2014-cü ildə Ukraynanın separatçı Donetsk bölgəsində qondarma “müstəqillik” referendumunu təşkil edən şəxs Ukraynanın hakimiyyət orqanları tərəfindən saxlanıb.
Beynəlxalq icma bu referendumun keçirilməsini sərt tənqid etmişdi.
Bu barədə məlumatı Ukraynanın baş prokuroru Yuri Lutsenko iyunun 14-də özünün Facebook səhifəsində paylaşıb:
Lutsenko yazır ki, “vətəndaş Lyagin xəyanətdə ittiham olunur”.
Lutsenkonun Facebook-dakı profil şəklində Lyagin qollarında qandal olaraq görünür. Lutsenko yazır ki, Lyagin Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən saxlanıb.
Rəsmi sənədlərə görə adı Roman Lyagin olan bu şəxs münaqişənin ilk günlərində özünü Donetskin qondarma MSK sədri elan etmişdi.
Ukraynanın yenicə seçilmiş prezidenti Volodymyr Zelenskiy ölkənin şərqində davam edən qanlı münaqişəyə son qoyacağını, bu məqsədlə hətta Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.
Lyagin 2014-cü ilin mayında qondarma “müstəqillik” referendumunu təşkil edəndə Ukraynanın şərqindəki münaqişə dərinləşməyə başlamışdı.
Donetskdə bu seçki o qədər qaçaraq keçirilmişdi ki, seçki qutularının üstündə hələ də Ukraynanın mavi-sarı bayraqlarının şəkli qalırdı.
Bu səsvermədən sonra Lyagin elan etmişdi ki, Ukraynanın şərqindəki Donetsk regionu əhalisinin 90 faizi guya özünüidarəyə tərəfdarlığını bildirib.
Bu referendumda heç bir mötəbət təşkilat müşahidəçi olmamış və onun nəticəsini Rusiyadan başqa heç bir ölkə tanımamışdı.
Onun bu qondarma referendumun keçirilməsindəki və bu bölgədə Ukrayna prezidenti seçkisi keçirilməsinin əngəllənməsindəki rolu 2015-ci ildə Lyaginin ABŞ-ın sanksiya siyahısına salınması ilə nəticələnib.
Əgər mühakimə olunub təqsirli bilinərsə, Lyaginə 12 ildən 15 ilədək iş verilə bilər.
Lyagin 2014-cü ilin mayından sentyabrınadək qondarma Donetsk Respublikasının əmək və sosial siyasət naziri olub.
Bundan sonra Lyagin yenidın separatçı rejimin MSK sədri olub və noyabr ayında separatçı bölgə liderinin seçkisini təşkil edib.
Lyagin o vaxt demişdi ki, bu seçki “bölgənin Ukraynadan ayrılmasını legitimləşdirib”.
Lyaginin saxlanması barədə şayiələr ilk dəfə mart ayında yayılmışdı. Bir Ukrayna millət vəkili Lyaginin Donetskdən qaçaq düşdüyünü və SBU-nun xüsusi proqramı əsasında özünü Ukrayna hakimiyyət orqanlarına təslim etdiyini bildirmişdi.
“Səni vətəndə gözləyən var” adlı bu proqram Ukrayna qanunlarına görə cinayət törətmiş separatçılara dövlət şahidinə çevrilmək və mərhəmət imkanı verir.
Deyilənlərə görə Lyagin Donetskin separatçı rəhbərliyini tənqid etdiyinə görə bir müddət orada həbsxanada saxlanıb. Bu da xəbər verilir ki, o Ukraynaya qayıtmazdan əvvəl Rusiyaya qaçıb.
Lutsenko Lyaginin məhz SBU proqramı əsasında saxlanıldığına dair Facebook-da heç nə yazmır amma postunu bu sözlərlə bitirir: “Cəzanı çəkməyin vaxtıdır”.