Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:51

‘Qaçqınkom’a etiraz edənin saxlanıldığı bildirilir


Bakıda etiraz - 11 sentyabr 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sentyabrın 11-də köçkünlərin növbəti qəbulu zamanı baş verən narazılıqlarla bağlı münasibət bildirilib.

Komitədən qeyd ediblər ki, qəbula gəlmiş Ağdam rayon sakini Yaşar Ağayev məcburi köçkün kimi ona da mənzil verilməsi barədə tələbinin yerinə yetirilməməsini əsas gətirərək etiraz edib.

Onun “Mercedes” markalı avtomobillə Tbilisi prospektinin Dövlət Komitəsinin qarşısından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa cəhd göstərdiyi bildirilir.

“Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerində olan polis əməkdaşları və Dövlət Komitəsi işçiləri qayda pozuntusnun qarşısını almaq məqsədilə təcili tədbirlər görüb, avtomobili yolun hərəkət hissəsindən kənara çəkiblər. Vətəndaş Yaşar Bəkir oğlu Ağayev yenidən Komitəyə dəvət olunub. Ona mənzil tələbinin indiki mərhələdə həlli üçün qanuni əsasların olmadığı bir daha izah edilib”, komitə qeyd edir.

Qurum həmçinin Yaşar Ağayevin ictimai asayişin pozulmasına səbəb olan hərəkətə yol verdiyinə görə, saxlanıldığını bildirib.

“Onun barəsində mövcud qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcəkdir”, deyə açıqlamada vurğulanır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu gün, sentyabrın 11-də keçirilən qəbulla da bağlı ayrıca məlumat da yayıb.

"Məcburi köçkünlər mənzil, kommunal xidmətlər, statusun verilməsi, məşğulluq və digər problemlərlə əlaqədar müraciət edib. Onlar fərdi qaydada qəbul edilib, problemləri dinlənlib. Müraciət edilən məsələlərlə əlaqədar onlara geniş izahat verilib. Vurğulanıb ki, prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxışlaşdırılması üçün ardıcıl iş aparır..."

Komitə vurğulayıb ki, qəbulda iştirak edən məcburi köçkünlərin ərizələri qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılacağını və qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.

***

Sentyabrın 11-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qəbul günüdür. Hazırda Komitənin qarşısında müxtəlif şikayətçilər var.

Şikayətçilər
Şikayətçilər

+++

Bu gün, sentyabrın 11-də bir qrup məcburi köçkün Bakıda Tbilisi prospektini bağlayıblar.

Aksiya iştirakçılarının sözlərinə görə, bu addımın atılmasına səbəb ev problemlərinin həll olunmamasıdır.

Səhər saatlarından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin önünə yığışdıqlarını deyən məcburi köçkünlərin vurğulamasına görə, onlardan bir nəfəri belə qəbul etməyiblər.

«Bundan qəzəblənən məcburi köçkünlərdən biri öz şəxsi avtomobili ilə prospekti bağladı və bir çox məcburi köçkün də onu dəstəklədilər», - deyə köçkünlərdən biri söyləyib.

Verilən məlumata görə, polis əməkdaşları həmin köçkün sürücüdən yolu açmağı tələb ediblər, amma o bundan imtina edib. Daha sonra polislərin məcburi qaydada onu avtomobildən düşürüb apardıqları bildirilir.

Köçkünlərin sözlərinə görə, buna baxmayaraq, bir qrup köçkün qadın yolu bağlamaqda davam edib.

Hadisə yerinə gələn Çevik Polis Alayı əməkdaşlarının daha bir qadını saxladıqları deyilib. Ancaq sonradan onun sərbəst buraxıldığı bildirilib.

«Bizim müvəqqəti yaşadığımız evi 9 ay bundan qabaq söküblər. Bizi vədlərlə aldadıblar. Ev vermirlər, heç olmasa, sığınacaq versinlər, başımız üstündə tavan olsun», - yolu kəsən qadınlardan biri vurğulayıb.

Etirazlardan sonra hadisə yerinə gələn məmurlarla aksiya iştirakçıları arasında dialoq başlayıb.

Prospektin bağlandığı müddətdə avtomobillərin tıxacı yaranıb.

Hələlik, baş verənlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Daxili İşlər Nazirliyinin münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG