Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:16

Müxalifətin 'dəyirmi masa' iştirakçıları bəyanat verib


Dəyirmi masa
Dəyirmi masa

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında bir sıra müxalif liderlərin və vətəndaş cəmiyyəti nümayəndələrin iştirak etdiyi “dəyirmi masa”nın qapalı müzakirəsindən sonra onlar toplantının nəticələrinə dair bəyanat yayıblar.

Bəyanatda yazılıb ki, “dəyirmi masa” iştirakçıları Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və avtoritar rejimlə mübarizədə funksional razılığa gəliblər.

“Dəyirmi masa” iştirakçıları həm müxalifəti, həm iqtidarı siyasi mübarizədə mənəvi-əxlaqi dəyərlərə, etik normalara əməl etməyə səsləyib.

İştirakçılar həmçinin beynəlxalq qurumlara müraciət edərək, Azərbaycanda fundamental insan hüquqlarının pozulmasına göz yummağa, ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini daha təsirli vasitələrlə tələb etməyə dəvət edib.

Sonda iştirakçılar Azərbaycan hakimiyyətindən Konstitusiya və qanunlara əməl etməyi, korrupsiyaya son qoymağı, xalqın səsini dinləməyi tələb ediblər.

Bəyanatda yer alan fikirlərə, hələlik, Azərbaycan hakimiyyəti və beynəlxalq təşkilatların təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

Amma onlar bir qayda olaraq bildirirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, xalq müxalif qüvvələrin istək və tələblərini dəstəkləmir.

***

Bu gün, noyabrın 5-də Müsavat Partiyasının qərargahında bir sıra müxalif siyasi qurum rəhbərlərinin, ekspertlərin ölkədəki ictimai-siyasi vəziyyət və bundan çıxış yolları ilə bağlı toplantısı keçirilib.

Qapalı toplantıdan öncə dəyirmi masa iştirakçıları mətbuat qarşısında açıqlama ilə çıxış ediblər.

Toplantıda siyasi ekspert kimi Hikmət HacızadəMehman Əliyev, siyasətçilərdən Pənah Hüseyn, İsa Qəmbər, Əli İnsanov, Əli Kərimli Arif Hacılı iştirak edib.

Milli Şura sədri Cəmil Həsənli və ReAL Partiyasının sədri İlqar Məmmədovun da dəvətli olduğu bildirilib. Amma qeyd edilib ki, onlar xaricdə olduğundan dəyirmi masaya qatıla bilməyiblər.

Toplantının təşkilatçısı Müsavat Partiyası başqanı A.Hacılı olub.

«Azərbaycanda yeni bir siyasi şərait yaranıb»

A.Hacılı bildirib ki, toplantının əsas məqsədi ölkədəki siyasi qüvvələrin öz fəaliyyətini koordinasiya etməsi barədə xalqdan sifarişlər almalarıdır. Onun qeyd etməsinə görə, Azərbaycanda yeni bir siyasi şərait yaranıb, bu, ölkədə dəyişiklikləri labüd edir.

Ə.İnsanov da çıxışında deyib ki, ictimai-siyasi durum bərbad vəziyyətdədir. Onun vurğulamasına görə, indi müəyyən qərarlar qəbul edilməsi zərurətə çevirib: «Hesab edirəm ki, bu, xalqın sosial sifarişinin nəticəsidir. Biz də xalqın dediyinə, onun istəyinə əməl etməliyik. Burada heç kəs nəyəsə nail olmaq üçün mübarizə aparmır, hər kəsin arzusu xalqı azadlığına qovuşdurmaqdır».

Ə.İnsanov vurğulayıb ki, ilkin mərhələdə sərbəst toplaşmaq azadlığı əldə olunarsa, erkən parlament və prezident seçkilərinin keçirilməsini tələb etmək olar.

«…Hətta xalqı aldatmaq, imitasiya etmək potensialını da tükədib»

AXCP sədri Ə.Kərimli də deyib ki, İlham Əliyev rejimi tamamilə tükənib, hətta xalqı aldatmaq, imitasiya etmək potensialını da tükədib. Onun sözlərinə görə, artıq xalqın sifarişidir ki, ölkədə köklü siyasi dəyişikliklər baş versin: «Yanvarın 19-da və oktyabrın 19-da keçirdiyimiz iki böyük mitinq ölkədə yeni siyasi situasiya yaradıb. Hakimiyyətin zorakılığına baxmayaraq, 10 minlərlə insan ölkənin dəyişdirilməsi üçün ayağa qalxır. Hakimiyyətin zor, işgəncə aparatı xalqı durdura bilmir».

Ə.Kərimli həmçinin vurğulayıb ki, müxalifət daxilində mübarizə pislənilməli və arxa palan keçməlidir.

«Qarabağ məsələsi…»

Siyasətçilərdən Müsavat Partiyasının keçmiş başqanı İ.Qəmbər da qeyd edib ki, hazırda mürəkkəb bir dönəm yaşanır və bu istiqamətdə ciddi addımlar atılmalıdır: «Xalq açıq, aydın rejimin dəyişməsini istəyir».

İ.Qəmbər hesab edir ki, demokratik düşərgə birgə qərarlar versə, böyük maraq və etimadla qarşılanacaq.

İ.Qəmbər deyib ki, Qarabağ məsələsi də daxil olmaqla azad seçki, sərbəst toplaşmaq və bütün azadlıqların təmin edilməsi müxalifətin maraq dairəsinə daxildir.

«Turan» agentliyinin direktoru M.Əliyev də deyib ki, ölkədə sistem böhranı var.

Daha sonra ekspert H.Hacızadə çıxış edərək hakimiyyətə, xalqa, Qərb təşkilatlarına müraciət ünvanlamağın vacibliyindən bəhs edib.

Xalq Partiyasının sədri P.Hüseyn isə, öz növbəsində, toplantının əhəmiyyətindən və görülməli olan işlərdən danışıb. O deyib ki, vəziyyətdən çıxış yolu vətəndaşın fəallığından asılıdır.

Dəyirmi masada səslənən fikirlərə, hələlik, hakimiyyətdən münasibət almaq mümkün olmayıb. Hakimiyyət rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların qeyd etməsinə görə, hakimiyyət və xalq birliyi mövcuddur. Üstəlik, rəsmilər polisdə və başqa saxlanma yerlərində işgəncələrin olması ilə bağlı iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG