Kreml bildirib ki, Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçı Luhansk regionunda liderliyin dəyişməsi Minsk sülh prosesini təsirləndirməyəcək.
Kremlin sözçüsü Dmitri Peskov noyabrın 27-də deyib ki, liderlikdə, “xüsusən də Minsk razılaşmalarının icrası və əsirlərin dəyişdirilməsi məsələsində ardıcıllıq saxlanacaq”.
Separatçı lider İqor Plotnitskinin istefası barədə məlumat noyabrın 24-də Luhanskdakı separatçıların internet saytında dərc edilib. Bu istefa separatçı bölgənin liderləri arasında illərdir davam edən çəkişmənin ardınca baş verib.
İnternet saytında deyilir ki, Plotnitski sağlamlığı ilə əlaqədar istefa verib və Luhanskın “təhlükəsizlik naziri” Leonid Paseçnik “növbəti seçkiyədək” bölgənin başçı əvəzi olacaq.
Bu məlumatda həm də qeyd olunur ki, Plotnitski separatçıların Minsk danışıqlarındakı nümayəndəsi olaraq qalır.
Lakin müşahidəçilər baş verənləri separatçı bölgədə “dövlət çevrilişi” kimi qiymətləndiriblər. Çünki Plotnitskinin istefasından əvvəl yayılan xəbərlərdə Luhanskın mərkəzi hissəsinə ağır texnika yeridildiyi və bütün inzibati buinaların maskalı silahlılar tərəfindən zəbt olunduğu xəbər verilmişdi.
2014-cü ilin martında Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edən Rusiya, bunun ardınca ölkənin şərqindəki regionlarda separatçı qiyamın baş qaldırmasına təkan verib.
Moskvanın dəstəklədiyi separatçılarLuhansk və Donetsk regionlarının bəzi əraziləri üzərində nəzarəti ələ alıb və Moskva onlara siyasi, iqtisadi və hərbi dəstək verir.
Buna baxmayaraq Moskva Ukraynanın daxili işlərinə qarışmadığını bəyan edir.