Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Məktəbdə qalmaqal və müəllimin həbsi


İ.Cəfərov
İ.Cəfərov

Bakıda Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 169 saylı orta məktəbdəki qalmaqal nəticəsində bu təhsil ocağının müəllimi həbs edilib. Məktəbin rus dili və ədəbiyyat müəllimi İbrahim Cəfərova 5 gün inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsiylə təqsirli bilinib. Amma özü deyir ki, bu ittiham yalandır. İddia edir ki, məktəbdə rəhbərliyin özbaşınalıqlarına, qanunsuzluqlara etirazlarına görə bir müəllimlə aralarındakı mübahisədən istifadə edib, onu cəzalandırıblar.

İ.Cəfərov yanvarın 9-da həbs olunub və ona verilən cəzanı çəkib. Buna baxmayaraq, haqqındakı həbs qərarından apellyasiya verib. Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

İ.Cəfərov məktəbin digər rus dili müəllimi Elnarə Vəliyevanı təhqir etməkdə günahlandırılır. Məhkəmə qərarında yazılıb ki, onların arasında mübahisə məktəbdəki sinif otağına görə yaranıb.

E.Vəliyeva müəllim həmkarının cinayət məsuliyyətinə cəlb olunması üçün polisə də şikayət edib. Polisdə izahatında yazıb ki, İbrahim müəllim ona «qorxaqsan, diktatura altında işləyirsən» deyib.

«Görünür, onlara belə müəllimlər lazım deyil»

İ.Cəfərov apellyasiya məhkəməsində çıxışında da bildirib ki, başına gələnlər (işdən çıxarılması, həbs olunması) məktəbdə qanunsuzluqlara qarşı çıxmasının nəticəsidir: «Məni uzaqlaşdırmaq üçün müxtəlif üsullardan istifadə etdilər. Axırda da şərlədilər. Guya mən prezidenti təhqir eləmişəm, guya cibimdə bıçaq gəzdirmişəm. Hamısı yalandır. Təəssüf ki, Sabunçu Rayon Məhkəməsi faktları araşdırmadan əsassız bir qərar çıxardı».

Bakı Apellyasiya Məhkəməsi isə onun 5 günlük həbsi haqda qərarı əsaslı sayıb və onu dəyişməyib.

İ.Cəfərov AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Avropa Məhkəməsinə şikayət edəcək. Deyir ki, məktəbdəki vəziyyət haqda təhsil naziri Ceyhun Bayramovla görüşüb, şəxsən onun özünə də məlumat vermişdi: «Mən şagirdlərə dərsdən sonra pulsuz məşğələlər keçirdim, öz hesabıma, pulsuz əlavə dərs vəsaitləri tapıb gətirirdim. Görünür, onlara belə müəllimlər lazım deyil. Təəssüf edirəm ki, məktəbdə baş verənlər haqda dövlət orqanlarına edilən müraciətlərə əhəmiyyət verilmir. İki dəfə prezidentə müraciət eləmişəm».

Məktəbin direktoru Pərvanə Əzimova isə izahatında deyib ki, İ.Cəfərov kollektiv arasında etik davranış qaydalarına riayət etməyib. Direktorun sözlərinə görə, İ.Cəfərov dəfələrlə onu və digər müəllimləri şagirdlərin, kollektivin önündə təhqir edib: «Dəfələrlə mənə valideyn və müəllimlərdən İbrahim Cəfərov haqqında şikayətlər gəlib. Onları aktlaşdırmışam».

Direktor iddia edir ki, İ.Cəfərov sosial şəbəkələrdə də onları təhqir edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG