Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:36

Lifti qırılan bina sakinləri: 'Faciə baş verməsə, tədbir görmürlər'


Lift
Lift

«Binamızdakı həm sərnişin, həm də yükdaşıma liftlərinə görə dəfələrlə müraciət etmişik. Gərək faciə baş verəydi, sonra əncam çəkəydilər».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki 16-mərtəbəli binanın sakinləri deyir.

«DÜZƏLDİR, GEDİR, YENƏ XARAB OLUR»

Avqustun 21-də binadakı liftin trosu qırılıb. Sakinlərin deməsinə görə, bu, yük liftidir. İçərisi adamla dolu kabinə şaxtaya düşüb.

Bina sakini Əli Əsgərov bundan əvvəl sakinlərin liftdəki nasazlığa görə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirir. Qurumdan onlara müraciətlərini Bakı Lift İdarəsinə ünvanlamaları tövsiyə olunub. Ancaq lift problemi yenə həllini tapmayıb: «Özümüz dəfələrlə pul toplayıb ora-burasını təmir etdirmişik. Lift ustası gəlir, deyir, «onu alın, bunu alın». Biz də pul toplayıb alıb veririk, düzəldir, gedir, az sonra yenə xarab olur».

«ADAMLAR MİNMƏYƏ QORXUR»

Bina sakini Əsmərxanım Hüseynovanın sözlərinə görə, hadisə baş verərkən liftdə 5 nəfər olub: «Yük liftidir. Hamısı xəstəxanalıq olub. Bu biri lift tez-tez xarab olur, adamlar minməyə qorxur. Səs-küyə çıxdıq, təcili yardıma zəng vurduq».

Yasamal rayon Polis İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, hazırda əraziyə nəzarət edən polis bölməsinin əməkdaşları hadisə yerindədir. Yaralılar xəstəxanaya aparılıb.

Yasamal rayon İcra Hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ünvandan liftin nasazlığı ilə bağlı əvvəllər heç bir şikayət daxil olmayıb.

XS
SM
MD
LG