Noyabrın 29-da Londonda bir qadın və bir kişinin ölümü ilə nəticələnmiş terror hücumunu törədən şəxsin kimliyi açıqlanıb.
28 yaşlı Usman Khan bundan əvvəl əl-Qaeda ekstremist islamçı təşkilatından “ilhamlanan” bomba qəsdində iştirakına görə məhkum edilib. Bu bomba hücumunun hədəfi London birjası olmalı idi.
Onun bu yaxınlarda şərti azadlığa buraxıldığı deyilir.
O ayağına polis tərəfindən bağlanmış elektron sensorla gəzməsinə baxmayaraq noyabrın 29-da terror hücumu törədə bilib.
The Guardian yazır ki, siyasi partiyalar Londonda baş vermiş bu terror aktı ilə əlaqədar noyabrın 30-da heç bir seçki kampaniyası aparmayacaqlarını bildiriblər.
***
Londonun mərkəzində baş vermiş hücumda iki nəfərin öldüyü təsdiqlənib.
Onların hücum edənin bıçaq yaralarından öldüyü xəbər verilir.
Polis hücum edən şəxsi güllələyərək öldürüb. Daha bir neçə nəfərin yaralandığı məlumdur.
Hadisə yerində ölən şübhəlin əynində saxta partladıcı jiletin olduğu söylənir.
Sosial mediada yayılmış videolarada yoldan keçənlərin şübhəlini yerə yıxıb saxlamağa çalışdıqları görünür.
Bundan sonra yaxınlaşan polis zabiti adamlardan kənara çəkilmələrini istəyir və atəş açır.
***
Bundan əvvəl Britaniya polisi Londonda bir neçə nəfərin yaralandığını, bir nəfərin isə güllə ilə vurulduqdan sonra saxlandığını xəbər vermişdi.
Polis hadisənin terrorla bağlı ola biləcəyini deyib.
Polis bildirir ki, əvvəlcə yerli vaxtla gündüz saat 14.00 radələrində şəhərin London Bridge metro stansiyasının yaxınlığında iki nəfərin bıçaqlanması ilə bağlı çağırış alıb.
Reuters agentliyi bildirir ki, bu insidentin ardınca polis bir nəfəri güllə ilə vurub.
Hakimiyyət orqanları London Bridge metro stansiyasını və yaxınlıqdakı dəmiryolu stansiyaını bağlayıb.
London Bridge körpüsü üzərinə nəqliyyat tıxacının yarandığı xəbər verilir.
Britaniyanın baş naziri Boris Johnson hadisənin gedişatını izlədiyini yazır:
İki il bundan əvvəl, eyni yerdə avtofurqon piyadaların üstünə sürülmüş və burada bıçaqlanmalar olmuşdu. O hücum nəticəsində 8 nəfər ölmüş, 48 nəfər xəsarət almışdı.
Bu ayın əvvəllərində Britaniya hökuməti ölkədəki terror təhlükəsi səviyyəsini “kəskin” şkalasından “əhəmiyyətli” şkalasına endirmişdi.