Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Ukrayna separatçıları arasına ədavət düşüb


Luhanskın mərkəzində maskalı silahlılar
Luhanskın mərkəzində maskalı silahlılar

AzadlıqRadiosu xəbər verir ki, Ukraynanın Luhansk şəhərinin mərkəzi nişansız hərbi geyimlərdə olan maskalı silahlılar tərəfindən zəbt edilib.

Müşahidəçilər baş verənləri separatçılar arasında hakimiyyət çəkişməsinin təzahürü kimi qəiymətləndirirlər.

Regionun separatçı lideri İqor Plotnitski deyib ki, maskalı və kamuflyajlı əsgərlərin qüvvə nümayişi vəzifəsindən azad edilmiş polis rəisinin tərəfdarlarının qiyamıdır.

Rusiyanın müstəqil “Novoya qazeta” qəzeti yazır ki, silahlılar vilayət mərkəzindəki inzibati binaların girişlərini tutublar.

Silahlıların Luhanskın mərkəzini tutması Plotnitski noyabrın 20-də polis rəisi İqor Korneti vəzifəsindən azad etdikdən sonra başlanıb.

Bundan bir neçə saat sonra Plotnitski deyib ki, Kornetin tərəfdarları gərginliyi qızışdırırlar.

Plotnitskinin bəyanatında deyilir: “Mən əminliklə deyə bilərəm ki, bəzi adamların vəziyyəti sabitsizləşdirməklə hakimiyyətdə qalmaq cəhdləri iflasa məhkumdur və onlar yaxın gələcəkdə neytrallaşdırılacaqlar”.

Ukraynanın Luhansk və Donetsk vilayətlərinin bəzi əraziləri Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətindədir. Bu vilayətlərdə Kiyevə qarşı qiyam 2014-cü ildə rusiyayönlü prezident Viktor Yanukoviç ölkədən qaçdıqdan sonra baş qaldırıb.

Plotnitski öz bəyanatını internetdə yaymazdan əvvəl polis rəisi Kornet deyib ki, “mənim vəzifədən çıxarılmağım barədə şayiələr əsassızdır”.

O deyib ki, “Luhansk Xalq Respublikasında vəziyyətə “hüquq-mühafizə strukturları tam nəzarət edirlər”.

Kornetin bəyanatında deyilir ki, polis “Ukraynanın təxribatçı-casus qrupunun separatçıların nəzarətində olan əraziyə soxulmasının qarşısını alıb”.

Onun sözlərinə görə, separatçı əraziyə ötən gecə soxulmaq istəyən təxribatçılar terrorçu aktlar törətmək niyyətində olublar. Polis rəisi deyib ki, hazırda bu təxribatçı qrupla əlaqəsi olan yerli əməliyyatçıların axtarışına başlanıb.

Kornet habelə deyib ki, Luhansk teleradio şirkətinin direktoru Anastasiya Şurkayeva barədə cinayət işi açılıb. O Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinir.

Polis başçısı bunu da bildirib ki, Plotnitski administrasiyasının rəhbəri İrina Teitsman və hökumətin mühafizəsinə cavabdeh olan polis birləşməsinin rəhbəri Yevgeni Seliverstova qarşı da cinayət işləri açılıb. Onlar 2016-cı ilin sentyabrında hakimiyyəti qəsb etməyə cəhddə ittiham olunurlar.

Kornet deyib ki, bu cinayət işlərinin açılmasına göstərişi Plotnitski verib. Plotnitski hələlik bu bəyanatı təsdiq etməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG