Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:59

Mübariz İbrahimov haqqında yazan psixoloq: ‘Təhlükəsizliyimə təminat yoxdur’


Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə

Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı fikirlərə görə həbsi tələb olunan psixoloq Nərmin Şahmarzadə məhkəməyə gəlməyib. Amma məhkəməyə məktub göndərərək göstərib ki, hər dəfə gəlib-gedəndə qarşı tərəfi müdafiə edən şəxslərin təhqirlərilə üzləşir, onun təhlükəsizliyinə təminat yoxdur. Bu barədə martın 15-də Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseyn məlumat verib.

Nərmin Şahmarzadənin məhkəməyə iki vəsatət göndərdiyini deyən hakim onların məzmunu haqda da qısa məlumat verib.

Vəsatətlərdən birində Nərmin Şahmarzadə bildirir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi yazılar ona aid deyil:

“Bildirir ki, həmin yazılar saxta profillər vasitəsilə sosial şəbəkələrdə onun adından yayılıb. Əslində isə ona heç bir aidiyyəti yoxdur”.

İkinci vəsatətində isə o, bu işə xitam verilməsini, qarşı tərəfin iddiasının təmin olunmamasını xahiş edib.

Nərmin Şahmarzadəni Mübariz İbrahimovun anası Şamama İbrahimova və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kikboksinq üzrə idman ustası Araz Musayev məhkəməyə veriblər.

Onlar xüsusi ittiham qaydasında qaldırdıqları iddiada Nərmin Şahmarzadənin CM-in 147 (böhtan) və 148 (təhqir) maddələri ilə 3 il azadlıqdan məhrum edilməsini istəyirlər.

İddiaçı tərəfi dəstəkləyənlərdən bir qrup
İddiaçı tərəfi dəstəkləyənlərdən bir qrup

Şamama İbrahimova məhkəməyə gəlməyib, ancaq vəkili Ramil Rüstəmov psixoloqun məcburi gətirilməsini, hətta onun haqqında həbs qətimkan tədbiri seçilməsini istəyib:

“Onu kimsə öyrədir ki, prosesi uzatsın. Bu adam artıq təqsirləndirilən şəxs qismində tanınıb. Məcburi gətirilməlidir. Belə hal təkrarlansa, həbs qətimkan tədbiri seçilməlidir. Çünki məhkəmədən yayınır. Yazılar da ona aiddir, sadəcə, məsuliyyətdən yayınmaq istəyir”.

Növbəti məhkəmə iclasını mayın 22-nə təyin edən hakim bildirib ki, bir daha təqsirləndirilən şəxs və onun vəkilinin gəlməməsi təkrarlansa, artıq başqa tədbir görüləcək.

Xatırlatma

Nərmin Şahmarzadənin sosial şəbəkələrdə Mübariz İbrahimov haqqında fikirlərinə görə məhkəmə çəkişməsi ötən ilin dekabrından gedir.

Bir neçə dəfə Xətai Rayon Məhkəməsi sənəd çatışmazlığı və başqa əsaslarla iddiaya baxmaqdan imtina edib. İddiaçı tərəf o qərarlardan şikayət verib.

Əvvəlki məhkəmə işlərində iddiaçı qismində ancaq vəkil və idmançı çıxış edirdi, Şamama İbrahimova bu işə sonradan qoşulub.

Psixoloq Nərmin Şahmarzadənin ötən ilin dekabrında Milli Qəhrəman Mübariz İbrahimov barədə Facebook səhifəsində yazdığı status qalmaqal yaradıb.

O, “döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır” yazıb.

Dekabrın 17-də Facebook profilində canlı yayımda N.Şahmarzadə milli qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib:

“Milli Qəhrəman Mübariz İbrahimovun atasını videoya çəkiblər. Ona düzgün məlumat verməyiblər. Mən heç kəsin oğluna qatil deməmişəm. Ümumiyyətlə, statusumda və videoda elə sözlər yoxdur. Mənim çəkdiyim videoda şərəf və ləyaqəti alçaltmaqdan söz gedə bilməz. Əgər valideynləri bu şəkildə başa düşüblərsə, onlardan üzr istəyirəm”.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

22 yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG