Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Beyrut partlayışı qurbanlarının sayı 135-ə yüksəldi (VIDEO)


Partlayış
Partlayış

Livan paytaxtında avqustun 4-də baş vermiş partlayışdan ölənlərin sayı 135-ə çatıb.

Ölüm artımı uçmuş binaların xarabalıqlarından tapılanlara görə baş verib.

Livanın səhiyyə naziri avqustun 5-də yerli telekanallara deyib ki, partlayış zamanı 5000 nəfər xəsarət alıb.

O əlavə edib ki, onlarca insan hələ də itkin sayılır.

***

Livanın paytaxtı Beyrutda baş vermiş iki partlayışda azı 100 nəfərin öldüyü, minlərlə insanın yaralandığı xəbər verilir. Hökumət fəlakətin baş verdiyini elan edib.

Livan Qırmızı Xaç Komitəsinin başçısı George Kettaneh avqustun 5-də yerli telekanallara deyib ki, qurum səhiyyə nazirliyi ilə koordinasiyalı şəkildə qurbanların morqlara aparılmasına çalışır, çünki xəstəxanalar dolub.

Dağıntılar altında hələ də qalanlar var deyə, ölü sayının artacağı gözlənir.

ABŞ Prezidenti Donald Trump partlayışın hücum ola biləcəyini söyləyib. O, bəzi generallarla görüşdüyünü, onların da belə düşündüyünü söyləyib. “Bu, istehsal prosesi partlayışına oxşamırdı. Bu, nəsə bombaya oxşayırdı”, – Trump mətbuat konfransında deyib.

İsrailin Xarici işlər naziri Gabi Ashkenazi ölkəsinin bu partlayışda rolu olmasına dair spekulyasiyanı rədd etməyə çalışıb. “Beyrutdan gələn xəbərlərə inanmamağa əsas görmürəm”, – o, Livan rəsmilərinin bəyanatlarına işarə vuraraq deyib.

İsraillə Beyrutun münasibətləri yoxdur və bu partlayış Livanın cənub sərhədi boyunca və Suriyada İsraillə Hizballah qruplaşması arasında gərginliyin artdığı dönəmdə baş verib.

***

Avqustun 4-də Beyrutda baş vermiş güclü partlayış nəticəsində azı 78 nəfərin həlak olduğu və 4 minədək insanın xəsarət aldığı xəbər verilir.

Livanın daxili işlər naziri Mohammed Fahmi bildirib ki, ilkin məlumata görə partlayış illər öncəsi müsadirə edilmiş və güclü partladıcılıq qabiliyyəti olan materialların limandakı anbarında baş verib.

Yerli telekanallar həm də fişəng anbarının partladığını bildirirlər.

Livanın baş naziri Hassan Diab hadisəni “böyük fəlakət” adlandırıb və deyib ki, hadisə üçün məsuliyyət daşıyanlar cəzalandırılacaq.

Yüzlərlə insan xəstəxanalara aparılıb və hələ də dağıntılar altında qalanlar var. Xəstəxanalarda yer qıtlığının olduğu bildirilir.

Diab xarici ölkələri Beyruta dəstək verməyə çağırıb.

ABŞ Dövlət Departamenti bildirib ki, vəziyyət barədə xəbərləri diqqətlə izləyir və lazımi yardım göstərilməsinə hazırdır.

Reuters agentliyi xəbər verir ki, Fransa və İsrail də humanitar yardım göstərəcəklərini bildiriblər.

Ölkənin təhlükəsizlik naziri söhbətin ammonium nitrat maddəsindən getdiyini bildirib.

Müxbirlər bildirirlər ki, partlayış Livanın cənunbundakı Hizbullah qüvvələri ilə İsrail arasında gərginlik yaşandığı bir vaxta təsadüf edib.

***

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş çox güclü partlayış nəticəsində onlarca insanın həlak olduğu, yüzlərlə insanın xəsarət aldığı xəbər verilir.

Şəhər qubernatoru bu partlayışı nüvə partlayışı ilə müqayisə edib. O bildirib ki, partlayışın səsi 200 kilometr aralıda olan Kipr adasında eşidilib.

Partlayış Bakı vaxtı ilə təqribən saat 18 radələrində baş verib. Partlayış dalğası diametri 10 kilometr olan ərazidə binaları dağıntıya məruz qoyub.

Bu dağıntıların şəhərin yarısını əhatə etdiyi xəbər verilir.

Bu da xəbər verilir ki, Beyrutun xəstəxanalarında yaralı sayının çoxluğuna görə gərginlik yaranıb.

Livan səhiyyə naziri Hamad Hasanın dediyinə görə söhbət yüzlərlə yaralıdan gedir.

Rəsmi məlumata görə ölənlərin sayı 25 nəfərə çatıb. Bu rəqəmin yüksələcəyi gözlənilir.

Livanın baş naziri Hasan Diab bəyan edib ki, avqustun 5-i partlayışda həlak olanlar üçün matəm günü olacaq.

Müxtəlif versiyalar

AzadlıqRadiosu xəbər verir ki, faciənin səbəbi müsadirə olunmuş silahların saxlandığı anbarda baş vermiş partlayış ola bilərdi. Bundan əvvəl partlayışın pirotexnika anbarında baş verdiyi bildirilirdi.

Bunun ardınca partlayışın Livan Hizbullahının sursat anbarında baş verdiyinə dair xəbərlər də yayılıb. Lakin Hizbullah nümayəndələri bildiriblər ki, bu xəbərlər həqiqətə uyğun deyil.

Hizbuillahı terrorçu təşkilat hesab edən İsrailin təhlükəsizlik xidmətləri bildiriblər ki, onların ölkəsi Beyruta zərbə endirməyib.

Bu barədə məlumatı habelə İsrailin xarici işlər naziri Gaby Ashkenazi də təsdiqləyib.

Partlayışın mümkün siyasi izləri

BBC və bir sıra başqa xəbər agentlikləri qeyd edirlər ki, partlayışın ərəfəsində şəhərdə böyük gərginlik yaşanırdı.

BMT tribunalı bu cümə günü 2005-ci ildə bomba partlayışı ilə öldürülmüş baş nazir Rafik Haririnin işi üzrə hökmü elan etməlidir.

Haririnin ölümündə şübhəli bilinən qüvvələrin arasında şiə Hizbullahın da adı çəkilir. Haririnin özü sünni Müstəqbəl partiyasının lideri idi.

Vəziyyəti qəlizləşdirən budur ki, partlayışda Kataib xristian partiyasının baş katibi Nazar Nadzharian da həlak olub.

Kataib Hizbullahın siyasi rəqibidir və bu iki partiya arasında qarşıdurma əvvəllər ölkədə siyasi böhranlar yaradıb.

***

Livanın NNA dövlət xəbər agentliyi və təhlükəsizlik xidmətlərindəki iki mənbə bildirirlər ki, Beyrut dəniz limanında partlayıcı maddələr saxlanan anbarda güclü partlayış baş verib.

Bu anbarlarda məhz hansı partlayıcıların saxlandığı məlum deyil. Rəsmilər və səhiyyə nümayəndələri partlayışdan ölənlərin on nəfərdən az olmadığını bildirirlər.

Dəniz limanında və ona bitişik ərazidə böyük dağıntılar olub. Bəzi küçələrdə binalar uçub və avtomobillər aşıb.

Şəhərdə nəqliyyatın hərəkəti dayanıb və telefon rabitəsi kəsilib.

Hadisənin videosundan iki güclü partlayışın baş verdiyi anlaşılır. Əslində ikinci partlayışı birinci partlayışın göbələkvari tüstüsünü çəkən kameralar qeyd edib.

CNN-nin Beyrutdakı müxbiri deyib ki, o indiyədək bir çox hərbi münaqişələri işıqlandırıb, amma bu gücdə partlayışın ilk dəfədir şahidi olur.

Pəncərə şüşələrinin qırıntıları kilometrlərlə məsafəyə səpələnib. Şahidlər bildirirlər ki, partlayış böyük zəlzələni xatırladırdı.

Yanğınsöndürənlər partlayış yerində
Yanğınsöndürənlər partlayış yerində

Livanın paytaxtı Beyrut yarımadada yerləşir və ölkənin Aralıq dənizindəki ən böyük portudur.

Şəhər əhalisinin sayı 300 minlə 2 milyon arasında təxmin edilir.

Son 90 ildə şəhərdə əhalinin siyahıya alınması aparılmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG