Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Lift işi: '...puldan 270 min manat vergiyə ödəmişəm'


Lift
Lift

Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan «Bakı Lift Təmir-2» İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov külli miqdarda yeyintidə suçlanır. İddia olunur ki, Bakıda liftlərin təmirindən ötrü ayrılmış vəsaitlərin 1 milyona yaxını mənimsənilib. R.Dilanov da buna görə həbs olunub.

Ancaq o, özünü təqsirli bilmir. Deyir ki, ittihamda yazılanlar yalandır, onu nahaqdan həbs ediblər.

«Ayrılan vəsaitlər qəpiyinə qədər xərclənib. Smetadan kənar xərc olmayıb. Bizim idarəyə büdcədən vəsaitlər bank vasitəsilə köçürülürdü. Dövlətdən 985 min manat pul almışam. Bu pulun da 270 min manatını vergiyə ödəmişəm. Necə olur, mənə verilən 985 mini sayırlar, amma o puldan sosial müdafiəyə, müxtəlif növ vergilərə, işçilərin maaşına gedənləri çıxmırlar? Halbuki, bütün bu xərclər 985 min manatdan çıxılıb», – Dilanov yanvarın 29-da öz məhkəməsində ifadə verərkən deyib. Onun sözlərinə görə, vergi ödənişlərini təsdiqləyən sənədlər də var.

«Fəhlələrə ödənilən pullar rəsmiləşdirilmirdi...»

R.Dilanovun vaxtilə rəhbərlik etdiyi idarə indi onun işində zərərçəkmiş qismində tanınıb. Bu qurumun təmsilçisi də məhkəmədə Dilanovdan onun mənimsədiyi iddia olunan pulu tələb edir.

Hakimlərin sualına cavab verən nümayəndə deyib ki, idarəyə dəymiş ziyan ödənilməyib.

Dilanov da deyir ki, mənimsəmədiyi pulu ödəyə bilməz. Onun sözlərinə görə, liftlərin təmiri və quraşdırılmasında işləyən fəhlələrə ödənilən əməkhaqqı da nəzərə alınmayıb: «Fəhlələrə ödənilən pullar rəsmiləşdirilmirdi...».

İttihamda yazılıb ki, Bakıda binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün 1 milyon 835 min manat vəsait ayrılıb. Bu vəsaitin təxminən yarısı mənimsənilib. Büdcə vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmadığı, ticarətlə məşğul olan şəxslərə satıldığı iddia olunur. İttihamnaməyə görə, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

Cinayət işinin materiallarında yazılıb ki, R.Dilanov bu işləri tək görməyib, tabeliyində işləmiş şəxslərlə də əlbir olub. Amma o, məhkəmə önündə tək dayanıb. Ona qarşı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsində külli miqdarda mənimsəməyə görə 5 ildən 10 ilə qədər, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 3 ildən 7 ilə qədər, vəzifə saxtakarlığına görə isə 2 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG