Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:26

Liviya Rusiya muzdlularını kimyəvi silah işlətməkdə ittiham edir


Liviya hökumət qoşunlarının döyüşçüləri
Liviya hökumət qoşunlarının döyüşçüləri

Liviyanın Milli Barışıq Hökuməti Rusiyanın Vaqner özəl hərbi şirkətinin qiyamçı general Khalifa Haftarın tərəfində döyüşən muzdlu əsgərlərini sinir sistemini iflic edən qazdan istifadə etməkdə ittiham edib.

Bu barədə məlumatı Libya Express və Lybia Observer saytları verir.

Liviya daxili işlər naziri Fathi Bashaga aprelin 23-də Tripolidə keçirilən mətbuat konfransında deyib ki, Vaqner qrupuna bağlı səfərbərlər paytaxtın cənubundakı Salahəddin rayonunda Liviya hökumət qoşunlarının birliklərinə qarşı əsəb-sinir qazından istifadə ediblər.

Nazirin sözlərinə görə, hökumət qoşunlarının bir neçə əsgəri kimyəvi silahdan iflic vəziyyətinə düşdükdən sonra snayperlər tərəfindən güllələnib.

Bashaga deyib ki, bunu yalnız Rusiya muzdluları edə bilərdilər.

Nazir hadisənin dəqiq nə zaman və harda baş verdiyini deməyib.

Bundan bir neçə gün əvvəl MBH-nin hərbi qüvvələri Tripoli yaxınlığında Haftarın birləşmələrinə qarşı şiddətli döyüşlər aparmışdı.

Aprel ayı ərzində hökumət qoşunları Haftarın nəzarətində olan Sabrata və Surman şəhərlərini geri ala bilib.

Bu bölgədəki neft-qaz kompleksindən İtaliyaya enerji nəql olunur.

Misir-Kanada fotojurnalisti Amru Salahuddin Twitter hesabından yazıb ki, MBH-nin bir neçə əsgəri ilə rastlaşıb. Onlarda güllə yarası olmasa da, əsgərlər epilepsiyada olduğuna bənzər titrəyir və ürəkbulanması keçirirdilər.

Ötən payızda bir sıra media xəbərlərində deyilirdi ki, Rusiyanın Vaqner şirkətinin muzdluları general Haftara tabe Liviya Milli Ordusunun (LMO) tərəfində döyüşlərdə iştirak edir.

Bloomberg xəbər verir ki, son döyüşlərdə bir neçə rusiyalı həlak olub.

Liviyada həlak olduğu deyilən Gleb Zverevin Rusiyadakı məzarı
Liviyada həlak olduğu deyilən Gleb Zverevin Rusiyadakı məzarı

2011-ci ildə polkovnik Muammar Ghaddafy öldürüldükdən sonra Liviyada vahid mərkəzi hakimiyyət yoxdur.

Paytaxt Tripolidə mənzillənən və BMT və əksər Qərb ölkələri tərəfindən tanınan baş nazir Faez Sarajın Milli Barışıq Hökuməti və general Khalifa Haftarın qoşunları arasında döyüşlər davam edir.

Haftarın “hökuməti” ölkənin qərbindəki Tobruk şəhərində yerləşib.

Current Time yazır ki, Rusiya prezidenti Vladimir Putinin “aşpazı” kimi tanınan oliqarx Yevgeny Prigozhin ötən ilin noyabrında Moskvada Rusiya müdafiə naziri Sergey Shoigu və general Khalifa Haftar arasında keçirilən rəsmi danışıqlarda iştirak edirdi.

Yevgeny Prigozhin (sağdan ikinci) Shoigu və Haftar arasında keçirilən rəsmi danışıqda
Yevgeny Prigozhin (sağdan ikinci) Shoigu və Haftar arasında keçirilən rəsmi danışıqda

Vaqner şirkətinin məhz bu biznesmənə məxsus olması məlumdur.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu ilin yanvarında Putin Liviyadakı hərbi əməliyyatlarda Rusiya vətəndaşlarının iştirakını istisna etmədiyini demişdi.

Amma o əlavə etmişdi ki, bu şəxslər Rusiya dövlətini təmsil etmir və ondan maaş almırlar.

XS
SM
MD
LG