Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:13

XİN Cenevrə görüşünü ‘ən intensiv müzakirələrin aparıldığı görüş’ adlandırdı


Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov (ortada) ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov (ortada) ATƏT-in Minsk qrupunun həmsədrləri ilə

Bugün, yanvarın 30-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun Ermənistandan olan həmkarı Zöhrab Mnatsakanyan arasında aparılan danışıqlar davam edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü keçirilib.

XİN hesab edir ki, bu, son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub:

“Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar”.

XİN bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsinin müzakirə edildiyini qeyd edib.

Məlumatda yazılıb ki, ikincisi, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip, elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri, müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub.

“Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar”, açılamada yazılıb.

Yanvarın 29-da Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında danışqların ilk raundu keçirilmişdi.

Yanvarın 28-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdü.

Həmsədrlər daha sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla bir araya gəlmişdilər.

Görüşlərdə həmsədrlər İgor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrew Shaffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb.

1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG