Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Aprel, şənbə, Bakı vaxtı 14:36

Müxalifətçilər belə total kampaniya görmədiklərini deyirlər


Müxalifət etiraz mitinqində "siyasi məhbuslar"ın azad edilməsi və korrupsiyaya son qoyulmasını tələb etdi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Müxalifət etiraz mitinqində "siyasi məhbuslar"ın azad edilməsi və korrupsiyaya son qoyulmasını tələb etdi

Müxalif qüvvələrin son mitinqindən sonra bəzi siyasi fəallar, xüsusən də AXCP və Müsavat üzvləri polisə çağrılır. Bu haqda onlar sosial mediada yazırlar.

AXCP üzvü Şakir Məmmədov AzadlıqRadiosuna danışır ki, mitinqin ertəsi günü gecə saatlarında Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb və ona orda «Yanvarın 19-da harada idin» sualı verilib. Onun iddiasına görə, həmin gün idarədə 20-dək AXCP üzvü və bitərəf siyasi fəalla rastlaşıb.

«Gedəndə gördüm ki, bütün otaqlarda hamısı AXCP üzvləri, siyasi fəallardır»

«Mənim telefonum dostumun adınadır, gecə saat 12-də zəng vurdu ki, həyətə düş, səninlə görüşmək istəyirəm. Mən yaşadığım 17-ci mikrorayonda 36 saylı binanın həyətinə düşəndə dostumla yanaşı, iki polis də məni qarşıladı. Maşına oturanda soruşdular ki, telefonun kimin adınadır. Cavab verdim ki, «bax, bu oğlanın». Sonra da «qorotdel»ə apardılar. Onlara dedim ki, «bu hərəkət qanunsuzdur, mənə çağırış vərəqəsi göndərin, elə gəlim». Cavab verdilər ki, «rəisin xahişidir». «Polisə müqavimət» adı qoya bilərdilər deyə, getdim. Gedəndə gördüm ki, bütün otaqlarda hamısı AXCP üzvləri, siyasi fəallardır. Üç otaq gəzdirdilər. Elə hər kabinetdə soruşurdular ki, yanvarın 19-u harada idin, cavab verirdim ki, «mitinqdə». Axırda rəis müavininin otağına apardılar. O da «Bunu yola salın, köhnələrdəndir» söylədi», – Ş.Məmmədov danışır.

«Deyiblər ki, sizin adınız filan cinayət işində keçir»

Müsavat Partiyasının Divan üzvü Alya Yaqublu da yanvarın 21 və 22-də israrla polisə çağrıldığını, yeni salınan qəsəbədə yaşadığından sahə müvəkkilinin təkidlə ondan dəqiq ünvanı soruşduğunu bildirir. Ancaq o, rəsmi çağırış vərəqəsi göndərilmədən idarəyə getməyəcəyini vurğulayır.

Müsavatçı xanımın sözlərinə görə, tək onu yox, tanıdığı xeyli sayda müsavatçını polisə çağırıblar, hətta bəzilərini evdən aparıblar və hamısından mitinqdə olub-olmadıqlarını soruşublar. O, bu yolla adamların gözünü qırmağa, qorxutmağa çalışdıqlarını qeyd edir: «Bir çoxuna söhbətin əvvəlində deyiblər ki, sizin adınız filan cinayət işində keçir. Məsələn, bizim partiyadan iki qadına belə söyləyiblər. Həmin şəxslərin çoxu bunu ictimailəşdirməyiblər. Bəzilərinə zəng edirlər ki, sənin nömrən, ya telefonun oğurluqdur. Üstəlik də, qeyri-rəsmi çağırırlar. Bu absurddur».

N.Həzi
N.Həzi

Müsavatçı fəal Nigar Həzi Facebook-da yazır: «İki saat bundan əvvəl Xətai Rayon Polis İdarəsindən Roman Allahverdiyev adlı əməliyyatçı mənə zəng etmişdi. Guya mənim nömrəm hansısa oğurluq telefonla əlaqəli olub. (Qeyd edim ki, nömrəmi 10 ildən çoxdur ki, işlədirəm.) Hərçənd ki, Roman bəy heç cümləni düz-əməlli düzüb qoşa da bilmədi. Aydınlaşdırmaq üçün idarəyə gəlməmi söylədi. Dedim, bu çağırış mitinqə görə olmasın? Sağ olsun, o, da heç nə demədi. İş kimin icraatındadırsa, həmin şəxsə-Tural bəyə zəng edib soruşuram ki, məni niyə çağırırsınız. Dedi, mənim xəbərim yoxdur».

Yanvarın 23-də iqtisadçı Qadir İbrahimli də ona Lənkəran Polis İdarəsindən zəng edərək yanvarın 19-da harada olduğunun soruşulduğunu yazır. «Sualları cavabsız qoyurdum və asayiş keşikçilərinə izah etməyə çalışırdım ki, bunlara cavab vermək öhdəliyim yoxdur. Axırda «mustafa»nı dedilər – «Mitinqdə iştirak etmisiniz?». Əsəbi şəkildə «bəli, bundan sonrakı mitinqdə də iştirak edəcəyəm, bu mənim öz işimdir, sizə dəxili yoxdur, daha narahat etməyin» cavabından sonra söhbət qapandı, daha doğrusu, hələ ki qapanıb...», – Q.İbrahimli yazır.

«İlk dəfədir ki, insanlara bu səviyyədə total basqı var»

Siyasi fəallar polisə çağrılmalarını bircə səbəblə izah edirlər – yanvarın 19-da keçirilən mitinqin izdihamlı olması ilə. AXCP üzvü Ş.Məmmədovun fikrincə, məqsəd fəalları qorxutmaq, mitinqə getməkdən çəkindirməkdir: «Deyə bilmirlər ki, siz mitinqə getməyin. Polisə aparmaqla psixoloji təsir göstərirlər».

Polis
Polis

Müsavatçı A.Yaqublu da son mitinqə çox sayda insan gəldiyi üçün hakimiyyətin narahat olduğunu və bu səbəbdən də mitinq iştirakçılarına qarşı total kampaniyaya başladıqlarını söyləyir: «Hakimiyyət ciddi şəkildə narahat olmasaydı, Mehman Hüseynovla bağlı açılmış ikinci cinayət işinə o qədər sürətlə xitam verilməzdi. İkincisi də, əvvəllər də mitinq sonrası evlərə getmək təcrübəsi olub. Amma indiyə qədər bu səviyyədə kampaniya görməmişəm. İlk dəfədir ki, insanlara bu səviyyədə total basqı var. Polis işini-gücünü atıb mitinqə gedənlərin evini axtarır. İstəyirlər növbəti mitinqə adam az gəlsin».

AzadlıqRadiosu Daxil İşlər Nazirliyinə zəng vuraraq baş verənlərin səbəbi ilə maraqlanıb. Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı yanvarın 22-də Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumat yaydığını və suallara orda cavab verildiyini deyib.

DİN aksiya təşkilatçı və iştirakçılarına xəbərdarlıq edib

Həmin məlumatda qeyd edilir ki, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının yaxınlığında «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar qanunsuz küçə yürüşünə cəhd ediblər.

Birgə məlumatda aksiyanın təşkilatçılarının polisə dəvət edildikləri bildirilir. Deyilir ki, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, əhalinin rahatlığının, müəssisə və idarələrin fəaliyyətinin pozulması təkrarlanacaqsa, aksiya təşkilatçıları və iştirakçılarının məsuliyyətə cəlb ediləcəkləri ilə bağlı onlara xəbərdarlıq edilib.

«Cinayət məsuliyyəti də daxil olmaqla barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar edilmişlər», – açıqlamada yazılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovsa «kütləni idarə edə biləcəkləri vaxtadək belələrinə hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı» Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırmaq niyyətindədir.

Ş.Hacıyev
Ş.Hacıyev

«Hakimiyyət qorxur»

Baş verənləri şərh edən «Turan» xəbər agentliyinin redaktoru Şahin Hacıyev də hesab edir ki, hakimiyyət qorxur. O, son mitinqdəki kütləviliyin Azərbaycan cəmiyyətinin «hakimiyyətin həyasızlığına əks reaksiya» verməsi kimi dəyərləndirir: «Onlar cəmiyyətdə narazılıq olmasına inanmaq istəmirdilər. Amma o qədər adamın mitinqə gəlməsi, hakimiyyətə qarşı aqressivliyi hakimiyyəti qorxudur. Camaatın sözünü deməməsinin yeganə yolunu onu sıxışdırmaqda, təzyiq göstərməkdə, qorxutmaqda görürlər».

Ancaq o bu davranışın effekt verəcəyinə inanmır. «Kimisə qorxudacaqlar, əlbəttə, ancaq hamını qorxutmaq mümkün deyil», – deyə əlavə edir.

AzadlıqRadiosu baş verənlərə hakimiyyətdən reaksiya ala bilməsə də, bir gün öncə deputat Aqil Abbas bu haqda demişdi: «Nə mitinq? Əlli dəfə belə mitinq olub».

Z.Oruc: «Dövlət rəhbəri səfərini təxirə salıb, ya...?»

Hakimiyyətyönlü deputat Zahid Oruc da hakimiyyətin mitinqdən narahat olması haqda fikirlərlə razılaşmır. Fikrini əsaslandırmaqdan ötrü müxalifətin tribunadan səsləndirdiyi fikirlərə diqqət çəkir: «Özləri dedilər ki, bu meydan dolub-daşsaydı, başqa ünvanlara üz tutardılar, yeni hədəflərə can atardılar. Özləri də etiraf edirlər ki, deyəsən, bu «İnşaatçılar» metrostansiyasının həndəvəri siyasi dalandır. Burdan tərəfdarlarını, sabit narazı elektoratı təşkilatlandırıb mühüm dövlət binalarına doğru aparmaq mümkün deyil».

Z.Oruc
Z.Oruc

Deputat başqa bir məqama da aydınlıq gətirir, o, birləşmiş müxalifətin aksiyasına gələnlərin sayının az olduğu qənaətindədir: «Qoy olsun, lap onların dediyi kimi, 20 min. Axı, hakimiyyətin siyasi xəttinə qarşı olanların sayı elə 20 mindirsə bu, çox kiçik rəqəmdir. Mötədilliklə yanaşıb keçmişdə «Qələbə» meydanına 50-60 min adam toplaşdığını desək, hətta o vaxtlarda belə bu mitinqlər siyasi nəticələr doğurmayıb. 100-200 min, yarım milyon insan toplaşardısa, bu, alternativ güc mərkəzinin olduğunu göstərərdi».

O ki qaldı müxalifətçilərin polisə çağrılmasına, Z.Orucun izahı da hüquq-mühafizə orqanlarının mövqeyi ilə üst-üstə düşür. O, mitinqdən sonra aksiyanın keçirildiyi ərazidən kənarda toqquşmalar baş verdiyini söyləyir: «Bakı Şəhər Baş Polis İdarəsinin bəyanatı da buna bağlıydı, yoxsa hansısa qorxu, xof olması haqda iddialar əsassızdır. Dövlət rəhbəri səfərini təxirə salıb, ya nazirliklər işini dayandırıb müxalifətin qətnaməsini gerçəkliyə çevirir? Bu, müşahidə olunmur, axı».

Z.Oruc əmindir ki, müxalifətin mitinq eyforiyası qısa çəkəcək.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası və bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirib. Aksiyada hakimiyyət korrupsiyada da günahlandırılıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Dünən, yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG