Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Müsavatın piketinə imkan verilməyib, saxlananlar var


Bakıda aksiya. 17 iyul 2019
Bakıda aksiya. 17 iyul 2019

Piketdə saxlananların hamısı buraxılıb

Müsavat Partiyasının bu gün, iyulun 17-də keçirmək istədiyi aksiyada saxlananların hamısının buraxıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasından məlumat veriblər. Partiyadan bildirildiyinə görə, saxlananlar heç polis idarəsinə aparılmayıblar. «Onları elə ayrı-ayrı yerlərdə avtomobillərdən düşürərək yola salıblar», - partiyadan vurğulayıblar.

+++

Müsavat Partiyasının Gənclər Təşkilatının bir qrup üzvü iyulun 17-də İranın Bakıdakı səfirliyi önündə aksiya keçirməyə cəhd edib.

Partiyadan bildirildiyinə görə, aksiyanın keçirilməsində məqsəd İranda etnik azərbaycanlılara basqılara və bu ölkənin Ermənistanla hərbi əməkdaşlığına etiraz bildirməkdir.

Onlar «Azadlıq» şüarı səsləndirərək İran səfirliyinə doğru hərəkət ediblər.

Amma polis aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığını əsas göstərərək ona imkan verməyib. Təşkilatçıların qeyd etməsinə görə, polislər bildiriblər ki, yalnız 3 nəfər səfirliyə gedib aksiyanın qətnaməsini təqdim edə bilər.

Tərəflər arasında razılıq əldə edilməyib, partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyev və bəzi şəxslər saxlanıb.

Saxlananların arasında keçmiş məhbus, partiyanın fəalı Tofiq Yaqublu da olub. Saxlananların Səbail Rayon Polis İdarəsinə aparıldığı bildirilir. Amma bu məlumatı, hələlik, bu idarədən və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Müsavat Partiyasının Gənclər Komitəsi iyulun 17-si İranın Bakıdakı səfirliyi önündə aksiya keçirməkdən ötrü Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi. Amma müraciətə müsbət cavab verilməmişdi. Təşkilatçıların vurğulamasına görə, BŞİH cavab məktubunda Müsavat Partiyasına etirazla bağlı İran səfirliyinə yazılı şəkildə müraciəti tövsiyə edib. Müsavat Partiyası isə cavab məktubunu sərbəst toplaşma hüququnun pozulması kimi qiymətləndirmişdi.

Baş verənlərə, hələlik, Azərbaycanın rəsmi qurumları və İranın bu ölkədəki səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İranda yaşayan etnik azərbaycanlıların bir sıra hüquqlardan məhrum edildiyi bildirilir. Verilən məlumatlara görə, onlar ana dilində təhsil almaqdan belə məhrumdurlar. İran rəsmiləri bununla bağlı tənqidləri qərəzli, qızışdırıcı sayırlar.

Son vaxtlar Azərbaycan mediasında İran-Ermənistan hərbi əməkdaşlığına aid də bir sıra məlumatlar yer alıb.

«Turan» agentliyinin xəbərinə görə, iyunun 25-dən 30-na Moskvaətrafı Kubinka qəsəbəsində keçirilən «Ordu» beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal olunan «Naim-802» radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib. Xəbərə görə, RLS-dən uçan hədəflərin aşkarlanması, hədəfi məhv etmək məqsədilə koordinatların verilməsi üçün istifadə edilməlidir. «Naim-802»nin Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda (ERNISS) hazırlandığı bildirilir.

1988-ci ildə başlanan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərgin münasibətlər hökm sürür.1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycan ərazilərinin 20 faizi işğal edilib. Bu münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG