Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:50

Məmməd İbrahimə 5 ay 22 gün həbs verildi


M.İbrahim
M.İbrahim

2015-ci ilin sentyabrından həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimə daha 5 ay 22 gün həbs cəzası verilib. Yanvarın 10-da Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimov belə hökm çıxarıb.

Məhkəmə onu cəzaçəkmə müəssisəsində yatağında bıçaq tiyəsi gizlətməkdə təqsirli sayaraq, CM-nin 317-1.2 maddəsi ilə 5 ay 20 gün cəza təyin edib. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.

«Yanıma bir nəfər gəldi, dedi ki…»

Hökmdən öncə M.İbrahim məhkəmədə son sözünü deyib. İttihamın saxta olduğunu vurğulayan AXCP funksioneri bildirib ki, onun həbsdən çıxmasının qarşısını almaq və başqalarını da qorxutmaq məqsədilə bu cinayət işini düzüb-qoşublar.

«Mən heç kimdən incimirəm - nə üzümə duranlardan, nə hakimdən, nə prokurordan. Sizlərə nə sifariş verilibsə, onu da eləyirsiz. Sifariş də birbaşa Prezident Administrasiyasından gəlib. Bu hadisədən sonra məni karsa salmışdılar. Onda yanıma bir nəfər gəldi, dedi ki, «bağışla, məcbur idik, belə göstəriş verilmişdi». İşindən olmasın deyə, adını çəkmirəm», – M.İbrahim son sözündə belə deyib.

O, məhkəmədən bəraət hökmü istəyib. Amma əlavə edib ki, hakimin onun haqqında belə hökm çıxarmağa cəsarəti çatacağına da inanmır: «Mən ancaq bəraət hökmüylə razı ola bilərəm, onu da çıxarmağa gücünüz çatmaz. Ona görə də, 2-3-4-5 ay... Nə qədər göstəriş veriblər, o qədər də cəzanı oxuyun...».

M.İbrahimin son sözü başa çatandan sonra hakim bir neçə dəqiqəlik müşavirəyə gedib və geri qayıdaraq 5 ay 22 günlük hökmü elan edib.

M.İbrahimin oğlu Turan İbrahim AzadlıqRadiosuna atası haqqında yeni ittiham hökmünün qanunsuz və əsassız olduğunu, apellyasiya şikayəti verəcəklərini bildirib: «Yeni cəzanın da 3 ay 10 günü gedib, 2 ay 12 gün qalıb».

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin ittiham olunduğu 317-1.2 (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG