Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:06

Müdafiə naziri NATO təmsilçisini qəbul edib


General Jan Broeks
General Jan Broeks

Bu gün, aprelin 17-də müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Jan Broeksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları və layihələr çərçivəsində əməliyyat hazırlığı müzakirə edilib.

“Təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib və əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb”, nazirlik bildirir.

1994-cü ildən Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Rəsmilər isə Azərbaycanın balanslı siyasət apardığını bildirərək, tənqidləri düzgün saymırlar.

XS
SM
MD
LG