Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:26

'Elə həkimlər var, 30 min maaş alırdı, rəsmi sənəddə az göstərilirdi'


Həkim.

Öz adını daşıyan klinikaya rəhbərlik edən xalq artisti Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş işçiləri onun özünü ittiham edirlər. Deyirlər ki, L.Şıxlinskaya onları şərləyib. Bu haqda onlar yanvarın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıblar.

Klinikanın 7 keçmiş işçisi – Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva Yelena Abdullayeva CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilir. Keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri mənimsəməkdə suçlayan Şıxlinskaya onların cinayət məsuliyyətinə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 manat da pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb.

Təqsirləndirilən şəxslər isə deyir ki, yalandır, onlar klinikanın pulunu mənimsəməyiblər, əksinə, Şıxlinskayanın özü vergidən yayınmaq üçün müxtəlif üsullara əl atıb. Keçmiş işçilərinin ifadələrinə görə, onların barəsində cinayət işi başlamazdan az öncə klinikada yoxlama olub, heç bir nöqsan aşkarlanmayıb. Hətta buna görə klinikanın rəhbəri onları mükafatlandırıb da.

«Leyla Şıxlinskaya dedi ki, «səni tutduracağam»»

«Leyla xanım onda bizə «premiya» verdi ki, yaxşı işləmisiz. Bir qədər sonra münasibətlərimiz pozuldu. Bir neçə dəfə işdən çıxmağım haqda ərizə yazdım, lakin Leyla Şıxlinskaya mənimlə barışdı. Sonda sənədlərimi kadrlar şöbəsinə verdim. Onda Şıxlinskaya mənə dedi ki, «səni tutduracağam». Dediyini də elədi. Bizdəki həkimlərin çoxu işdən xoşluqla ayrılmayıb. Çünki işdən ayrılmaq istəyəndə mütləq rəhbərlik problem yaradırdı», – klinikanın baş mühasibi olmuş Ş.Abbasova məhkəmədə belə deyib.

***Buna da bax-Xalq artisti keçmiş işçilərindən 804 min pul tələb edir

Onun sözlərinə görə, işdən çıxandan sonra klinikada yoxlama keçirilməsini tələb edib, amma Şıxlinskaya buna imkan verməyib: «Bir müddət keçəndən sonra gördük ki, işimiz «bandotdel»dədir».

Abbasova deyir ki, L.Şıxlinskaya hətta xarici ölkələrdə olanda da klinikanın işini, maliyyə məsələlərini nəzarətsiz qoymurdu, hər gün 5-10 dəfə zəng edib, hesabat istəyirdi: «Onun gözündən nəyinsə yayınması, yeyintiyə yol verilməsi mümkün deyildi».

Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya

«Şıxlinskaya göstəriş vermişdi ki, maaşı az göstərək»

Abbasovanın müavini olmuş P.Əliyev də bənzər ifadə verib. Söyləyib ki, L.Şıxlinskaya hər gün qeydiyyat şöbəsinə zəng edib, nə qədər pul olmasıyla maraqlanırdı, özü də kameralar vasitəsilə prosesi izləyirdi:

«Baş tibb bacısına zəng eləyib, palatalarda nə qədər xəstə olub-olmadığını soruşurdu. Bu cinayət işi başlananda adımı görüb təəccübləndim. Çünki bir qəpik də «yeməmişəm». İttiham aktında oxudum ki, Leyla xanım onun bir milyonunu qaytarmadığımızı deyib. Xahiş edirəm, vəkili ona çatdırsın, məgər biz onun bir milyonunu yemişik ki, qaytaraq da? Bizim klinikada elə həkimlərimiz var idi ki, 30 minə yaxın maaş alırdılar. Həmin pullar da «qara hesab»dan çıxarılıb, onlara ödənilirdi. Həmin həkimlərin rəsmi maaşı faktiki verildiyindən dəfələrlə az göstərilirdi. Belə olmasına da Leyla Şıxlinskaya özü göstəriş vermişdi. Bizə nə deyilirdisə, onu da eləyirdik. Başqa yolumuz yox idi, oradan çörək yeyirdik...».

***Buna da bax-'Leyla Şıxlinskaya'nın işçiləri məhkəmə qarşısında - 700 min manatlıq suçlama

L.Şıxlinskayanın qanunsuz əməllərinə dözməyib, işdən çıxmaq istədiyini, bu haqda ərizəsinin iki dəfə cırılıb atıldığını deyən P.Əliyev orada cəmi altı ay dözə bildiyini söyləyir.

Klinikada qeydiyyat şöbəsində işləmiş başqa bir təqsirləndirilən S.Qasımova deyir ki, qəbul edilən pullar qəbzlərlə birlikdə ya Nadejda Kaysa, ya da Günel Abbasovaya verilib. Amma o adamların heç biri məsuliyyətə cəlb olunmayıb.

Qeydiyyat şöbəsinin başqa bir əməkdaşı A.Hüseynova da bənzər ifadə verib. Əlavə edib ki, rəsmi maaşı 125 manat olsa da, faktiki daha çox alırdı: «Bizə «paket» də verilirdi. Əməkhaqqımız 500 manata gəlib çıxırdı».

Məhkəmə yanvarın 11-də davam edəcək.

Xatırlatma

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaq və məhkəmə dövrü üçün təqsirləndirilən şəxslərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində tanınan L.Şıxslinskayanın vəkili isə onların məhkəmə dövründə həbsdə saxlanması haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində klinikanın keçmiş işçiləri ilə bağlı araşdırma aparılarkən vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar cinayət işi ayrılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Vergidən yayındırıldığı iddia olunan məbləğin isə 2 milyon manatdan çox olduğu bildirilir.

L.Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını mediaya təsdiqləyib:

«Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG