Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:32

Londonda Azərbaycan səfirliyinə hücum olub


Azərbaycanın Londondakı səfirliyi avqustun 4-də
Azərbaycanın Londondakı səfirliyi avqustun 4-də

Məlumata görə, səfirlik Londonda mənzillənmiş şiə radikal qruplaşmasının hücumuna məruz qalıb.

Böyük Britaniya səfirliyinin vəkili Azərbaycan XİN-ə çağırılıb

Bugün, avqustun 5-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir gün öncə, avqustun 4-də Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrupun törətdiyi hücumla bağlı Britaniya müvəqqəti işlər vəkilinə etiraz bildirilib:

“Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.”

Məlumata görə, baş vermiş hadisə ilə bağlı hərtərəfli istintaq araşdırmasının aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi istənib:

“Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib.”

Azərbaycan XİN-in bu açıqlamasına, hələlik, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

***

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olduğu xəbər verilir.

Bugün, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olduğu bildirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfirlik “bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.”

Açıqlamaya görə, onlar səfirliyin binasına daxil olaraq eyvanda dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər:

“Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.”

XİN qeyd edir ki, Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Hələlik, məsələ ilə bağlı Böyük Britaniya hüquq-mühafizə orqanları ilə danışmaq mümkün olmayıb.

Britaniya mətbuatı hadisənin bəzi təfərrüatlarını yazır.

Şiə müsəlman təşkilatı

Londonda çıxan Metro qəzeti yazır ki, sosial media şəbəkələrində Azərbaycanın Londondakı səfirliyinin balkonunda bayraq yelləyən adamların foto və videoları yayılıb.

Bu da xəbər verilir ki, hücum edənlər səfirlik binasının divarlarında ərəbcə şüarlar yazmış və Azərbaycan bayrağını endirmişlər.

Xəbərdə deyilir ki, bu aksiyanın arxasında duran motivlər bilinmir, lakin aksiyaya Xoddam əl-Mehdi (Mehdinin xidmətçiləri) İttifaqı təşkilatının üzvləri başçılıq ediblər.

Londonda mənzillənıən bu şiə təşkilatının saytında bildirilir ki, onun davamçıları “sivilizasiya üzərində hegemonluq” əldə etməyə çalışırlar.

Metro yazır ki, Britaniya bu ilin əvvəllərində təşkilatın başçısı Yasser əl-Həbibin ziddiyyətli “Səmalar xatunu” (The Lady of Heaven) filminin nümayişini qadağan edib.

Buna səbəb Britaniyadakı sünni müsəlmanların etirazları idi.

İlham Əliyevə qarşı çağırış

Xəbərdə deyilir ki, qrupun bəzi üzvləri Azərbaycan hökumətinin ölkədəki bir sıra şiə müsəlmanı təqib etdiyini deyiblər.

Qrup başçısının bəyanatında Azərbaycan prezidenti İlham Əliyevə qarşı “təcili hərəkət edilməsinə” çağırış edilir.

Bu da qeyd olunur ki, əl-Həbib vətəni Küveytdən qaçdıqdan sonra Britaniyada sığınacaq alıb və Bukingemşirdə bir məscidə başçılıq edir.

İranın Londondakı səfirliyi 2018-ci ildə qrupu onun binasına hücumda ittiham etmişdi.

Metro yazır ki, London polisi avqustun 4-də “mülkiyyətə cinayətkar müdaxilə və ziyan vurulması” şübhəlisi kimi 8 nəfəri həbs edib.

Səfirlik fəaliyyətini davam etdirir

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikalların hücumu qəbuledilməzdir.

Bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov özünün tviter hesabında bildirib.

Diplomat yazıb:

“Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Mən hazırda Bakıdayam. Təhdidlərə baxmayaraq, həmkarlarımızın təhlükəsizlikdə olduqlarını görməkdən məmnunam”.

Səfir, həmçinin vurğulayıb ki, səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşların təhlükəsizliyi əsas prioritetdir:

“Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG