Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka müsahibəsində deyib ki, Krım “hüquqi” və “fakt” baxımından Rusiya ərazisidir.
O yarımadaya səfəri barədə Putinlə danışdığını deyib və bildirib ki, səfərinə Sevastopoldan başlayacaq.
Beynəlxalq hüquqa görə Krım yarımadası 2014-cü ildən qanunsuz ilhaq edilmiş ərazi sayılır.
Bir çox ölkələrin prezident kimi legitim saymadığı Lukaşenka deyib ki, “Krım orada keçirilmiş referendumdan sonra de facto və de jure Rusiya ərazisi olub”.
Lukaşenkanın bu bəyanatlarının rəsmi sənəd şəklində tərtib edilib-edilməyəcəyi məlum deyil.
Lukaşenka bu ilin avqustunda demişdi ki, Krımı Rusiya ərazisi kimi “sonuncu Rusiya oliqarxı” bura mal gətirəndə tanıyacaq.
AzadlıqRadiosunun Rus xidməti xatırladır ki, sanksiyalardan ehtiyat etdiyinə görə Krımda Rusiyanın heç bir federal şirkəti fəaliyyət göstərmir.
Lukaşenkanı bu addımdan sanksiya qorxusu çəkindirirmiş
Bundan əvvəl Lukaşenka demişdi ki, onu Krımı Rusiya ərazisi kimi tanımaqdan sanksiyalar ehtimalı və keçmiş Ukrayna prezidenti Petro Poroşenko ilə razılaşması saxlayır.
İki ölkə arasında münasibətlər Ukrayna prezidenti Volodimir Zelenski 2020-ci il Belarus prezident seçkisinin nəticələrini tanımaqdan imtina edəndən bəri korlanıb.
Üstəlik Kiyev Qərbin Belarus üzərinə sanksiyalarına qoşulub.
Krımı indiyədək Rusiya ərazisi kimi BMT-nin 193 üzvündən yalnız 7-si tanıyıb. Bunlar Kuba, Nikaraqua, Suriya, Sudan, Şimali Koreya və Əfqanıstandır.
Lakin Əfqanıstan Krımın Rusiya ərazisi olmasını keçmiş hökumətin vaxtında bəyan edib.
Əfqanıstanda hazırda hakimiyyətdə olan Taliban bildirib ki, Rusiya və Ukrayna regionda vəziyyətin gərginləşməməsi üçün bu problemi öz aralarında həll etməlidirlər.
Yeni sanksiyalar
Bu arada Avropa İttifaqı bəyan edib ki, Belarus üzərinə yeni sanksiyalar paketi dekabrın 1-dən tətbiq olunacaq.
Bu sanksiyaların siyahısına 17 fərd və 11 təşkilat daxil edilib.
Sözü gedən 17 nəfərin əksəriyyəti Belarus dövlət sərhəd xidmətinin yüksək rütbəli rəsmiləridir.
Bundan başqa yeni sanksiyalar Belavia aviaşirkətinə, Oskar-tur turizm agentliyinə, Minks və Planeta mehmanxanalarına, Suriyanın Cham Wings Airlines aviaşirkətinə, Qrodno-Azot, Belarusneft və bir sıra dövlət müəssisələrinə tətbiq olunacaq.
Bu, Avropa İttifaqının Belarusa qarşı beşinci sanksiya paketidir. Üç paket hələ 2020-ci ildən tətbiq olunur.
Həmin sanksiyaların siyahısında Belarusun Lukaşenka da daxil 88 rəsmisinin adı var. Onlara Avropa İttifaqı ərazisinə səfər etmək qadağan olunub.