Keçid linkləri

Təcili xəbərlər
2019, 25 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:15

Müsabiqəyə qatılan müəllim: 'Nəticə belə də gözlənirdi'


S.Səfərov

Təhsil Nazirliyinin keçirdiyi «İstedadlı şagirdlərə istedadlı müəllim» müsabiqəsində göstərdiyi nəticə ilə seçilən üç müəllimdən biri, Neftçala rayon Xıllı qəsəbəsinin orta məktəb müəllimi Seyran Səfərov AzadlıqRadiosuna müsahibə verib.

Həmin müsabiqədə yüksək nəticə göstərən üç müəllimdən biri onun orta məktəb müəlliməsi Sevda Əsgərlidir - 95 faiz nəticəylə öndədir, özü isə 87 faizlə.

«Mən özüm 1985-ci ildə olimpiada qalibi olmuşam. Həkim olmaq istəyirdim. Sevda müəllimə gəlib fizika dərsində başımızı necə xarab etdisə, valı necə dəyişdirdisə, bu elmə necə vuruldumsa, bir də xəbər tutdum ki, olimpiya qalibiyəm», – S.Səfərov müsahibədən sonra söyləyir. Zarafatla fizika müəllimi olmağından şikayətlənsə də, öz oğlunu da fizika üzrə olimpiadaya hazırladığını bildirir.

O ki qaldı müsabiqədə nəticələrin zəif olmasına....

- Seyran müəllim, müsabiqədə iştirak edən biri kimi nəticələri siz necə dəyərləndirirsiniz? Bunu rüsvayçılıq kimi qiymətləndirən də vardı, müsabiqəyə qatılan müəllimlərə haqq verərək «olimpiada sualları ağırdır» deyə düşünənlər də.

- İndiki durumda nəticələr belə də gözlənirdi. İndi respublikada hamı test suallarına oturub. Ona görə də bu problem ortaya çıxdı. Biz sovet dövründə təhsil almışıq. O vaxt ali məktəbə hazırlaşan uşaqlar bu tip suallara cavab verməliydilər, adicə uşaqlar bu sualları bilməliydilər. Gör indi müəllimlər hansı səviyyədə olmalıydı da. Ona görə deyirəm ki, indiki dövrdə nəticə belə olmalı idi.

- Yəni siz indi ali məktəblərə qəbul zamanı verilən sualların daha bəsit olduğunu düşünürsünüz?

- Testin suallarını bilirsiniz də, «salam, sağ ol»dur. Çox sadədir, tapmaca formasındadır. Test suallarına ayrılan vaxta baxaq, maksimum 1 dəqiqəyə həll olunmalıdır. 1 dəqiqəyə həll edilən sual da necə olmalıdır? Ona görə də testə köklənən müəllimlərin olimpiada suallarına cavabı belə də olmalı idi, nəticə gözlənilən idi. Respublikada bu işlə məşğul olan çox azdır, nəticələr də bunu göstərdi. Müəllimləri də qınamaq olmaz. Suallar asan deyildi. Onları həll etməyə xeyli vaxt lazım idi. Düzdür, suallar orta məktəb çərçivəsində idi, ancaq proqram dərinləşdirilmişdi. Müəllimlər o sualları cavablandırmaqdan ötrü çox şey bilməlidirlər. Özü də müsabiqə elan olunandan 5-10 gün sonra keçirildi. Həmin müddətə də müəllimlər köklənib hazırlaşa bilməzdilər. Ancaq müsbət nəticəsi də var, artıq respublikada canlanma yaşanır. Mənim 49 yaşım var, gənc müəllimlər zəng edib soruşurlar, maraqlanırlar. Deyirəm, fizika bədii kitab deyil, oxuyub hazırlaşasan, heç olmasa, növbəti ilə kimi normal uşaq tapın, onu hazırlaşdırmaqla özünüz də hazırlaşın, qayda belədir. Bir də, müsabiqədəki sualların həlli zaman tələb edirdi. Ona görə mən hesab edirəm ki, olimpiadada test sualları, qapalı suallar salmaq düz deyil. Adam var necə gəldi yazıb, ancaq cavab düz çıxıb, yaxşı gətirib. Olimpiada məsələlərini həll edərək tapmaq lazımdır. Ola bilər, kimsə bir yerdə adi səhvə yol verdiyindən doğru cavabı ala bilməyib. Bunu da yoxlayanda üzə çıxarmaq olur. Olimpiada dədə-babadan test yolu ilə keçirilməyib. Sadəcə, testi yoxlamaq asan olduğundan, qalmaqaldan uzaq almaq üçün buna, rahat yola üstünlük veriblər.

S.Səfərov şagirdləri ilə
S.Səfərov şagirdləri ilə

- Adi halda müsabiqəyə qatılan müəllimlərin nə qədəri sualları doğru cavablandırmalı idi? Axı, elə sahə var orda cəmi 1 faiz düz cavab verə bilib. Ekspertlərə görə, bu, biabırçılıqdır.

- Biz bunu hansı müəllimdən tələb edirik? Finlandiyanın təhsili ilə bağlı bir kitabda oxumuşdum ki, sahib olmadığın şeyi başqasına verə bilməzsən. Müəllimin özünün bazası olmalıdır. 300-400 balla instituta girən müəllimdən nə tələb edə bilərik? 600-dən yuxarı bal toplayan uşaq müəllimliyə gedərsə, biz nəticə, məsələn, 50 faizdən yuxarı nəticə tələb edə bilərdik. Ancaq indiki halda belə də olmalı idi. Bir şey deyim, hələ nə qədər tanıdığım adam qorxdu, çəkindi, bu müsabiqəyə gəlmədi. Mən öz rayonumuzdan bilirəm. Hamısı kənardan azarkeşlik edirdi, görək nə olacaq. Özləri dedilər ki, qorxduq, nəticə zəif olacaq, məşğələyə gələn 5-10 uşağımız var, valideynlər onları da uzaqlaşdıracaq, «bu zəif imiş» söyləyəcəklər. O addan qorxdular deyə, gəlmədilər. Ona görə orda iştirak edən müəllimləri alqışlayıram, nəticəsindən asılı olmadan risk edib müsabiqəyə girdilər. Bəzilərinin nəticəsi zəif də olsa, iddialıdırlar, gələn ilə hazırlaşdıqlarını deyirlər.

- Seyran müəllim, 300-400 balla ali məktəbə qəbul olunan müəllimlərdən danışdınız...

- O bizim yaralı yerimizdir.

- Amma bu adamlar axı, həm də 4 il ali məktəbdə oxuyurlar. Doğrudanmı, ali məktəb bu uşaqlara heç nə öyrətmir?

- 300-400 balla ali məktəbə girən uşağın oxumağı necə olacaq? Görürük də, yüksək balla daxil olan necə oxuyur, aşağı balla daxil olan necə. Günlərini keçirirlər ki, kursdan-kursa keçsinlər. Bir də qabın tutumu var, 2 litrlik qaba artıq su tökmək olmaz, axı. O balı toplayanların ali məktəbə qəbulu qadağan edilməlidir. Xarici ölkələrdə yaşıl attestat alan, yəni çox yüksək nəticələri olan uşaqlar müəllimlik və həkimliyə sənəd verə bilərlər. Problemin qabağını əvvəlcədən alırlar. Bizdəsə 300 bal toplayan müəllim olur.

S.Səfərov dərsdə
S.Səfərov dərsdə

Məktəblərdə kişi müəllim qalmayıb. Mənim qızıl, gümüş medal alan olimpiada qaliblərim var, biri də gedib orta məktəbdə müəllim olmaq istəmədi, başqa sahəyə gedirlər, imkan tapan kimi də xaricə qaçırlar. Soruşursan: «Niyə müəllim olmaq istəmirsən?», cavab verirlər ki, «sizin əziyyətinizi görürük də, müəllim». Maaş azdır, hamı müəllimlikdən qaçır. Hətta qızlar da müəllimlikdən qaçırlar. 600-dən yuxarı bal toplayan qızlar deyir ki, «heyfdir, niyə gedim müəllim olum?». Bir-iki dənə sovet vaxtından müəllim qalıb. Cavan müəllimlərimizin arasında güclüsü nadir halda olur. Bismarkın bir sözü var: «Ağıl Yer kürəsini yerindən oynatmaq üçün lingdirsə, onun dayaq nöqtəsi puldur». Müəllimin maaşını qaldırsalar, gör 600-dən yuxarı bal toplayanlar arasında müəllimlik üstündə qırğındı, qırğın deyil. 615 bal toplayan şagirdim vardı, 15-ci yerdə müəllimliyi yazırdım, valideyn qoymadı ki, müəllim, ayıbdır, yığışdır onu. Repetitorluq olmasa, hamı müəllimliyin daşını atar, şəxsən elə mən də.

- Yeri gəlmişkən, olimpiada qalibi olan şagirdlərinizdən fizika sahəsində təhsilini davam etdirən varmı?

- Respublika olimpiadasında qalib olan şagirdimin biri – Ataş Ələsgərov indi Moskvadadır, Bakı Dövlət Universitetindən göndərdilər Lomonosov adına MDU-ya, sonra saxladılar orda, professordur. Qurban Nağıyev var, Dəyanət liseyində müəllim işləyir, sadəcə, Türkiyədə olduğundan bu müsabiqəyə qatıla bilmədi, yoxsa yüksək bal yığanlardan biri o olacaqdı. Qalanları müəllimliyə getmədi, hamısı kompüter sahəsinə, kompüter mühəndisliyinə getdi. Yaxşı şirkətlərdə işləyirlər, olimpiya çempionlarıdır, sürətli gedişləri olur, fərqli yollar tapırlar.

- Özünüz müəllim olduğunuza görə peşmansız?

- Mən Bakı Dövlət Universitetinə qəbul olunanda məqsədim müəllim olmaq deyildi. Mən Moskvaya getmək, orda elmlə məşğul olmaq istəyirdim. Sadəcə, həyat elə fırlatdı ki, müəllim oldum. Atam rəhmətə getdi, ev qaldı başsız, anam yaşlı idi, çağırdılar məni kəndə, «gəl, evə sahib çıx» dedilər. Ayağımı qaçaraq qoymuşdum ki, imkan düşəndə gedəcəm. Müharibə dövrü idi – 1993-cü il. Başladım kənddə müəllimlik etməyə. O müəllimlik edən, bu müəllimlik edən, qaldım kənddə. Savadlı uşaqları hazırlamağa başladım, 1999-cu ildə ilk şagirdim respublika qalibi oldu. Bir də baxdım 2005-ci ildə təhsil üzrə Əməkdar müəllim adı almışam. Hər il komanda çıxarırdım olimpiadaya. Məndə alınmasa da, ideyamı şagirdlərim gerçəkləşdirir. Şagirdim Moskvaya gedəndə ürəyimdən tikan çıxdı, başqa şagirdim Almaniyada «Mercedes Benz» şirkətində çalışır, olimpiya çempionlarından bir neçəsi Bakıda ali məktəblərdə dərs deyir. Bunların uğurunu görəndə ləzzət edir, deyirəm ki, dəyərmiş. Amma həm də təəssüflənirəm ki, bir məktəbdən bu qədər olimpiya çempionu var, gör ətraf kəndlərdə nə qədər uşaq itib-batır... İndi deyiblər rayonda bir olimpiya mərkəzi yaradılacaq. Görək də...

S.Səfərov və müəlliməsi S.Əsgərli
S.Səfərov və müəlliməsi S.Əsgərli

- Seyran müəllim, beynəlxalq olimpiadalarda respublika üzrə nəticələrin zəif olduğu deyilir, durumu dəyişmək üçün nə lazımdır?

- Beynəlxalq olimpiadaya uşaq çıxarmaq illərdir arzumdur. Bayaq dediyim dayaq nöqtəsi, pul məsələsi mane olur. Bizi boşa işlədirlər. Bizim müəllimlərimizin beynəlxalq olimpiadaya çıxmağa hazırlığı yoxdur, nəinki şagirdlərimizin. O şagirdləri hazırlamağa müəllim ordusu lazımdır. Əvvəlcə özümüzü hazırlaşdırmaq gərəkdir. 5-10 manatın xatirinə repetitorluq edirik. Təhsil naziri Misir Mərdanova da demişdim ki, bizə normal şərait yaradın, olimpiada ilə məşğul olaq. Bizi xaricə göndərmirlər, təcrübə mübadiləsi yoxdur. Harada hazırlaşaq? Problem olanda Moskvadakı şagirdimə müraciət edirəm, sağ olsun, oradakı alim yoldaşları ilə kömək göstərir. Ruslar olimpiadalarda hegemonluq edirlər, çünki onları hazırlaşdıranlar akademiklərdir, dərslik müəllifləridir, olimpiada sualları hazırlayanlardır, orta məktəb müəllimləri deyil, onları dünya tanıyır. Amma uşaqlarımız zəif deyil. Mən türk liseylərinin müəllimləri ilə əməkdaşlıq edirdim. Onlar deyirdilər ki, «onlarla ölkədə liseyimiz var, ən ağıllı uşaqlar azərilərdən çıxır». Beynəlxalq olimpiadaya uşaq hazırlamaq ən böyük arzumdur. Mən respublika olimpiadasına uşaqları şənbə-bazar hazırlayıram, pulsuz-parasız. Artıq səhhətim əvvəlki kimi əl vermir. Öz müəllimim – Sevda xanım da uşaq hazırlaşdırır, olimpiadaya hazırlıq kitabı yazır. Azərbaycan dilində material yoxdur. Əvvəl uşaqlara rus dilini də öyrədirdim. İndi tempdən düşmüşəm. Yaş, xəstəlik işini görür. Məktəbin istilik sistemi yox, qəzalı vəziyyətdədir. Problem çoxdur. O soyuq otaqda uşaqlara gecəyə kimi dərs deyirdim, vecimə də deyildi. Manyak kimi işləyirdim. İndi böyrəyimdə problem yaranıb, həkim deyir, soyuqdan büzüşüb. Səhhət problemi, evdə üç uşaq böyüyür, onların problemləri...

- Yəni durum ümidsizdir?

- Nazirlik müsabiqəni keçirirsə, yaxşıdır, imtiyazlar, üstünlüklər veriləcəyi deyilir, görək də... Bir söz var: dünyanı istedadlılar, savadlılar idarə edir, Volter deyir ki, dövləti zəiflədən amil pulun azlığı deyil, istedadın azlığıdır. Hər dövlət istedadlı adamları ilə tanınır. İstedadlı, savadlı uşaqları üzə çıxarmaq lazımdır, bu, böyük sərvətdir. Bizim rayonda kimya üzrə beynəlxalq olimpiadada ikinci yerə çıxan uşaq vardı, adı İlham. Sonradan eşitdik Rusiyada həbsdə ölüb. Günahdır bu. İndi kimya üzrə yaxşı müəllim axtarırıq.

Təhsil Nazirliyi dekabrın 15-də «İstedadlı şagird üçün istedadlı müəllim» adlanan müsabiqə keçirib. İmtahanda iştirak edən informatika müəllimlərinin yalnız 10 faizi sualların yarıdan çoxunu düzgün cavablandıra bilib. Və ya imtahanda iştirak edən 405 riyaziyyat müəllimindən 4 nəfəri təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib, fizika fənni üzrə 180 nəfərdən 11 nəfəri təqdim edilən 25 sualın yarıdan çoxunu doğru cavablandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG