Keçid linkləri

2025, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 23:16

Məcburi köçkünlər ev istəyir


Bakıda müharibə xarabalıqlarını xatırladan yataqxana
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Bakıda müharibə xarabalıqlarını xatırladan yataqxana

Bir qrup məcburi köçkün aprelin 29-da Nizami Rayon İcra Hakimiyyətinin önünə toplaşıb, sosial məzmunlu tələblər irəli sürüblər.

Məcburi köçkünlərin sözlərinə görə, onların yaşadıqları yataqxana qəzalı vəziyyətdədir.

«Binanın hər mərtəbəsində 24 ailə yaşayır, ümumi olan tualet, hamam antisanitar haldadır. Bəzi pilləkənlərdə isə pillələr yoxdur, kanalizasiya suları yuxarıdan birinci mərtəbəyə axır», - məcburi köçkünlər deyiblər.

Etiraz edənlərin iddialarına görə, nə rayon icra hakimiyyəti, nə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onların problemləri ilə maraqlanır.

Aksiya iştirakçıları Birinci vitse-prezident Mehriban Əliyevaya şifahi şəkildə müraciət etdiklərini söyləyiblər. Onlar Birinci vitse-prezidentdən problemləri ilə şəxsən məşğul olmağı və məcburi köçkünlərdən ötrü tikilən binalarda mənzillə təmin edilmələrini istəyiblər.

Daha sonra rayon icra hakimiyyətinin başçısının məcburi köçkünləri qəbul etdiyi açıqlanıb. Qəbulda iştirak edənlərin sözlərinə görə, başçı onların işi ilə xüsusi komissiyanın məşğul olacağını bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də bildiriblər ki, şikayət öz həllini tapacaq. Komitədən vurğulayıblar ki, söhbət Babək prospekti 79-da yerləşən məcburi köçkünlərdən gedir. «Məcburi köçkünlərin yeni mənzillə təminatı hər zaman prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir», - Komitədən deyiblər.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib, sakinlər köçkün düşüblər.

Rəsmilərin bildirməsinə görə, bu vaxta qədər qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6 milyard manatdan çox xərc çəkilib. Görülən işlər nəticəsində onlara 100-ə yaxın şəhərcik təhvil verilib. Amma köçkünlərin bir qismi hələ də Bakıda və ölkənin müxtəlif bölgələrində yataqxanalarda qalırlar. Yataqxanaların bir çoxunun qəzalı olduğu vurğulanır.

XS
SM
MD
LG