Keçid linkləri

Təcili xəbərlər
2022, 07 Oktyabr, Cümə, Bakı vaxtı 10:23

Türkiyənin müəllimi oğurlaması Qırğızıstanda siyasi gərginlik yaradıb


Bişkekdə Orhan İnandının oğurlanmasına etiraz aksiyası

Qırğızıstan rəsmiləri ötən ay Bişkekdə yoxa çıxmış türk-qırğız müəllimin oğurlanaraq Türkiyəyə aparılmasında Türkiyə xüsusi xidmətləri ilə əlbir olduqlarına dair iddiaları rədd ediblər.

Müəllimin oğurlanması Qırğızıstanda siyasi debatlara səbəb olub.

Ölkə parlamenti təhlükəsizlik xidmətləri və hökumətin bu qaçırılmada mümkün rolunu sorğu-sual edib.

Millət vəkilləri Qırğızıstan xüsusi xidmətləri rəsmilərini və hökuməti müəllim Orhan İnandı ilə bağlı insidentdə ya Ankara ilə əlbir, ya da səriştəsiz olmaqda ittiham ediblər.

Qırğızıstandakı Sapat türk məktəbləri şəbəkəsinin 53 yaşlı rəhbəri Orhan İnandı mayın 31-də paytaxt Bişkekdə müəmmalı şəkildə yoxa çıxmışdı. Onun arvadı o vaxt ərinin Türkiyə səfirliyində saxlandığını iddia edirdi.

Orhan İnandı
Orhan İnandı

Daha sonra iyulun 5-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan İnandının Türkiyə kəşfiyyat orqanları tərəfindən oğurlanaraq Türkiyəyə gətirildiyini bəyan etmişdi.

Hökumət müşavirəsindən sonra çıxış edən Erdoğan Türkiyə Milli Kəşfiyyat Təşkilatı - MIT-in xəfiyyələrini uğurlu əməliyyata görə tərifləmiş və iddia etmişdi ki, İnandı Gülen hərəkatının Mərkəzi Asiyadakı lideri olub.

Erdoğan hazırda ABŞ-da mühacirətdə olan müsəlman vaiz Fethullah Güleni 2016-cı il dövlət çevrilişi cəhdinin təşkilatçısı olmaqda və Türkiyədə parallel dövlət qurmaq niyyətində ittiham edir.

Ankara Türkiyədə FETÖ kimi tanınan təşkilatın üzvləri olduqları iddia edilənlərin təqibini davam etdirir.

Elə həmin çıxışında Erdoğan indiyədək dünya boyunca müxtəlif ölkələrdən 100-dən çox Gülen tərəfdarının oğurlanaraq Türkiyəyə gətirildiyini demişdi.

Prezident administrasiyası ittihamları rədd edir

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı iyulun 7-də Türkiyə və Qırğızıstan rəsmilərini “müəllimi oğurlanmaqda və hüquqdankənar bir şəkildə Bişkekdən Ankaraya transfer etməkdə” ittiham edib:

“İkili Türkiyə-Qırğızıstan vətəndaşlığı olan İnandının qırğız torpağında oğurlanması və həftələrlə yoxa çıxması və daha sonra onun Türkiyə kəşfiyyat xidməti tərəfindən ölkədən çıxarılması Qırğızıstan hökumətinin ya Ankaranın qarşısınında aciz və səriştəsiz, ya da onunla əlbir olmasını nümayiş etdirir”.

Qırğızıstan prezidenti Sadır Japarovun sözçüsü Erbol Sultanbayev hakimiyyətin müəllimin oğurlanmasında əli olduğuna dair iddiaları “tamamilə cəfəng” adlandırıb.

Prezident administrasiyasının rəsmi bəyanatında deyilir ki, Qırğızıstan bu məsələ ilə bağlı etiraz notasını Türkiyə səfirinə təqdim edib.

Bəyanatda deyilir ki, bundan əvvəl İnandının oğurlanmasına üç cəhd edilsə də, bu cəhdlərin qarşısı alınmışdı.

Müəllimin oğurlanması necə baş verib

Bu məsələnin Qırğızıstan parlamentində müzakirəsindən sonra bir sıra millət vəkilləri səlahiyyətli rəsmilərin istefasına çağırış ediblər.

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov parlamentdə bu barədə deyib:

"Başqa bir ölkənin kəşfiyyat agentliyi bizim ərazimizdə işləyirsə, əminliklə deyirəm ki, biz bu barədə məlumatlı oluruq. Qırğızıstanda Türkiyə agentləri yoxdur”.

Sərhəd xidmətinin rəhbəri isə millət vəkillərinə deyib ki, o İnandının ölkədən gizli yolla necə çıxarıldığını bilmir.

Rəsmi deyib ki, Qırğızıstana gələn və buradan gedən bütün təyyarələr yoxlanılır.

Orhan İnandı Qırğızıstanda 1995-ci ildən yaşayırdı və ikili – Türkiyə-Qırğızıstan vətəndaşlığı var.

Türkiyəyə rədd cavabı verilmişdi

İyun ayında Qırğızıstan xarici işlər nazirinin müavini Aybek Artıkbayev parlament qarşısında çıxışında demişdi ki, Türkiyə 2019-cu ildə İnandının ekstradisiyasını rica edib.

Onun sözlərinə görə, İnandının Qırğızıstan vətəndaşlığına görə Ankaranın bu ricası rədd edilmişdi.

Müəllimin yoxa çıxmasından bəri demək olar hər gün ölkə paytaxtında onun tapılmasını tələb edən etiraz aksiyaları keçirilirdi.

Human Rights Watch bildirib ki, Türkiyəyə aparılan İnandı orada qanunsuz məhbusluq, ədalətsiz məhkəmə və bəlkə də pis rəftarla üzləşəcək.

Son beş ildə Türkiyə onlarca ölkədən onların ərazisində Gülen hərəkatına bağlı məktəblərin qapadılmasına çağırıb.

XS
SM
MD
LG