Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 10:25

Təzəxan Mirələmliyə cinayət işi açılıb


T.Mirələmli

"Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli cinayət məsuliyyətinə cəlb edilib. Aprelin 13-də ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. T.Mirələmli fevralın 26-da - Xocalı faciəsinin ildönümüylə əlaqədar anım mərasimində özünü videobloqer kimi təqdim edən Ata Abdullayevə xəsarət yetirməkdə suçlanır. Cinayət işi də A.Abdullayevin şikayəti əsasında başlanıb.

T.Mirələmli AzadlıqRadiosuna bildirib ki, birinci dəfə bu iş üzrə bir ay öncə şahid qismində dindirilmişdi. Aprelin 13-də səhər saatlarında Xətai rayon Polis İdarəsinin müstəntiqi onu idarəyə çağırıb, vəkillə birlikdə gəlməsini istəyib: "Məlum vəziyyətlə əlaqədar vəkilə müraciət etmək, müqavilə bağlamaq mümkün olmadı. Ona görə tək getdim. Amma idarədə mənə dövlət hesabına vəkil təyin edildi. 13 saylı vəkil bürosunun üzvü Rəşad Abdinov idi. Təqsirləndirilən şəxs qismində cəlb olunmağım barədə qərarı verdilər, ittihamı elan etdilər, bəzi iş materiallarıyla tanış oldum".

T.Mirələmli barəsində ilkin istintaq dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Jurnalist deyir ki, tanış olduğu materiallar arasında A.Abdullayev haqqında ekspertizanın verdiyi rəy də olub. T.Mirələmli ekspert rəyindən narazı qaldığını, bu haqda etirazını bildirdiyini vurğulayır: "Mən ona xəsarət yetirməmişəm. Həmin gün başqa adamlarla da problemi olub. Gerçəkdən xəsarəti olubsa da, bəlkə elə onda alıb...".

T.Mirələmli özünü təqsirli bilmir. A.Abdullayev isə jurnalistin ona hücum edib, xəsarət yetirdiyini iddia edir.

CM-in 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

T.Mirələmli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir.

XS
SM
MD
LG