Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:00

Müsavat və Milli Şura Novxanıda mitinq keçirib


Müsavat Partiyası
Müsavat Partiyası

Bu gün, yanvarın 31-də Müsavat Partiyasının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki heykəli önündə mitinq keçiriblər. Saat 12:00-dan başlayan və bir saat davam edən mitinq M.Ə.Rəsulzadənin 135-ci doğum ilinə həsr edilib. Aksiya iştirakçıları əllərində M.Ə.Rəsulzadəyə məxsus «İnsanlara hürriyyət, millətlərə müstəqillik» sözlərinin yazıldığı iri plakat tutublar.

Mitinqdə çıxış edən Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı deyib ki, hakimiyyət Rəsulzadə ilə mübarizə aparır. O vurğulayıb ki, Rəsulzadədən qorxurlar: «Çünki bilirlər ki, Rəsulzadə yolu ilə gedənlərə məğlub olacaqlar».

S.Soltanlı habelə, bu günlər M.Ə.Rəsulzadənin doğulduğu evin önünə vurulan barelyefin oğurlanması və sonradan vurulan lövhədə «müsavat» və «cümhuriyyət» sözünün yer almamasına münasibət bildirib: «Amma onlar nəyi silirlərsə, həmin anlayışlar insanların ürəyinə köçür».

Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı danışanda isə elektrik kəsilib. Bundan sonra heykəlin önündə «istefa» şüarı səslənib.

Daha sonra elektrik bərpa olunub.

Müsavat Partiyasının keçmiş sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki, Azərbaycanın xoşbəxtliyi M.Ə.Rəsulzadə yolu ilə bağlıdır: «Bakıda yüzlərlə heykəl ucadırlar. Amma Bakıda Rəsulzadəyə heykəl ucaltmırlar».

İ.Qəmbərin deməsinə görə, hələ Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Bakıda M.Ə.Rəsulzadəyə heykəl ucaltmaq haqqında tapşırıq verilib. Onun qeyd etməsinə görə, Ömər Eldarov heykəli hazırlayıb. İ.Qəmbər əlavə edib ki, 1994-cü ildə Ö.Eldarovun emalatxanasında M.Ə.Rəsulzadənin çox gözəl heykəlini görüb.

«Rəsulzadənin həmin emalatxanada girov qalan heykəlinə azadlıq tələb edirik», - deyə o vurğulayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə M.Ə.Rəsulzadəni «Azərbaycan tarixinin ən böyük şəxsiyyəti» adlandırıb. ​«Bu dövlət hər kəsə bərabər imkanlar yaratmışdı», - deyə o qeyd edib.

A.Hacılı çıxışının sonunda da vurğulayıb ki, Rəsulzadə ideyaları qalib gələcək.

Milli Şura
Milli Şura

Milli Şuranın mitinqi

Saat 13:00-da isə M.Ə.Rəsulzadənin Novxanı kəndindəki heykəlinin önünə Milli Şura üzvləri gəliblər.

Mitinqin aparıcısı, Milli Şuraya daxil olan AXCP-nin Rəyasət Heyətinin üzvü İlham İsmayil deyib ki, M.Ə.Rəsulzadə dəyərləri tapdalanır. Onun vurğulamasına görə, əgər M.Ə.Rəsulzadə «Yaşa, yaşa Azərbaycan» deyirdisə, indi də «Yaşa, yaşa korrupsiya» deyirlər.

İ.Hüseyn danışarkən elektrik yenidən kəsilib və meydanda yenə «istefa» şüarları səslənib.

Elektrik verilişi bərpa etdikdən sonra çıxış edən AXCP sədri Əli Kərimli isə M.Ə.Rəsulzadəni «Azərbaycanın gerçək lideri» adlandırıb. Onun vurğulamasına görə, M.Ə.Rəsulzadə əqidəyə sədaqətin nümunəsini yaradıb.

Ə.Kərimli daha sonra deyib: «Böyük Rəsulzadənin yaşadığı məhrumiyyətlə müqayisədə məhrumiyyətdən danışmaq yersizdir».

Ə.Kərimli qeyd edib ki, M.Ə.Rəsulzadə öz ailəsini Azərbaycan yolunda qurban verib. Onun sözlərinə görə, M.Ə.Rəsulzadə bir nümunədir: «Azərbaycan üçün yaşayıb, Azərbaycan üçün ölməyin nümunəsidir».

Sonra meydanda «Rəsulzadə» şüarı səslənib.

«Rəsulzadə ideyaları ölməyib. Azərbaycanı üçüncü dəfə Cümhuriyyət qurmağa ruhlandırır», - deyə Ə.Kərimli sözlərinə davam edib.

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli də M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən geniş bəhs edib. C.Həsənlinin deməsinə görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) təkcə Şərqdə ilk demokratik respublika olmayıb. Onun vurğulamasına görə, hətta 1919-cu ildə bəzi avropalılar AXC-ni Birinci Dünya müharibəsindən sonra bir sıra Avropa ölkələrinə nümunə sayıblar.

C.Həsənli deyib ki, 100 il sonra Azərbaycan dünyada korrupsiya ilə tanınır. Onun qeyd etməsinə görə, Rəsulzadənin qurduğu Cümhuriyyətdə indi korrupsiya siyasəti cövlan edir.

Ancaq ölkə rəsmiləri korrupsiya ilə bağlı tənqidləri düzgün saymırlar. Onlar deyirlər ki, Azərbaycanda korrupsiya ilə ciddi mübarizə aparılır və bundan ötrü hakim iradə var.

Üstəlik, onlar 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsini xatırladaraq Cümhuriyyət qurucularına ögey münasibətlə bağlı deyilən fikirləri də qəbul etmirlər.

Xatırlatma

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 135-ci doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində, tanınmış ruhani ailəsində doğulub. O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb. M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG