Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Dünyanın ilk əllə çəkilmiş filmi 'Oskar'a iddialıdır


Oskar
Oskar

«Oskar» mükafatına iddialı «Sevgiylə, Vinsent» (Loving Vincent) filminin 65 min kadrının hər biri dahi holland rəssamı Vincent Van Gogh-a məxsus tərzdə əllə çəkilib.

Rəssamın vaxtsız ölümü ətrafında qurulmuş film 5.5 milyon dollarlıq kiçicik büdcə ilə çəkilib. Bu məbləğ, «Sevgiylə, Vinsent»in dörd rəqibindən biri, «Disney»in çəkdiyi «Koko» filminin büdcəsindən 30 dəfə azdır.

Yeri gəlmişkən, «Oskar» mükafatlarının təqdimetmə mərasimi bu bazar – martın 4-də Los-Ancelesdə keçiriləcək.

«Sevgiylə, Vinsent» filmi rejissor, həm kino sənəti, həm də təsviri incəsənətə böyük həvəsi olan Dorota Kobiela-nın yeddi illik sevgi dolu zəhmətinin bəhrəsidir.

«Bu layihə üçün Van Gogh-un tərzi ideal idi. Onun əsərləri rəssamın həyatının bütün detallarını, onun gündəlik vərdişlərini, evini, otağını, dostlarını göstərir», – Kobiela «France-Presse»ə (AFP) müsahibəsində deyib.

Kobiela və filmin digər rejissoru Hugh Welchman-ın artıq bir «Oskar»ı var. Onların «BreakThru Productions» kino şirkəti 2008-ci ildə «Piter və Qurd» (Peter and the Wolf) adlı animasiya filminə görə Kino Akademiyanın mükafatına layiq görülüb. Bu film Sergei Prokofiev-in yazdığı musiqi və hekayə əsasında çəkilib.

«Bizim şansımız azdır. Bizim kateqoriyada, adətən, «Disney» və «Pixar» dominant olur. Ancaq məndə belə bir hiss var ki, bu ilin böyük sürprizlərindən ola bilərik», – eyni zamanda Kobiela-nın həyat yoldaşı olan Welchman deyir.

Vincent Van Gogh. Avtoportret
Vincent Van Gogh. Avtoportret

Gündə yarım saniyə

Filmin çəkilişinə beşillik hazırlıqdan sonra dünyanın müxtəlif yerlərindən toplanmış 125 rəssam iki il Kobiela-nın komandasında bu layihəni canlandırmaqla məşğul olub.

Polşanın Baltik dənizi sahilindəki Qdansk limanında yerləşən nəhəng studiyada çalışan rəssamların yağlı boya ilə işlədiyi rəsmlər daha öncə aktyorların iştirakıyla çəkilmiş filmin kadrlarına əsaslanır.

Filmdə Van Gogh-un «Ulduzlu gecə» kimi ən məşhur əsərləri də təqdim olunur.

Cəsarətli rəng seçimi və sərt, canlı tərzi ilə seçilən Van Gogh XIX əsrin ən inqilabi rəssamlarından biri sayılır.

93 dəqiqəlik filmin çəkilişi ağır zəhmət bahasına başa gəlib.

«İş çox ləng gedirdi. Orta hesabla gündə filmin bir saniyəsinin 1/4-i çəkilirdi», – bu layihəyə 7 ilini həsr etmiş Kobiela deyir.

Filmin cəmi 1 saniyəsi orta hesabla 12 əllə çəkilmiş kadrdan ibarətdir.

Rəssamların hər biri bir gündə orta hesabla altı rəsmi tamamlayıb. Bu isə filmin sadə səhnələrinin yarım saniyəsi deməkdir.

Ancaq Kobiela-ya görə, əllə çəkilmiş kadrların keyfiyyəti rəqəmsal animasiyadan üstün olduğuna görə çəkilən zəhmətə dəyər.

«Çox zaman biz animasiyada üz ifadələrinin məhdud olması problemi ilə üzləşirik. Ancaq rəngli boya ilə, portret düzgün çəkilibsə, biz üz ifadələrini daha yaxşı göstərə bilirik», – o AFP-yə deyib.

Van Gogh doğrudan intihar edibmi

«Sevgiylə, Vinsent»də Van Gogh-un həm yaradıcılığı, həm də ölümündən söz açılır. Rəssamın özünü güllə ilə vuraraq intihar etdiyi düşünülür.

Pole Jacek Dehnel-in ssenarisi əsasında çəkilmiş filmdə hadisələr Van Gogh-un bir neçə əsərində gördüyümüz, Arldan olan poçtalyonun oğlu Armand Roulin-ın ətrafında cərəyan edir.

Van Gogh-un intihar etdiyinə şübhə edən Armand rəssamın ölümü ilə bağlı daha çox məlumat əldə etmək üçün Parisə yola düşür.

Tez-tez ruhi xəstəlik tutmalarından əziyyət çəkən rəssamın öləndə cəmi 37 yaşı olub. Belə tutmalardan biri nəticəsində onun sol qulağının bir hissəsini kəsməsi hamının bildiyi hekayədir.

Artıq dünyada beş milyon adam «Sevgiylə, Vinsent»i kinoteatrlarda görüb.

Filmin yaradıcıları növbəti layihələri barədə düşünürlər. Yeni filmin ispan rəssamı Francisco Goya-nın əsərləri əsasında çəkilmiş qorxu filmi olacağı deyilir.

XS
SM
MD
LG