Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Qarabağ döyüşlərində iştirak etsə də, veteran vəsiqəsini ala bilmir


Vəliəhəd Cəfərovun 56 yaşı var. O deyir ki, Qarabağ döyüşlərində iştirak etsə də, bunu təsdiqləyən “müharibə veteranı” vəsiqəsini ala bilmir.

Bundan ötrü xeyli vaxt Müdafiə Nazirliyinə gedib-gəlib, ancaq nəticəsi olmayıb. Ona görə də məhkəməyə üz tutub.

Könüllü cəbhəyə yollanıb

Vəliəhəd Cəfərovun sözlərinə görə, o, 18 yaşına çatanda keçmiş sovet ordusunda xidmət edib. 1990-cı illərin əvvəllərində Qarabağda döyüşlər başlananda, könüllü cəbhəyə yollanıb.

Onun sözlərinə görə, 1993-cü il noyabrın 17-dən 1994-cü il avqustun 28-nədək Füzuli rayonunun Horadiz qəsəbəsində döyüşlərdə olub. Məhkəmədən də istəyi budur ki, döyüş əməliyyatlarında iştirakı faktı təsdiqlənsin və bundan sonra Müdafiə Nazirliyi məcbur olub, ona veteran vəsiqəsini versin.

“Hərbi xidmətdən tərxis olunması barədə məlumat yoxdur”

Vəliəhəd Cəfərova “müharibə veteranı” vəsiqəsini verməkdən imtina edən Müdafiə Nazirliyi qərarını belə əsaslandırır:

“Onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat yoxdur”.

Vəliəhəd Cəfərov isə deyir ki, onun iştirakını həmin vaxt eyni hərbi hissədə xidmət etmiş yoldaşları da təsdiqləyə bilər. Həmin şəxslərə “müharibə veteranı” vəsiqəsi verilib.

İki şahid

Abşeron Rayon Məhkəməsi ərizəçinin istəyi ilə iki nəfəri dindirib. Onların hər ikisi təsdiqləyib ki, Vəliəhəd Cəfərovla Beyləqandakı N saylı hərbi hissədə olublar. 1993-cü ilin oktyabr-noyabr aylarından 1994-cü ilin avqustunadək Füzuli rayonunda hərbi əməliyyatlarda onunla birlikdə iştirak ediblər.

“Şahidlərin ifadəsini inandırıcı saymaq üçün başqa sübut yoxdur”

Ancaq məhkəmə Vəliəhəd Cəfərovun ərizəsinə müsbət cavab verməyib. Qərarını da belə əsaslandırıb ki, bu iki nəfərin ifadəsini inandırıcı saymaqdan ötrü başqa sübut yoxdur.

Yeganə arayış, o da atəşkəsdən sonra…

İş materialları arasında Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışı var. Oradan görünür ki, hərbi hissə komandirinin 30 avqust 1994-cü il tarixli əmri ilə Vəliəhəd Cəfərov həmin gündən sentyabrın 3-nə qədər qısamüddətli məzuniyyətə göndərilib.

Bu arayışa istinad edən məhkəmə qərarında deyilir ki, Vəliəhəd Cəfərovun xidməti atəşkəsdən (12 may 1994) sonraki dövrə təsadüf edir. Həm buna, həm də onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığına görə onun ərizəsi təmin olunmur.

“Müharibə veteranı” adı kimə verilir?

Məhkəmə qərarında Nazirlər Kabinetinin də qərarına istinad edilərək vurğulanıb:

“Müharibə veteranı adı 1 fevral 1988-ci ildən 12 may 1994-cü ilə qədər Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak edən şəxslərə verilir”.

Ali Məhkəməyə üz tutdu və cavab “yox” oldu

Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Vəliəhəd Cəfərov kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub. Bugünlərdə onun şikayətini araşdıran Ali Məhkəmə də “yox” cavabı verib.

“Cəfərov Vəliəhəd Hacıbala oğlunun döyüş bölgələrində, döyüş əməliyyatlarında iştirakını təsdiq edən kifayət qədər sübutların olmaması ilə bərabər, hərbi xidmətdən nə vaxt, hansı əsaslara görə tərxis olunması barədə də hər hansı məlumat yoxdur. Bu da onun hərbi hissədən çıxmasının qanuni, yaxud qanunsuz olduğunu müəyyən etməyə imkan vermir”, - Ali Məhkəmənin qərarında belə yazılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG