Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:03

Limon və toyuq yetişdirənlərə kredit verilmir


Toyuq
Toyuq

Özbəkistan bankları limon və toyuq yetişdirənlərə kredit verməyi dayandırıb. Maraqlıdır ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev yerli sakinlərə kənd təsərrüfatının məhz bu iki sahəsi ilə məşğul olmağı məsləhət görmüş, bunun onları varlandıracağına söz vermişdi.

Banklar dekabrdan toyuq və limon yetişdirməyə hazırlaşan kiçik müəssisələrə kredit verilişlərini dayandıracaqlarını elan ediblər. Fərqanə vilayətində bir mikrokredit bankının adının çəkilməsini istəməyən əməkdaşı AzadlıqRadiosunun (RFE/RL) özbək xidmətinə bildirib ki, belə layihələr qeyri-effektiv olduğundan dekabr ayı ərzində kommersiya bankları bu biznes növü ilə məşğul olanlara kredit verməyi dayandıracaq.

İdeyanı prezident verib

Əhaliyə toyuq və limon yetişdirmək ideyasını ölkə prezidenti Ş.Mirziyoyev verib. 2017-ci ilin yanvarında o, ölkə əhalisinə toyuq saxlamağı, martda isə istixanalarda limon yetişdirərək ixraca göndərməyi təklif edib. Ancaq bu layihələrin gerçəkləşməsi sual altında qalıb. Hərçənd, bir çox rayonların icra hakimiyyətləri Mirziyoyevin təklifini yerinə yetirmək üçün hər bir məktəbi və uşaq bağçasını limon şitilləri almağa məcbur edib. Ancaq ağacların çoxuna qulluq olunmadığından onlar çox tez tələf olub. Fərqanə vilayətində hər uşaq təhsil müəssisəsinə icbari qaydada 25 limon şitili aldırıblar. Ölkənin müxtəlif vilayətlərində uşaq bağçaları və məktəblərlə icbari müqavilələr bağlayaraq, onların hərəsinə ümumi dəyəri 250 min som (70 dollar) olan limon şitilləri satılıb. Özbəkistanın əksər məktəbləri üçün bu, çox böyük məbləğdir. Hətta iri şəhərlərdə də orta aylıq əməkhaqqı nadir hallarda 200 dollardan yüksək olur. Əyalətlərdə isə insanların qazancı bundan da aşağıdır.

«O limonlar bizə lazımdır?!»

O zaman uşaq bağçalarının əməkdaşları bu məbləği toplamaqdan ötrü uşaqların valideynlərinə müraciət etməli olduqlarını demişdilər. Sonradan bir çox müəssisələrdə limon ağaclarına qulluq etməyə adam tapılmamışdı.

«Bu bizim təşəbbüsümüz deyil. Heç o limonlar bizə lazımdır?! Bu, vilayət administrasiyasının əmridir. Onlar deyiblər ki, hər təhsil müəssisəsində limon bağları olmalıdır», – deyə rayonlardan birinin xalq təhsili şöbəsinin əməkdaşları bildirmişdilər.

Cizzak vilayətində yaşayan 27 yaşlı fermer radionun özbək xidmətinə deyib ki, onun yaşadığı rayonda bir çox aztəminatlı ailələrin əkdiyi limon ağacları baxımsızlıqdan xəstələnib və quruyaraq tələf olub.

Toyuq yetişdirməyə ilk dəfə başlamış təcrübəsiz quşçuların da aqibəti bunun kimi olub. Daşkənd Dövlət Baytarlıq Departamentinin əməkdaşı bildirib ki, bir çox yeni quşçular cücələrin infeksion bronxit xəstəliyinə tutulmasına hazır olmayıblar və bu xəstəliklə necə mübarizə aparacaqlarını bilməyiblər.

Pulsuz paylanan cücələr də tələf olub

«Banklar gəliri az olan ailələrə kredit verirdilər. Onlarsa bu pula əvvəllər quşçuluq fermalarında böyüyən cücələri satın alırdılar. Bu cücələrin çoxu ev şəraitinə öyrəşə bilmədiyindən tələf olub. Hökumətin pulsuz payladığı cücələr də tələf olub. Yaşadığım Zarbdar rayonunda ev təsərrüfatlarının biri də toyuqdan qazanc götürməyib. Limondan da qazanc götürməyiblər. İnsanlar limon yetişdirməyə çalışırdılar, ancaq tanıdığım səkkiz ev təsərrüfatında limonlar çox quru çıxmışdı: bizim Cizzakda torpaq çox şorandır», – İbrahimjon adlı fermer deyir.

Əhali üçün kredit müqavilələrinin hazırlanması ilə məşğul olan Urtaçirçik rayonunun administrasiyasının hüquqşünası etiraf edir ki, toyuq və limon işinə girişən adamların çoxu kreditlərini ödəyə bilməyib.

«Sitrus bitkilərinin, əsasən də limonun yetişdirilməsini tam reallaşdırmaq mümkün olmayıb. Hökumət bitkilərin xəstəlikləri ilə mübarizədə fermerlərə kömək göstərməyib. Limon yetişdirənlərin özlərininsə çox zaman bu iş üçün yetərincə təcrübəsi və bacarığı olmayıb. Nəticədə onlar kreditlərini qaytara bilməyiblər», – o deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG