Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:56

Litva da Lepsin ölkəyə daxil olmasını qadağan edir


Grigory Leps
Grigory Leps

Məşhur Rusiya müğənnisi Grigory Leps Litvada arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bu o deməkdir ki, Lepsin bu ölkəyə səfərlərinə qadağan qoyulub.

Bundan əvvəl müğənninin Britaniya və Birləşmiş Ştatlara girişi qadağan edilib.

ABŞ-da Lepsin adı Maliyyə Nazirliyinin “qara siyahısına” 2013-cü ildə salınıb.

ABŞ onu “Bratski Kruq” adlı beynəlxalq kriminal dəstə ilə əlaqələrdə şübhəli şəxs hesab edir. Əsas fəaliyyəti narkotiklərin nəqli olduğu deyilən belə bir qrupun ümumiyyətlə mövcudluğunu heç də hamı qəbul etmir.

Lepsin habelə İsrailə girişi qadağan olunub.

Son illərdə Krımın ilhaqına və Ukraynanın şərqindəki rusiyayönlü separatçılara verdiyi dəstəyə görə Leps Ukraynada da qadağandır.

Müğənninin Litvaya səfərləri isə Magnitsky Qanununun tətbiqi ilə qadağan edilib.

ABŞ-da və bir çox başqa ölkələrdə qəbul edilmiş bu qanun Hermitage Capital fondunun vəkili Sergey Magnitskinin şərəfinə belə adlandırılıb.

Magnitski Rusiyadakı təcridxanalardan birində vəfat edib. Bir sıra insan haqları müdafiəçiləri onun ölümünü müəmmalı sayırlar.

Magnitsky Rusiya elitasının ölkədən çıxardığı milyonlarla dollarla bağlı müəmmanın üzərinə işıq salmışdı.

Magnitsky qanunu əsasən Rusiyada, habelə bütün dünya boyunca insan haqlarının ən qəddar pozucularına tətbiq edilir. Bu şəxslərin həmin ölkələrə səfərləri qadağan olunur və əmlaklarına həbs qoyulur.

"Sanballı əsas"

Litva xarici işlər nazirinin müavini Darius Skusyavichyus deyib ki, “Lepsin adının ABŞ-da “qara siyahıda” olması bizim ölkəmizin də onun səfərlərinə qadağan qoyması üçün kifayət qədər tutarlı əsas sayılır”.

Leps son dəfə Litvada martın sonunda konsert verib.

Rusiyanın Vilnüsdəki səfirliyi bildirib ki, Lepslə əlaqədar yaranmış vəziyyəti müşahidə edir. O deyib ki, qadağan üçün gətirilən əsas “uydurmadır”.

Rusiya səfirliyi deyib ki, səfər qadağanı Lepsə tətbiq olunsa, onda Moskva da Litva sənət adamlarının Rusiyaya girişini qadağan etmək üçün “fantaziyasına” əl atmalı olacaq.

Bəyanatda bildirilir ki, Rusiyada da çox sayda litvalı müğənninin qastrolları olur.

Bir sıra Rusiya saytları yazır ki, Grigory Lepsə Qərbdəki mənfi münasibət həm də onun prezident Vladimir Putinlə yaxşı münasibətlərindən qaynaqlanır.

Milliyyətcə gürcü Leps tez-tez Azərbaycan paytaxtında konsertlər verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG