Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Tripoli uğrunda döyüşlər qızışır


Khalifa Haftar-ın döyüşçüləri
Khalifa Haftar-ın döyüşçüləri

Liviyanın paytaxtı Tripoli uğrunda döyüşlər qızışır. Beynəlxalq ictimaiyyət isə əməliyyatların dərhal dayandırılmasına çağırır.

Aprelin 4-də döyüş başlanandan 30-dan çox adam öldürülüb.

BMT aprelin 8-də bildirib ki, toqquşmalar nəticəsində 2 min 800-dən çox adam evindən didərgin düşüb, daha çox adamın yerindən-yurdundan qaçması gözlənir.

BMT, ABŞ, Avropa İttifaqı və Rusiya tərəfləri atəşkəsə, siyasi danışıqlara qayıtmağa çağırıb.

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini aprelin 8-də tərəfləri “humanitar atəşkəs”ə, “hərbi əməliyyatdan çəkinməyə, siyasi yola qayıtmağa” səsləyib.

Kremlin sözçüsü Dmitry Peskov aprelin 8-də deyib ki, Moskva “bütün tərəfləri döyüşdə qan axıdılmasına, dinc sakinlərin ölümünə səbəb olacaq hərəkətlərdən çəkinməyə” çağırır.

Khalifa Haftar-a qarşı çıxan qruplaşma üzvü
Khalifa Haftar-a qarşı çıxan qruplaşma üzvü


***

Haftarı döyüşü dayandırmağa çağırırlar

Birləşmiş Ştatlar Liviya paytaxtı Tripoli yaxınlığında gedən döyüşdən “dərin narahatlıq” bildirib, Khalifa Haftar-ın Liviya Milli Ordusunu paytaxta qarşı hücumu “dərhal dayandırmağa” çağırıb.

“Khalifa Haftar qüvvələrinin hərbi hücumuna qarşı çıxdığımızı aydın şəkildə bildirmişik və Liviya paytaxtı üzərinə hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”, – ABŞ-ın Dövlət katibi Mike Pompeo aprelin 7-də Vaşinqtondan verdiyi bəyanatda deyib.

Liviyanın BMT-nin dəstəklədiyi hökumətinin Səhiyyə Nazirliyinin bildirməsinə görə, aprelin 7-də Tripolinin cənubunda döyüş zamanı 11 nəfər öldürülüb, 23 nəfər yaralanıb. Döyüş hökumət qüvvələri ilə Haftar ordusu arasında gedir.

Nazirlik ölənlərin dinc sakinlər, yaxud döyüşçülər olduğunu açıqlamayıb.

APRELİN 4-DƏN AZI 23 NƏFƏR HƏLAK OLUB

Daha öncə isə Tripolidəki hökumət bildirmişdi ki, aprelin 4-dən paytaxt ətrafında döyüş başlanandan hər iki tərəfdən azı 23 nəfər öldürülüb, 27 nəfər yaralanıb.

Liviyanın BMT-nin dəstəklədiyi hökumətinin hərbçiləri
Liviyanın BMT-nin dəstəklədiyi hökumətinin hərbçiləri

Haftar qüvvələrinin aprelin 7-də bildirməsinə görə, onlar paytaxtın cənubunda yerləşən Tripoli aeroportuna raket zərbəsi endiriblər.

BMT-nin atəşkəs çağırışına baxmayaraq, döyüşlər daha da qızışır.

Beynəlxalq ictimaiyyətin tanıdığı Baş nazir Fayez Serraj aprelin 7-də bildirib ki, “Liviyanın bütün şəhərlərini təcavüzkarlardan və qanunsuz qüvvələrdən təmizləmək” üçün Haftar döyüşçülərinə qarşı “Qəzəb Vulkanı Əməliyyatı” adlı əks-hücum başlanıb.

Haftarın əsas havadarı olan Rusiya aprelin 7-də BMT Təhlükəsizlik Şurasının durumla bağlı bəyanatının qarşısını alıb. Bəyanat Pompeo-nun dedikləri ilə səsləşirdi, “Liviyada sülh və təhlükəsizliyə zərbə vuranları məsuliyyətə cəlb etməyə çağırırdı”, – “Frans Pres” agentliyi bildirir.

Liviyanın hökumət qüvvələri
Liviyanın hökumət qüvvələri

Moskva təkid edib ki, bəyanat Liviyanın bütün qüvvələrini döyüşü dayandırmağa çağırsın, amma Birləşmiş Ştatlar buna qarşı çıxıb. Məlumatı Frans Pres-ə Təhlükəsizlik Şurasındakı diplomatlar verib.

***

ABŞ Liviyadakı qüvvələrini müvəqqəti çıxarır

Afrikadakı ABŞ qüvvələrinin komandanlığı Liviyadakı qüvvələrinin bu ölkədən müvəqqəti çıxarılacaçını bəyan edib.

Bəyanat Liviyada gedən hərbi əməliyyatlar fonunda verilir.

Keçmiş Liviya lideri Gaddafinin vaxtilə müttəfiqi olmuş Khalifa Haftar-ın qoşunları hazırda Tripoli hava limanını ələ keçirməyə cəhd göstərir.

​Haftarın ordusu aprelin 4-dən paytaxt Liviya üzərinə hücuma keçdiyini elan edib.

Amma Liviyadan çıxarılacaq ABŞ qüvvələrinin sayı və ya onların hansı ölkəyə çıxarılacağı barədə məlumat verilmir.

Regiondakı ABŞ qüvvələrinin komandanı general Tomas Voldhauzer qeyd edib ki, ölkədə çətin və ağılagəlməz vəziyyət müşahidə olunur.

75 yaşlı Khalifa Haftar hökumətin nəzarətində olmayan Milli ordunun komandanıdır.

Vaxtilə keçmiş dikdator Muammar Qaddafi-nin müttəfiqi olan Haftar 80-ci illərin sonlarında müxalifətə keçib və dikdator devrilərkən yenidən ölkəyə dönüb.

Qaddafi rejimi devrildikdən sonra müxalifət parçalanıb və Haftar bundan əvvəl bir çox dünya ölkəsi tərəfindən tanınan Məclisi dəstəkləyib.

Tripoli həmin vaxtdan bu yana BMT və beynəlxalq aləmin iştirakı ilə yaradılmış Milli Birlik Hökumətinin nəzarətindədir.

Khalifa Haftar və Rusiyanın xarici işlər naziri Sergei lavrov, Moskva 14 avqust ,2017
Khalifa Haftar və Rusiyanın xarici işlər naziri Sergei lavrov, Moskva 14 avqust ,2017

BBC-nin məlumatına görə, Liviya hökumətinin başçısı Faiz Saraj general Haftarı satqınçılıqda və dövlət çevrilişinin təşkilində ittiham edir.

“Böyük 7-lər” ölkələri və BMT martin 6-da Haftarı hücumu dayandırmağa çağırıblar.

Khalifa Haftar vaxtilə Moskvada təhsil alıb və son vaxtlar dəfələrlə Rusiyada olub.

Güman edilir ki, Rusiya hakimiyyəti və “CVK Vagner” adlı yarım hərbi Rusiya təşkilatı Haftarın ordusuna dəstək verir.

Buna da bax: Liviyanın neft feldmarşalını Moskvayla nə birləşdirir?

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG