Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:01

Məktəblinin ölümü ilə bağlı cinayət işi açıldı


Ötən həftə Bakı məktəblərinin birində intihara cəhd etdiyi bildirilən məktəblinin ölümü üzrə cinayət işi başlanıb. Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında belə deyilir.

Məlumata görə, Səbail rayonu 162 nömrəli orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda qeyd olunur ki, cinayət işi üzrə ibtidai istintaq Bakı şəhər prokurorluğunda yaradılmış istintaq qrupuna tapşırılıb, Elina Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər müəyyən edilərək dindirilib, müxtəlif növ ekspertizalar təyin edilib.

Məhkəmə-tibb ekspertizası məktəblinin ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmamasına aydınlıq gətirməlidir. Həmçinin Elina Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması aydınlaşdırılmalıdır. Ekspertiza onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmamasını da müəyyənləşdirməlidir. Məlumatda belə deyilir.

Məktəb direktoru işdən çıxarıldı

Ötən həftə intihar etdiyi deyilən məktəbli Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasova, direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva, həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayeva işdən çıxarılıb.

Bununla bağlı AzadlıqRadiosuna Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Cəsarət Valehov məlumat verib. Bir qədər öncə isə təhsil naziri Ceyhun Bayramov brifinq keçirib.

Cəsarət Valehovun sözlərinə görə, bu addımın atılmasına səbəb Elina Hacıyeva və onun valideynləri ilə izahat işlərinin aparılmaması, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmaması göstərilir.

Nazirlik bildirir ki, hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib.

“Nazir araşdırma müddətində həqiqəti əks etdirməyən versiyalara, məqamlara da münasibət bildirərək qeyd etdi ki, bu müddətdə nazirlik araşdırma aparıb. Həmin hadisə zamanı məktəb rəhbərinin hansı məsuliyyət daşıdığı detallarına qədər araşdırılıb, direktor, onun müavini, psixoloq işdən azad edilib. Eyni zamanda, məktəbə daha təcrübəli psixoloq təyin edilib”, – Cəsarət Valehov deyir.

O əlavə edir ki, məktəbdə psixoloji mühitin daha da sağlamlaşdırılması, təhsil alanlar və təhsil verənlər arasında daha səmimi və rahat münasibətin qurulması üçün yeniliklər həyata keçiriləcək.

Nazirlik təmsilçisi məktəb mühitində zorakı hallarla bağlı hadisələrin çatdırılması üçün əlavə qaynar xəttin istifadəyə verilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

XATIRLATMA

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın ötən həftə özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan vəfat etdiyi bildirilir.

Şagirdin intihar cəhdinə səbəb sinif yoldaşları tərəfindən pisikdirilməsi, incidilməsi göstərilir.

Hadisədən az sonra sosial şəbəkədə müxtəlif videolar yayılmağa başlayıb. Həmin videogörüntülərdə şagirdin yaralı vəziyyətdə olsa da, xəstəxanaya çatdırılmadığı, əksinə kimlər tərəfindənsə məktəb direktorundan şikayəti olub-olmadığı, nə istədiyi haqda suallar verildiyi görünür. Yayılan məlumatlarda yaralı üçün təcili tibbi yardımın iki saat sonra çağrıldığı deyilirdi.

İlkin məlumatda Təhsil Nazirliyi direktorun xidməti araşdırma müddətində işdən uzaqlaşdırıldığı haqda məlumat yaymışdı. Bu da ictimaiyyətdə narazılıqla qarşılanmış, onun yüksək vəzifədə olan qohumlarına görə işdən azad edilmədiyi haqda müzakirələrə səbəb olmuşdu.

Elina Hacıyevanın ailəsi, özünün rəftarı haqda xoşagəlməyən məlumatlar KİV-lərə sızdırılıb və az sonra bunun arxasında direktorun dayanması barədə iddialar səslənib. Hətta ona məxsus olduğu deyilən səs yazısı da yayılıb.

Aprelin 11-də rəsmi şəxslər prezident İlham Əliyev və birinci vise-prezident Mehriban Əliyevanın sözügedən hadisəni nəzarətə götürdüyü haqda məlumat veriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG