Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Mübariz Mənsimova dəstək aksiyası dağıdılıb


Polis Mübariz Məsimova dəstək aksiyasını dağıtdı
Gözlə

No media source currently available

0:00 0:09:17 0:00

Polis Mübariz Məsimova dəstək aksiyasını dağıtdı

Bu gün, martın 18-də Bakıda bir qrup şəxs Türkiyənin Azərbaycandakı səfirliyi önündə aksiya keçiriblər. Onlar Türkiyədə həbs edilən «Palmali» Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovu müdafiə etdiklərini bildiriblər. Bəzi şəxslər elə aksiyanın gedişindəcə M.Mənsimovun müdafiəsi ilə bağlı imza toplanmasına da başlayıblar. Aksiya iştirakçılarından biri bildirib ki, M.Mənsimovun həbsinə etiraz bəyanatı hazırlanır.

«Bəyanatda Türkiyənin hüquqi dövlət olduğu vurğulanır. Azərbaycanla Türkiyə dövlət rəhbərləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın bir çox məsələlərdə birgə lazımı addımlar atdıqları yada salınır. Eyni zamanda, M.Mənsimovun xidmətləri qeyd edilir və hər iki dövlət rəhbərindən xahiş edilir ki, tanınmış işadamının həbsdən azad olunmasında yardımçı olsunlar», - deyə həmin şəxs bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyi önündə aksiya
Türkiyənin Azərbaycandakı səfirliyi önündə aksiya

Aksiya təşkilatçıları haqqında bəhs edilən bəyanatı oxumaq istəsələr də, polis əməkdaşları buna imkan verməyiblər. Daha sonra polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Polis bunu aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah edib. Aksiyaya, hələlik, Türkiyə səfirliyindən münasibət almaq mümkün olmayıb.

«Palmali» Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyədə martın 15-də saxlanıb. Türkiyə mediasında yazılanlara görə, M.Mənsimov İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İşadamının ofisində də axtarış aparıldığı bildirilib. «Hürriyet» qəzetində yazılıb ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2015-ci ildə Türkiyədə çevriliş və ABŞ-da yaşayan Fəthullah Gülənlə əlaqələrə görə aparılan araşdırma çərçivəsində tutulub. M.Mənsimov haqqında martın 16-da axşam saatlarında həbs-qətimkan tədbiri seçilib.

«Palmali» Şirkətlər Qrupu açıqlamasında Mənsimovun günahsız olduğunu bildirib.

SOCAR-dan cavab

Azərbaycanda bəzi sosial şəbəkə istifadəçiləri baş verənləri Mübariz Mənsimovla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında çəkişmələrlə izah edirlər.

Belə fikirlərə SOCAR-dan da münasibət bildirilib.

Bu gün, martın 18-də yayılan açıqlamada yazılıb ki, M.Mənsimovun saxlanılması SOCAR-ın kommersiya marağında ola bilməz:

Mübariz Mənsimov haqda həbs qərarı verildi
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00


«Son günlərdə Türkiyədə «Palmali» Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Dövlət Neft Şirkətinin adı hallandırılıb. Bildiririk ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər».

Açıqlamada sonra da qeyd edilib ki, 2018-ci ildən bəri SOCAR «Palmali» Qrupuna qarşı arbitraj prosedurlarına başlayıb. Qurumdan qeyd edilənlərə görə, həmin prosesin uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər: «Buna görə SOCAR-ın kommersiya marağında ola bilməz».

Bu açıqlamaya, hələlik, «Palmali» şirkətindən münasibət öyrənmək mümkün olmayıb.

SOCAR-ın açıqlamasında həmin şirkətlə arbitraj prosedurlarının detalları açıqlanmayıb.

«Palmali» şirkəti neft daşımaları ilə məşğuldur.

Polis Azadlıq Radiosunun əməkdaşına zor tətbiq edib
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Aksiyada jurnalistlərə təzyiq göstərilib

Martın 18-də Bakıda Türkiyənın Azərbaycandakı səfirliyi önündə işadamı Mübariz Mənsimovun həbsinə etiraz aksiya zamanı jurnalistlərə də təzyiq olub.

Jurnalistlərdən Təbriz Mirzəyev bildirib ki, aksiyanı işıqlandıran jurnalistlərdən bir çoxuna polis fiziki təzyiq göstərib: «Təxminən 25 dəqiqə hər şey normal idi. Birdən nəsə baş verdi və jurnalistlərin əynində «Press» yazılmış xüsusi gödəkcələrin olmasına baxmayaraq, əraziyə cəlb olunmuş polis əməkdaşları bizə fiziki təzyiq göstərməyə başladı. Biz vəhşicəsinə döyüldük, kameralarımızı yerə çırpdılar, bəzi jurnalistlərin kameraları əllərindən alınıb».

T.Mirzəyev qeyd edib ki, jurnalistlər hadisə yerinə gəldikləri maşına mindikdən sonra da polislər qapıları açıb, onları maşının içində də vurub təhqir ediblər: «Kadrlarımız var. Hazırda Daxili İşlər Nazirliyinə qəbula girib şikayət verəcəyik».

Başqa jurnalistlər də bildirib ki, polislər onları yerə yıxıb təpikləyiblər və üstlərinə çıxıblar, telefonlarını yerə çırpıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev «Turan» agentliyinə bildirib ki, məsələ araşdırılandan sonra əlavə məlumat veriləcək.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə münasibət öyrənmək mümkün olmayıb.

Jurnalistlərin DİN-ə şikayət etdiyi bildirilir

Bu gün, martın 18-də bir qrup jurnalistin Daxili İşlər Nazirliyində (DİN) bu qurumun mətbuat xidmətin rəhbəri Ehsan Zahidovla görüşdüyü bildirilir. Onların E.Zahidova Türkiyənin Azərbaycandakı səfirliyin önündə işadamı Mübariz Mənsimovun həbs qərarına etiraz aksiyasını çəkərkən polisin təzyiqinə məruz qaldıqlarını söylədikləri deyilir.

Bu barədə məlumat verən, videobloqer Nurlan Librenin (Qəhrəmanov) sözlərinə görə, E.Zahidov onlara hadisə yerində polisin fəaliyyətinə maneçilik törətdiklərini söyləyib: «Ehsan müəllim bizə bildirdi ki, biz polisin fəaliyyətinə mane olmuşuq. Biz isə polis tərəfindən vəhşicəsinə döyüldüyümüzü dedik. O bunu qəbul etmədi və biz əlimizdə olan videokadrları ona təqdim etdik. Ehsan müəllim məsələni nə təkzib edərək, nə də təsdiqləyərək araşdırma aparılacağını dedi».

Bu deyilənləri, hələlik, E.Zahidovun özündən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd olunduğu deyilir. Həmin vaxt bir neçə yüz şəxs həlak olub. Minlərcə adam həbs edilib, on minlərcə isə işdən çıxarılıb. Türkiyə rəsmiləri iddia edirlər ki, həmin çevrilişə cəhdi hazırda ABŞ-da yaşayan Fəthullah Gülən himayə edib. Amma əslən Türkiyədən olan ilahiyyatçı F.Gülənin özü bu ittihamı qəbul etmir.

Türkiyədə bəzi müstəqil ekspertlər isə M.Mənsimovun həbsinin sifarişli olduğunu deyirlər. Onların iddialarına görə, sifarişin arxasında Rusiya rəhbərliyi durur. Onlar buna səbəb kimi M.Mənsimovla Rusiyanın «Lukoil» şirkəti arasında məhkəmə çəkişmələrini göstərirlər.

Amma belə fikirlərə, hələlik, Rusiya və Türkiyə rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib. O, «Palmali» Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi olduğu deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG