Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:57

Ukraynanın separatçı Luhansk bölgəsində müəmmalı hadisələr baş verir


Silahlı maskalılar Luhansk şəhərinin mərkəzi hissəsini tutublar
Silahlı maskalılar Luhansk şəhərinin mərkəzi hissəsini tutublar

AzadlıqRadiosunun Kiyev müxbiri Christopher Miller yazır ki, noyabrın 21-də səhər yuxudan oyanan Luhansk sakinləri çoxdan görmədikləri, amma tanış mənzərə ilə üzləşblər.

Şəhərin mərkəzi hissəsi ağır silahlanmış maskalı hərbçilər və zirehli maşınlarla dolu idi.

Baş verənlər təkcə yerli sakinlərin deyil, Kiyev və Moskvadakı rəsmilərin də diqqətindən yayınmamışdı: Bu dəfə nə isə fərqli bir hadisə baş verirdi. Bu, separatçıların separatçılara haqq-hesablaşmasına bənzəyirdi.

Bu çevrilişdirmi?

Bəziləri bunu “Luhansk Xalq Respublikasında” çevriliş adlandırırlar. İlkin xəbərlərdə deyilirdi ki, noyabrın 20-də vəzifəsindən azad edilmiş “daxili işlər naziri” İhor Kornet “respublikanın” başçısı İhor Plotnitskiyə qarşı qiyam qaldırıb.

Miller yazır ki, Plotnitski ilə Kornet arasındakı ədavətin köhnə tarixçəsi var. Bu, bir az da Plotnitskinin Kornetin 2014-cü ildə zəbt etdiyi böyük bir mülkü onun əlindən alması ilə bağlıdır.

Deyilənlərə görə, Plotnitski separatçı bölgənin rəhbərliyi üçün Kremlin seçimi olub, Korneti isə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) dəstəkləyib.

Noyabrın 21-də Kornetin adamları olduğu düşünülən silahlı maskalılar Luhanskdakı əsas inzibati binaların girişini bağlayıblar. Onların Plotnitskini Rusiyaya qaçmağa məcbur etdikləri xəbərləri də yayılıb.

Plotnitskinin harada olmasına dair xəbərlər də ziddiyyətlidir. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü Artyom Şevçenko onun doğrudan da Moskvaya qaçdığını bildirib. Lakin Luhanskın “dövlət telekanalı” liderin şəhərdən çıxmadığını xəbər verib. Telekanalın yaydığı videoda Plotnitskinin separatçı liderlərlə birlikdə müşavirə keçirdiyi görünür. Bu videoda Plotnitski Korneti hökumətin devrilməsinə cəhddə ittiham edir. Videonun Luhanskda çəkilib-çəkilmədiyi aydın olmur.

Luhanks televiziyasının yaydığı videolardan baş verənlər həqiqətən də çevrilişə bənzəyir:

AzadlıqRadiosu Luhansk şəhərindən bəzi başqa videoları əldə edə bilib:

Hər iki videodan görünür ki, silahlılar Luhanskın zirehli maşınlarla blokadaya alınmış mərkəzində keşik çəkirlər. Miller yazır ki, bu səhnə Rusiyanın Krımı “balaca yaşıl adamların” köməyi ilə ilhaq etməsini xatırladır.

Əməliyyatların davam etdiyi sonrakı saatlarda Luhanskın televiziya və radio stansiyaları bağlanıb. Lakin bəziləri hərbçilərin özləri olan sosial media istifadəçiləri bu boşluğu öz videoları ilə doldurublar.

ATƏT-in Ukrayna münaqişəsindəki Xüsusi Monitorinq Missiyası da Luhanskın mərkəzində zirehli maşınların və maskalı silahlıların olduğunu təsdiq edib:

Vəziyyəti bir az da qəlizləşdirən bu olub ki, hərbi maşınların uzun karvanının şərqdəki başqa bir qondarma qurumdan - “Donetsk Xalq Respublikası” tərəfdən gəldiyini göstərən videolar yayılıb.

Belə bir təsəvvür yaranırdı ki, bir rusiyayönlü separatçı “respublika”, digər rusiyayönlü separatçı “respublikanı” işğal edir.

Bu müəmmalı hadisəyə noyabrın 22-də qismən aydınlıq gətirilib. Xəbərlərdə Kornetə loyal qüvvələrin Donetskdən gətirilmiş xüsusi qüvvələrlə birlikdə Luhanskın “baş prokurorluğuna” hücum etdiyi və Plotnitskiyə sadiq “baş prokurorun” və “hərbi prokurorun” həbs olunduğu deyilirdi.

Facebook-da yayılmış videoda binanın silahlılar tərəfindən tutulduğu və mülkilərin oradan uzaqlaşdırıldığı görünür.

Kremlin mövqeyi məlumdurmu?

Noyabrın 23-də Rusiyanın RBK şəbəkəsinin yaydığı xəbərdə deyilir ki, Rusiya prezidentinin Ukraynanın separatçı bölgələri üzrə nümayəndəsi Vladislav Surkov Moskvanın Korneti dəstəklədiyini söyləyib. Lakin mənbə bildirir ki, buna baxmayaraq Plotnitskiyə bölgənin başçısı kimi qalmaq üçün “son imkan” verilib.

Plotnitski 2015-ci ilin fevralında münaqişənin çözümünə yönəlik Minsk razılaşmasını imzalayanlardan biridir. Rusiyanın Mütərəqqi Siyasət Fondunun direktoru Oleq Bondarenko RBK-ya deyib ki, məhz bu səbəbdən Luhanskda baş vermiş çoxsaylı daxili münaqişələrə baxmayaraq Moskva onu postunda saxlayıb.

Kreml rəsmən heç kimin tərəfini saxlamayıb, lakin noyabrın 23-də Putinin sözçüsü Dmitri Peskov deyib ki, Moskva Luhanskda baş verənləri diqqətlə izləyir.

Rusiya dəfələrlə Ukrayna münaqişəsi ilə heç bir əlaqəsinin olmadığında israr edib.

Kiyevdə nə düşünürlər?

Xəbər verilir ki, Luhanskda baş verənlərlə bağlı prezident Petro Poroşenko noyabrın 21-də müşavirə çağırıb.

Bu müşavirədə Ukraynanın Rusiya ilə sərhədindəki Krasnodon keçid məntəqəsində Rusiya tanklarının sərhədi qanunsuz keçdiyi müşahidə olunub.

Bu məlumat müstəqil mənbbələr tərəfindən təsdiq olunmayıb.

Ukrayna prezidenti Petro Poroşenko Luhanskdakı vəziyyətlə bağlı müşavirə keçirib
Ukrayna prezidenti Petro Poroşenko Luhanskdakı vəziyyətlə bağlı müşavirə keçirib

Ukrayna Müdafiə Nazirliyi noyabrın 22-də bəyan edib ki, Luhanskdakı gərginliyin eskalasiyası ilə bağlı Ukrayna Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ukrayna hərbi könüllülərindən biri xəbər verir ki, separatçılar arasında çəkişmədən fürsətlənən Ukrayna qüvvələri Debaltsevo yaxınlığındakı bir neçə separatçı kəndi nəzarətə götürüb.

Bəs əslində nə baş verir?

Miller yazır ki, bəzi məlumatlara görə Kreml Plotnitskidən yorulub.

Onun hakimiyyəti altında “respublikada” qanunsuzluğun baş alıb getdiyi deyilir. Burada adamların incidilməsi və “özünü apara bilməyən” komandirlərin sui-qəsdlə öldürülməsi adi hala çevrilib.

Noyabrın 22-dən 23-ə keçən gecə hakimiyyət çəkişməsinin nəticələri barədə dəqiq məlumat yox idi.

Belə bir vəziyyət hamıdan çox separatçıları narahat edir.

Donetskdəki separatçı komandanlardan Aleksandr Xodakovski Facebook-da yazıb ki, “baş verənlərin gözlənilməz nəticələri ola bilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG