıyla da münasibətləri yaxşı olub: «Amma axır vaxtlarda Mehman Ələkbərov (yataqdan tiyəni tapdığı iddia olunan əməkdaş-red.) məndən qaçırdı. Həmin gün idman zalına gedirdim, adımı çağırdılar. Getdim ki, «şmondu» (axtarış), təəccübləndim. Çünki adətən ikinci və beşinci günlər olurdu. Gördüm ki, Mehman Ələkbərov əsir. Mənim yatağımı axtaranda əlləri tir-tir titrəyirdi. Onda başa düşdüm ki, mənə aid nəsə göstəriş veriblər. Birinci dəfə yatağımı axtardı, heç nə tapmadı. Arxadan ondan soruşdular ki, «çıxmadı?». Bir də axtardı, uzun, paya kimi bir şey çıxdı. Əlləri elə əsirdi ki... Şahid qismində tanınsa da, bu gün məhkəməyə də gəlməyib. Bəlkə də bir az vicdanı var, mənimlə üz-üzə gəlmək istəmir».
M.İbrahim güman edir ki, həmin bıçaq tiyəsini onun yatağına ya elə hadisə günü, ya da bir gün öncə qoyublar. Dediyinə görə, yetərincə uzun əşyadır və öncədən orada olsaydı, yatanda mütləq hiss edərdi, narahatlıq yaradardı.
Məhkəmə dekabrın 4-də davam edəcək.
Xatırlatma
M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.
Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Yeni ittiham maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.
Penitensiar Xidmət M.İbrahimin yatağına kəsici alətin müəssisənin əməkdaşları tərəfindən atılması barədə söylədiklərini əsassız sayır.